Məhkəmə qərarları › İş №2-1(116)-319/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-319/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-319/2024 08.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-129/2023 saylı qətnaməsinə əsasən alqı-satqı müqaviləsinin bağlanmış hesab edildiyi A 246758 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 1177,52 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-129/2023 saylı qətnaməsinə əsasən iddiaçı ilə X3, X4, X7 və X6 arasında Zaqatala rayonu Muxax kəndində yerləşən, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş A246758 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,12 ha həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edildiyindən həmin torpaq həyətyanı torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində iddiaçının adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-129/2023 saylı qətnaməsinə əsasən alqısatqı müqaviləsinin bağlanmış hesab edildiyi A 246758 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 1177,52 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Zaqatala rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-129/2023 saylı qətnaməsinə əsasən İddiaçı ilə X3, X4, X7 və X6 arasında Zaqatala rayonu Muxax kəndində yerləşən, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 69 nömrəli qərarı ilə X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən təsdiq olunmuş A seriyalı 246758 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,12 ha (1177,52 kv.m) həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. O, sözügedən qətnamə əsasında torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq çıxarış almaq üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1905/2023 saylı imtina məktubu verərək, bildirmişdir ki, ərizəyə əlavə edilən Zaqatala rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-129/2023 saylı qətnaməsində Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1177 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi üzərinə öhdəlik qoyulmamışdır, eyni zamanda “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Cavabdehin imtinasını aldığı gündən bir ay vaxt keçməmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir, ona görə ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası hər bir şəxs üçün məcburi xarakter daşıyır. Alqı-satqı müqaviləsinin baglanması və bu halın məhkəmə qətnaməsi ilə öz təsdiqini tapması kifayət edir ki, alqısatqı obyekti alan şəxsin mülkiyyəti kimi DƏDR-də qeydiyyata alınsın. Qeyd etmişdir ki, notariusda alqı-satqı olunan əmlak DƏDR-də qeydiyyata alınır və alqı-satqı müqaviləsində cavabdehin üzərinə, yəni müqaviləni qeydiyyata alan orqanın üzərinə heç bir öhdəlik qoyulması barədə qeyd və şərtlər göstərilmir. Hesab edir ki, cavabdeh orqan məhkəmə qətnaməsinin icrasından qanunsuz olaraq imtina edir və onun bu hərəkəti onun hüquqlarını pozur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı Əhmədov X2 rayonu, Muxax kəndi ünvanında yerləşən 0,1177 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-129/2023 saylı qətnaməsində ünvan 1i ünvanında yerləşən 0,1177 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüququ şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi üzərinə öhdəlik qoyulmamışdır. Buna görə də onun ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-1905/2023 (**********05) nömrəli məktub ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-129/2023 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər X3, X4 X7 və X6 ilə İddiaçı arasında Zaqatala rayonu Muxax kəndində yerləşən, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarı ilə X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən təsdiq olunmuş A seriyalı 246758 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,12 ha (1177,52 kv.m) həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. - A 246758 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 69 saylı qərarına əsasən əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 1177,52 kv.metr torpaq sahəsi ilə bağlı X1 adına tərtib edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddia olunan 1177,52 kv.metr torpaq sahəsinin naturada sahəsi 0,1192 ha olmaqla İddiaçı tərəfindən istifadə edilir. Zaqatala rayon Aqrar islahat Komissiyasının xx.xx.1988-ci il tarixli 69 nömrəli qərarı ilə X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş A 246758 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən 1177,52 kv.metr torpaq sahəsi yaşayış məntəqələri torpaqları daxilində həyətyanı üçün nəzərdə tutulmuş fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış ərazidir, iddiaçının naturada istifadə etdiyi 0,1192 ha torpaq sahəsi A 246758 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1177,52 kv.m torpaq sahəsi ilə eyni ərazidə yerləşir. Torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İş materiallarında iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını istisna edən hər-hansı hal müəyyən edilmir. Sözügedən torpaq sahəsi yaşayış məntəqələri torpaqları daxilində həyətyanı üçün nəzərdə tutulmuş fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış ərazidir. Torpaq sahəsinin yerləşmə vəziyyəti və ölçüsü A 246758 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-129/2023 nömrəli qətnaməsi ilə X3 və digərləri ilə iddiaçı arasında sözügedən torpaq sahəsinə dair alqısatqı müqaviləsi bağlanmış hesab edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. İstinad edilən norma qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulmasını və ya həmin inzibati orqanın məhkəmə icraatının iştirakçısı olmasını şərt kimi təsbit etmir. Burada diqqət edilməli olan əsas məqam həmin məhkəmə qərarında şəxsin iddia etdiyi daşınmaz əmlak üzərində hüququn məhz həmin şəxsə məxsus olduğunun təsdiq edilib-edilmədiyidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3-cü maddələrinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır. Daşınmaz əmlakın dövlət reyestrində də, məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş hüquqlar qeydə alınmalıdır. Qeydiyyat orqanının bu hüququ qeyd almaq öhdəliyi isə bilavasitə qanundan irəli gəlir. Yəni, bu öhdəlik onun üzərinə qanunla qoyulub və o, bu öhdəliyi həmin qanunun tələbinə uyğun icra etməlidir. Göstərilənlərə əsasən sırf icraat iştirakçısı olmadığı və ya məhkəmə qərarının bilavasitə məhkəmə tərəfindən qeydiyyat orqanına təqdim olunmadığı, yaxud da məhkəmə qərarında qeydiyyat orqanının üzərinə konkret əmlak üzərində şəxsin hüququnun reyestrdə qeydə alınması barədə öhdəliyin birbaşa göstərilmədiyinə dair hallardan çıxış etməklə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina yolverilməzdir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İş materiallarından görünür ki, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı mütəxəssis rəyinin əldə edilməsi üçün iddiaçı tərəfindən cavabdeh orqanın hesabına 191 manat pul məbləği ödənilmişdir. “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasinin tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 2№-li Qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri təsdiq edilmişdir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinə əsasən yerquruluşu işləri işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Qanunun 22-ci maddəsinin 2-ci abzasına əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir. İstinad olunan maddi hüquq normalardan göründüyü kimi aparılan yerquruluşu işlərinin maliyyələşdirilməsi sifarişçilər tərəfindən həyata keçirildiyindən iş üzrə ödənilmiş 191 manat mütəxəssis xərci iddiaçıya aid edilməlidir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-129/2023 saylı qətnaməsinə əsasən alqı-satqı müqaviləsinin bağlanmış hesab edildiyi A 246758 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 1177,52 kv.metr həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. İş üzrə ödənilmiş prossesual xərclər iddiaçıya aid edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar