Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3185/2023 21.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı “iddiaçı barəsində tərtib edilmiş xx.xx.1991-ci il tarixli 1720 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adın “Qurbanəli”dən “Qurban”a düzəliş edilməsi və düzəlişə uyğun olaraq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “doğum haqqında akt qeydində adı yazılan qrafada “Qurban” kimi düzəliş edilməsi və təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “iddiaçı barəsində tərtib edilmiş xx.xx.1991-ci il tarixli 1720 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adın “Qurbanəli”dən “Qurban”a düzəliş edilməsi və düzəlişə uyğun olaraq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı xx.xx.1991-ci ildə anadan olmuşdur. ünvan 1 ünvanda daimi pasport qeydiyyatındadır və həmin ünvanda yaşayır. Hal-hazırda vərəsəlik işi ilə hağlı sənəd toplayır. Mərhum atasından qalan mirasın qəbulu faktı ilə bağlı sənədləşdirmə işləri apararkən Mingəçevir şəhər Qeydiyyat şöbəsinə müraciət edərək vərəsələrin dairəsini müəyyənləşdirmək və müvafiq arayış almaq istəyərkən Mingəçevir şəhər Qeydiyyat şöbəsində iddiaçının doğum haqqında akt qeydi nəzərdən keçirilmiş və uşaq haqqında məlumat qrafasında onun adının “Qurban" deyil, “Qurbanəli" kimi qeyd edildiyi müəyyən edilmişdir. Şəxsiyyət vəsiqəsində və digər əsas hüquqverən sənədlərində isə adı “Qurban" kimi qeyd edilmişdir. Bununla bağlı Mingəçevir şəhər Qeydiyyat şöbəsinə müraciət edərək, Doğum haqqında akt qeydində adı yazılan qrafada düzəliş edilərək “Qurban kimi" qeyd edilməsini və təkrar şəhadətnamənin verilməsini xahiş etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-16-5/7-13-1133/2023 nömrəli etirazında aşağıdakıları qeyd etmişdir: - Mingəçevir şəhər qeydiyyat şöbəsində xx.xx.1991-ci ildə tərtib edilmiş 1720 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən uşaq haqqında məlumat qrafasında adı "Qurban" deyil, “Qurbanəli” kimi qeyd edildiyi müəyyən edilmişdir. Vətəndaş İddiaçı şəxsiyyətini təsdiq edən sənəddə isə adı "Qurbanəli" deyil, "Qurban” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaları”ın 1-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmənin qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Beləliklə, vətəndaş İddiaçı doğum haqqında akt qeydi ilə şəxsiyyətini təsdiq edən sənəddə adında ziddiyyət olduğundan təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinin qanunamüvafiq qaydada həll edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli 3-16-5/8-İV-15-7/2023 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - XVİ-ЖГ 256917 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 xx.xx.1991-ci il tarixində anadan olmuşdur (doğum haqqında şəhadətnamədə adın sonluğunun pozulması müşahidə olunur). - xx.xx.1991-ci il tarixli 1720 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçıəli Mehman oğlu xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X2 Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş qeydiyyat kartasından görünür ki, X1 xx.xx.1991-ci il tarixdə anadan olmuş, xx.xx.2010-xx.xx.2012-ci illərdə hərbi xidmətdə olmuşdur. - xx.xx.2017-ci il tarixdə verilmiş, 0767 №-li diplomdan görünür ki, iddiaçının adı “Qurban” olaraq qeyd edilmişdir - AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının adı “Qurban” qeyd edilmişdir. - iddiaçı barəsində Əhalinin dövlət reyestrindən çıxarışdan görünür ki, ad qrafasında “Qurban” qeyd edilmişdir.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, xx.xx.1991-ci ildə doğulmuş, onun barəsində tərtib edilmiş xx.xx.1991-ci il tarixli 1720 nömrəli doğum haqqında akt qeydində adı “Qurbanəli” olaraq qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adına düzəliş edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasına istinad etmişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan iddiaçı barəsində mövcud olan “Əhalinin dövlət reyestri” məlumatlarında, AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində, hərbi xidmətinə dair qeydiyyat kartasında, o cümlədən xx.xx.2017-ci il tarixdə verilmiş, 0767 №-li diplomda adı “Qurban” olaraq qeyd edilmişdir. Odur ki, cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Mingəçevir Şəhər Qeydiyyat şöbəsinin üzərinə iddiaçı barəsində tərtib edilmiş xx.xx.1991-ci il tarixli 1720 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adın “Qurbanəli”dən “Qurban”a düzəliş edilməsi və düzəlişə uyğun olaraq doğum haqqında şəhadətnamənin iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.