Məhkəmə qərarları › İş №2-1(116)-3172/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3172/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3172/2024 09.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura komitəsinə qarşı “iddiaçıya məxsus Ucar şəhəri Oğuz küçəsi 33 ünvanında yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması və iddiaçıya məxsus qeyri-yaşayış binasının üzərində inşa olunan tikilinin sökülməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus Ucar şəhəri Oğuz küçəsi 33 ünvanında yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması və iddiaçıya məxsus qeyri-yaşayış binasının üzərində inşa olunan tikilinin sökülməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə İddiaçı xüsusi mülkiyyəti olan Ucar şəhəri, Oğuz küçəsi 33 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərində və həmin tikiliyə müdaxilə olunaraq başqa tikililər həyata keçirilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təsdiq etdiyi çıxarışa əsasən həqiqətən də sözügedən ünvanda onun mülkiyyətində ümumi sahəsi 76.7 kv metr olan qeyri-yaşayış binası vardır. X1 öz sahəsindən kənara çıxaraq, heç kimdən icazə almadan, mülkiyyətçinin razılığı olmadan iddiaçıya məxsus sahədə tikinti işləri aparmış, eyni zamanda ona aid olan qeyri-yaşayış sahəsinə bitişik qanunsuz tikili tikərək, oranı ambar kimi istifadə edir. Bu hərəkətlər onun hüquqlarını pozmaqla yanaşı təhlükəsizlik qaydalarına da uyğun deyil. Onu da bildirir ki, həmin şəxsin tikintisinə FHN-nin də heç bir icazəsi olmamışdır. Həmin tikililərə dair heç bir sənəd yoxdur. Bununla yanaşı X2 bildirir ki, iddiaçıya məxsus torpaq sahəsini Ucar Rayon İcra Hakimiyyəti tərəfindən alqı-satqı yolu ilə almışdır..Sözügedən şəxsin qanunsuz tikililərinin sökülməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, mövcud tələblə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir Cavabdeh iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. 904-1/1414 inventar nömrəli, xx.xx.2021-ci il tarixli texniki pasportun surətindən görünür ki, Ucar şəhəri, Oğuz küçəsi 33 ünvanında yerləşən qeyriyaşayış binasının hüquqi subyekti İddiaçıdur.

2. 2721010081 qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Ucar şəhəri, Oğuz küçəsi 33 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir.

Əsaslandırma hissəsi :

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növünə aiddir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkün sayılmamasına əsas olan halların iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi,müvafiq təkliflər verilməsi və hüquqi marağına uyğun hüquqi yardım göstərilməsi məqsədi ilə 09 oktyabr 2024-cü il tarixili məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı hissələrdən ibarətdir :

1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.

2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır. Lakin,iddiaçı iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir.Göründüyü kimi iddiaçı qeyd olunan məhkəmə iclaslarında iştirak edəcəyi halda ona hüquqi yardım göstərilməklə nail olmaq istədiyi hüquqi nəticə müəyyənləşdirilə,düzgün iddia tələbinin irəli sürülməsinə nail oluna bilərdi. İddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı iddiaçıya məxsus Ucar şəhəri Oğuz küçəsi 33 ünvanında yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması və iddiaçıya məxsus qeyri-yaşayış binasının üzərində inşa olunan tikilinin sökülməsi öhdəliyi cavabdehin üzərinə qoyulması olan müdaxilənin aradan qaldırılması və iddiaçıya məxsus tikilinin sökülməsindən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsində cavabdeh qismində inzibati orqan kimi Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura komitəsini göstərsə də, iddiaçının irəli sürdüyü tələb mülki xarakterlidir. Ümumiyyətlə iddiaçının cavabdeh qismində göstərdiyi orqana ilkin müraciəti mövcud deyildir.Bundan başqa həmin inzibati orqan hazırkı iddiaya cavab verməli olan inzibati orqan deyildir.Belə ki,iddia ərizəsinin məzmunundan görünür ki,hazırkı iddia tələbi mülkiyyət hüququnun pozulmasının qarşısının alınması ilə bağlıdır. Bu mənada iddiaçı hazırkı tələbi irəli sürərkən hüquqi marağına nail olmaq üçün əlverişli iddia növündən istifadə etməmişdir. İddiaçı məqsədinə nail olmaq üçün cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə həll etmək hüququ vardır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). Qeyd olunan Plenum qərarının 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12.). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17.) Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından və həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğundan işə inzibati qaydada baxılması inzibati prosessual qanunvericilik baxımından mümkün sayılmır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh olunanlara əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “iddiaçıya məxsus Ucar şəhəri Oğuz küçəsi 33 ünvanında yerləşən tikiliyə olan müdaxilənin aradan qaldırılması və iddiaçıya məxsus qeyri-yaşayış binasının üzərində inşa olunan tikilinin sökülməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apelyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar