Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-318/2021 15.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (üçüncü şəxs: DSMF publik hüquqi şəxsin Zaqatala rayon filialı) “xx xxxx 2007-ci il tarixdə doğulmuş qızı X2 “sağlamlıq imkanının məhdudluğu”nun müəyyən edilməsinə dair verilmiş xx.xx.2020-ci il tarixli (göndəriş:0256003AAJX9) rəydə “təyinat tarixi” qrafasında təyinatın tarixinin xx.xx.2019-cu il və yaxud da xx.xx.2016-cı il tarix yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (üçüncü şəxs: DSMF publik hüquqi şəxsin Zaqatala rayon filialı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx xxxx 2007-ci il tarixdə doğulmuş qızı X2 “sağlamlıq imkanının məhdudluğu”nun müəyyən edilməsinə dair verilmiş xx.xx.2020-ci il tarixli (göndəriş:0256003AAJX9) rəydə “təyinat tarixi” qrafasında təyinatın tarixinin xx.xx.2019-cu il və yaxud da xx.xx.2016-cı il tarix yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının xx xxxx 2007-ci il tarixdə X6 adında qızı doğulmuşdur. Uşaq anadangəlmə “uşaq serebral iflici, hiperkinetik forma, psixo fiziki inkişaf geriliyi” diaqnozu ilə xəstə doğulmuşdur. İddiaçı uşağı həkimə aparmış, komissiyalardan keçərək AR Əmək Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 16 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli sənədə əsasən “uşaq serebral iflici, hiperkinetik forma, psixo fiziki inkişaf geriliyi” dioqnozu ilə uşağa sağlamlıq imkanları məhdud və ya əlillik dərəcəsi alaraq pensiya təyin olunmuşdur. Növbəti müayinə xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Göstərilən tarixdə uşaq müayinəyə təqdim edilmiş, lakin heç bir əsaslı səbəb olmadan Dövlət Tibbi Sosial Ekspertizası işi süni maneələrlə uzadaraq nəticədə xx.xx.2020-ci il tarixdə uşağın "diplegik spastik serebral iflic, uşaq serebral iflici tetraparetik forma. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitq geriliyi" dioqnozu ilə uşağa sağlamlıq imkanları məhdud və ya əlillik dərəcəsi alaraq yenidən pensiya təyin olunmuşdur. Lakin buna baxmayaraq xx xxxxxx 2019-cu il tarixdə heç bir əsaslı səbəb olmadan uşağa ödənilmiş sosial müavinət və baxım pulu xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. İddiaçı bildirir ki, anadangəlmə sağlamlıq imkanı məhdud olan uşaq sosial müavinətin və baxım pulunun dayandırıldığı xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə sağlam olmamışdır. Həmin dövrdə də uşağın sağlamlıq imkanları məhdud olmuş və dövlət tərəfindən ödənilən sosial müavinət də davam etdirilməli idi. Cavabdeh orqan tərəfindən iddia tələbinə dair rəsmi münasibət (etiraz) təqdim edilməmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli ərizədə qeyd edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2007ci il tarixdə doğulmuş qızı X4 “sağlamlıq imkanının məhdudluğunun” müəyyən edilməsinə dair verilmiş xx.xx.2020-ci il tarixli rəydə “təyinat tarixi” qrafasında təyinatın tarixinin xx.xx.2019-cu il və yaxud da xx.xx.2016-cı il yazılması öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə üçüncü şəxs qismində AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon filialı cəlb edilmişdir. İddiaya qarşı bildirilir ki, icraatda olan iş üzrə iddia tələbi mümkünsüz sayılmalıdır. Belə ki, Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü maddəsində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı öz iddia ərizəsində əlilliyə görə müavinət alan qızı X2 “sağlamlıq imkanının məhdudluğunun” müəyyən edilməsinə dair verilmiş xx.xx.2020-ci il tarixli rəydə “təyinat tarixinin xx.xx.2019-cu il yazılması və o tarixdən sosial müvainət pulu və baxım pulunun ödənilməsini tələb etmişdir. İşin faktiki hallarına əsasən X6 xx.xx.2007-ci ildə anadan olmuşdur. Uşaq anadangəlmə xəstə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli sənədə əsasən “uşaq serebral iflici, hiperkinetik forma. psixo fiziki inkişaf geriliyi” diaqnozu ilə F.R.Əliyevaya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə sosial müavinət təyin olunmuşdur. Belə ki, müavinət 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" xx xxxxx 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən 2019-cu il aprelin 1-dən müavinət 150 manat məbləğində müəyyənləşdirilib. İddiaçı ərizəsində xx.xx.2019-cu ildə övladı F.R.Əliyevanın müayinədən təkrar keçdiyini, lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin xx.xx.2020-ci il tarixdə müəyyən olunduğunu və həmin müddətə qədər sosial müavinətin və baxım pulunun dayandırıldığını qeyd etmiş, 5 aya ödənilməli olduğunu düşündüyü 1000 manat (sağlamlıq imkanları məhdud uşaqlara təyin olunan 150 manat sosial müavinət məbləği və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü) məbləğinin geri ödənilməsini tələb etmişdir. Lakin iddia qanunvericiliyə əsasən mümkün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən əlilliyin müəyyən edilməsi elektron qaydada aparılır, yəni əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi- Sosial Ekspertiza və X5 (TSERAS) ötürülür. Bununla bağlı vətəndaş həmin göndərişin tərtib edilməsi üçün qeydiyyatda olduğu ver üzrə səhiyyə müəssisəsinə müraciət edir. Göndərişin aid olduğu şəxsə (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşa) dair elektron sənəddə həmçinin əks olunan, yəni göndərişi verən səhiyyə müəssisəsinin adını, onu təsdiq edən şəxslərin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar TSERAS tərəfindən adsızlaşdırılaraq şifrə verilir. Bundan sonra sistem tərəfindən göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə hər hansı TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir, habelə onun aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş verilir və əmək zəmanətinə dair məlumatlar müəyyənləşdirilir. Bu məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İş materiallarına əsasən iddiaçı övladının müayinəsi üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Xəstəxana tərəfindən birinci göndəriş xx.xx.2019-cu il tarixində əlilliyin qiymətləndirilməsi üçün TSEK-ə göndərilmiş lakin göndərişin Xəstəxana tərəfindən natamam doldurulması səbəbindən TSEK tərəfindən qiymətləndirilmə mümkün olmamış və imtina edilmişdir. Daha sonra Xəstəxana tərəfindən göndəriş (forma 88 №0256003AAJ7G) düzəldilərək yenidən xx.xx.2020-ci il tarixdə göndərilmiş və xx.xx.2020- ci il tarixində TSEK tərəfindən qərar qəbul edilərək təyinat aparılmışdır. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əlilliyin müəyyən olunması üçün səhiyyə müəssisə tərəfindən göndəriş ötürülməlidir. Göndəriş tarixi səhiyyə müəssisəsi tərəfindən müəyyən olunur və elektron qaydada ötürülmə həyata keçirilir. İş materiallarından da aydın görünür ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasından xx.xx.2019-cu il tarixində ötürülmüş göndəriş qüsurlu olduğundan TSEK tərəfindən imtina edilmiş qərar qəbul edilməmişdir. Daha sonra Xəstəxana həmin qüsurları aradan qaldıraraq xx.xx.2020-ci il tarixində göndərişi yenidən TSERAS-a ötürmüş və son göndəriş əsasında TSEK xx.xx.2021-ci il tarixində təyinat aparmışdır. Buradan aydın olduğu kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən heç bir qayda pozuntusuna yol verilməmiş göndəriş vaxtından 10 gün sonra əlilliyin təyin olunması üçün qərar qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan müddətdə müayinə göndərişinin düzgün, tam şəkildə doldurularaq ötürülməsi səhiyyə müəssisəsinin vəzifəsidir. Yuxarıda qeyd olunanlara əsasən hazırkı iddiaya münasibətdə ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cavabdeh kimi cavab verməli olan orqan deyildir. Məhkəmə iclasında iddiaçı qızına xx.xx.2020-ci il tarixdə əlillik təyin edilməsindən xəbərinin olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan üçüncü şəxsin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.2019-cu ilə kimi və xx.xx.2020-ci il tarixindən sağlamlıq imkanları məhdud uşağına görə 150 manat sosial müavinət və 50 manat baxım pulu alır. İş materiallarında olan iş üzrə üçüncü şəxsin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçının övladı X2 TSEK tərəfindən xx.xx.2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyindən ona xx.xx.2019-cu il tarixdən müavinətin ödənilməsi qanunla mümkün deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri İlkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosessual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırkı halda iddiaçının mübahisələndirdiyi akt barəsində məhkəməyə şikayət verilməmiş inzibati aktdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2020-ci il 24 yanvar tarixdə qəbul edilmiş və surəti iddiaçıya təqdim olunmuş, iddiaçı həmin vaxtdan sosial müavinət almışdır. Lakin iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (üçüncü şəxs: DSMF publik hüquqi şəxsin Zaqatala rayon filialı) “xx xxxx 2007-ci il tarixdə doğulmuş qızı X2 “sağlamlıq imkanının məhdudluğu”nun müəyyən edilməsinə dair verilmiş xx.xx.2020-ci il tarixli (göndəriş:0256003AAJX9) rəydə “təyinat tarixi” qrafasında təyinatın tarixinin xx.xx.2019-cu il və yaxud da xx.xx.2016-cı il tarix yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-318/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-318/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver