Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3190/2025 23.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “ona hakim vəzifəsindəki 16 il 6 ay 27 gün iş stajına uyğun olaraq son 24 aylıq əmək haqqlarının orta aylıq məbləğinin, əlavələr, xəstəliyə görə müalicə xərcləri, ödənilmiş məzuniyyət haqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiyalar da nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən 80% miqdarında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 30 iyul 2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə göndərərək, hakim vəzifəsindəki 16 il 06 ay 27 gün iş stajına uyğun olaraq son 5 il ərzində qazanılmış əmək haqqlarının ən yüksək məbləğləri əsas götürülərək orta aylıq məbləğinin, əlavələr, müavinət-maddi yardım, müalicə xərcləri, ödənilmiş məzuniyyət haqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiyalar da nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən 80 faizi miqdarında pensiya təyin olunmaqla, pensiya məbləğinin yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-3190/2025 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - O, xx.xx.2008-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hakim vəzifəsində çalışmış və ümumi hakimlik stajı 16 il 6 ay 27 gün təşkil etmişdir. O, hakim vəzifəsində olmanın son yaş həddinə – 65 yaşa çatdığına görə xx.xx.2025-ci ildə səlahiyyətlərinə xitam verilmişdir. Hakim vəzifəsində işlədiyi son illər ərzində ona ödənilmiş əməkhaqları barədə müvafiq dövlət orqanı tərəfindən verilmiş maliyyə arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən hakim vəzifəsində aldığı son 24 ayın orta aylıq əməkhaqlarının 54,50 faizi miqdarında pensiya təyin olunmuşdur. O, təyin edilmiş pensiyanın faiz məbləği ilə razılaşmayaraq 2025-ci ilin aprel ayında cavabdeh orqana rəsmi qaydada yazılı müraciət etmiş, hakim vəzifəsində aldığı son illər üzrə orta aylıq əməkhaqlarının, həmçinin əlavələrin və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiyaların nəzərə alınması ilə pensiya hüququnun yarandığı tarixdən 80 faiz məbləğində pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh orqanın müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan öz cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən həmin şəxs 30 dekabr 2005-ci ildən sonra hakim təyin edildiyinə görə ona orta aylıq əməkhaqqının 80 faizi miqdarında pensiya təyin olunması mümkün deyil. Göründüyü kimi, cavabdeh orqan verdiyi cavabda mövqeyini hərtərəfli və tam əsaslandırmamış, həmçinin bu kateqoriya mübahisələr ilə bağlı mövcud məhkəmə təcrübəsinin vahidliyini nəzərə almamışdır. Nəticədə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə uyğun olaraq hakim vəzifəsində aldığı son illər üzrə orta aylıq əməkhaqlarının 80 faizi miqdarında pensiya təyin olunması mümkün hesab edilməmişdir. Cavabdeh orqanın məktubunda göstərildiyi kimi, 16 il 6 ay 27 gün hakimlik stajına uyğun olaraq, vaxtilə çalışdığı vəzifə üzrə orta aylıq əməkhaqqı – 7881,00 manatın 54,50 faizi, yəni 4 295,15 manat, həmçinin xx.xx.2005-ci il tarixədək pensiya tərkibində ödənilən 74,04 manat maddi yardım nəzərə alınmaqla ümumilikdə 4369,19 manat məbləğində pensiya təyin edilmişdir. Mövcud mübahisəli vəziyyətdə cavabdeh tərəfindən son illər üzrə orta aylıq əmək haqlarının 54,50 faizi məbləğində pensiya hesablanması Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarının məqsədlərinə ziddir. Cavabdeh orqan, iddia tələbinəetirazında aşağıdakıları qeyd etmişdir: - İş materiallarına əsasən, iddiaçı Məlikov X1 Filiala xx.xx.2025-ci il tarixdə müraciət edərək, hakim vəzifəsindəki fəaliyyətinin son 24 ay ərzində əmək haqlarının orta aylıq məbləğinə əlavələr və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiya məbləği də nəzərə alınmaqla 3 mart 2025-ci il tarixindən 80 faizi miqdarında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsini xahiş etmişdir. Ərizəçinin müraciətinə baxılaraq bildirilmişdir ki, İddiaçı istənilən ardıcıl gələn 60 ay ərzində ödənilmiş əmək haqqına dair təqdim etdiyi Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli 8 nömrəli arayışı nəzərə alınmaqla Qanunun 20.7.12-ci maddəsinə əsasən, 16 il 6 ay 27 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (7881,00 manat) 54,50 faizi—4295,15 manat və xx.xx.2025-ci il tarixinidək ödənilmiş əmək pensiyasının tərkibindəki 74,04 manat maddi yardım nəzərə alınmaqla ümumilikdə 4369,19 (4295,15+74,04) manat məbləğində sabiq hakim kimi 4 mart 2025-ci il tarixindən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçıya sabiq hakim kimi yaşa görə ödənilən 4369,19 manat əmək pensiyasının məbləğinin müraciətində göstərdiyi xx.xx.2023-xx.xx.2025-ci il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti əsas götürülməklə yenidən hesablanaraq müəyyən ediləcək 3707,55 (3633,51+74,04) manat pensiya məbləğindən çox olduğu müəyyən edilmişdir. Buna görə də əmək pensiyasının həmin dövr əsas götürülməklə yenidən hesablanması təxirə salınmışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş "Məhkəmələr və hakimlər haqqında' Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2001-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. İddiaçı hakim vəzifəsinə 30 dekabr 2005-ci il tarixdən sonra, yəni 7 avqust 2008-ci il tarixdə təyin edildiyindən sözügedən qaydada əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçı sözügedən Mərkəzi Filialın imtina məktubu ilə razılaşmayaraq, eyni tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra Şəki İnzibati Məhkəməsinin 8 avqust 2025-ci il tarixli 2-1(116)- 3190/2025 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi təmin edilmişdir. Belə ki, İddiaçı hakim vəzifəsindəki 16 il 06 ay 27 gün iş stajına uyğun olaraq son 5 il ərzində qazanılmış əməkhaqqılarının ən yüksək məbləğləri əsas götürülərək orta aylıq məbləğinin, əlavələr, müavinət-maddi yardım, müalicə xərcləri, ödənilmiş məzuniyyət haqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiya məbləği də nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən 80 faizi miqdarında pensiya təyin olunmaqla, pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsini xahiş etmişdir. Hesab edilmişdirk ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.1.4, 20.7; “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli 168- İVQD nömrəli Qanununa; “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasının 20.7-ci maddəsinə, “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına istinad edilərək bildirilmişdir ki, iş materiallarında olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2025-ci il tarixdə çatmışdır Bildirilmişdir ki, iddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qüvvədə olan qanunun redaksiyası tətbiq edilsə belə, hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün “Məhkəmələr və hakimlər haqqında» Qanunun 2019-cu ilədək qüvvədə olan redaksiyasının 109-cu maddəsinin 5-ci bəndində “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş" ifadəsi qeyd olunmuşdur. Göründüyü kimi, şəxsə hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Yəni Qanunun əvvəlki redaksiyasında da, iddiaçıya hakim kimi pensiya təyin edilməsi üçün 05 il hakim işləməsi ilə yanaşı, pensiya yaşına çatması da tələb olunurdu. Lakin iddiaçı həmin dövrdə hakim kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya yaşına çatmamışdır. Konstitusiyada əksini tapan sosial təminat hüququ 38-ci maddənin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə taninat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlununun yoxlanılmasına dair" 1 dekabr 2010-cu il tarixli Qərarı). Bütün bu halları nəzərə alaraq məhkəmə qərarlarında qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tövsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni püquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlinmişdir ki, İddiaçı hakim kimi əmək pensiyası düzgün hesablanmışdır. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olmuşdur ki, iddiaçı hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan staja daha əvvəl malik olsa da, qanunla müəyyən olunan yaş həddinə çatmadığına görə ona hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiyanın yenidən hesablanması mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. İ hissə. Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: ( xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası) Maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış sabiq hakimlər) əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109- cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 avqust 2008-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. III. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddianın əsaslılığı. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarında olan cavabdehin imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. İş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2025-ci il tarixədək hakim vəzifəsində çalışmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8 nömrəli arayəşəndan görünür ki, iddiaçının Şəki Apellyasiya Məhkəməsində 2020-ci ilin mart ayından 2025-ci ilin mart ayınadək olan əmək haqqısı cəmi 384291.79 manat olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddiaçının məhkəmə orqanlarında 16 il 06 ay 27 gün hakim kimi iş stajının olması işin mübahisələndirilməyən halıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Qərarda həmçinin qeyd edilmişdir ki, “...hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsiplərindən biridir, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatıdır. Hakimlərin sosial müdafiə təminatı isə hakimlərin müstəqilliyinin ayrılmaz mühüm bir elementi kimi çıxış edir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. Konstitusiya Məhkəməsi əvvəllər qəbul etdiyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106 və 109-cu maddələrinin müvafiq müddəalarının şərh edilməsinə dair 23 yanvar 2001-ci və 27 iyun 2001-ci il tarixli qərarlarında da hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Qanunvericilikdə digər şəxslərlə müqayisədə hakimə daha yüksək pensiya təminatı müəyyənləşdirməklə dövlət və cəmiyyət nəticə etibarilə hakimin əməyini xüsusi dəyərləndirməklə, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir. Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddisosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127- ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır”. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Göründüyü kimi, hakimlərin maddi təminatı onların müstəqilliyinin əsas elementlərindən biridir və pensiya təminatı da bura daxildir. Çünki hakim faaliyyət göstərdiyi dövrdə təminatının yüksək olması onun müstəqilliyinin göstəricisi olmaqla, eyni zamanda gələcəkdə yüksək pensiya təminatına da əmin olmaqla maddi rifahı barədə gələcəklə bağlı tərəddütü olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Hazırkı iddia ərizəsində iddia tələbi “hakim vəzifəsindəki 16 il 06 ay 27 gün iş stajına uyğun olaraq son 5 il ərzində qazanılmış əmək haqqlarının ən yüksək məbləğləri əsas götürülərək orta aylıq məbləğinin, əlavələr, müavinət-maddi yardım, müalicə xərcləri, ödənilmiş məzuniyyət haqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiyalar da nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən 80 faizi miqdarında pensiya təyin olunmaqla, pensiya məbləğinin yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi ifadə edilmişdir. Məhkəmə ifadə tərzi ilə bağlı olmadığından qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə mahiyyət etibarı ilə iddiaçıya sabiq hakim kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır. Yəni, iddiaçının hüquqi marağı qanunvericilikdə nəzərdə tutulmuş daha əlverişli normaların tətbiqi ilə pensiyanın yenidən hesablanması və bundan sonra yaranacaq fərq məbləğinin ona ödənilməsindən ibarətdir. İş materiallarından görünür ki, iddiaçıya onun qanunla müəyyən edilmiş yaş həddinə xx.xx.2025-ci il tarixdə çatması nəzərə alınmaqla Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8 nömrəli arayışı əsas götürülərək “Əmək pensiyaları haqqında” Qanunun 20.7, 20.7.1 və 20.7.2-ci maddələrinə əsasən hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının 54.50 faizi məbləğində pensiya təyin edilmişdir. Cavabdehin imtina məktubunun və iddiaya dair etirazın əsas dəlili ondan ibarətdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən, 16 il 6 ay 27 gün hakim kimi iş stağına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (7881.00 manat) 54.50 faizi-4295.15 manat və xx.xx.2025-ci il tarixinədək ödənilmiş əmək pensiyasının tərkibindəki 74.04 manat maddi yardım nəzərə alınmaqla ümumilikdə 4369.19 (4295.15+74.04) manat məbləğində sabiq hakim kimi 04 mart 2025-ci il tarixindən pensiya təyin edilməsi qanuna uyğun olmuşdur. İşin hallarına görə, iddiaçı xx.xx.2008-ci il tarixdə hakim təyin edilmiş və xx.xx.2025ci il tarixədək hakim kimi fəaliyyət göstərmişdir. Belə olan halda 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, onun artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, sabiq hakim kimi pensiya hüququ yaranmışdır. Məhkəmə həmin vaxt qüvvədə olan qanunun normalarını və Konsitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərardakı hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, hakimin pensiya hüququ ilə bağlı sonradan qəbul edilən və hakimə pensiya hüququ verən şərtləri ağırlaşdıran normaların iddiaçıya tətbiq edilməsi yolverilməzdir. Yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hakim kimi iş stajı 16 il 6 ay 27 gündür. Yəni, 10 illik fəaliyyətə münasibətdə orta aylıq əmək haqqının 55 faizi miqdarında, 6 il 6 ay 27 günə münasibətdə isə qanunda nəzərdə tutulan maksimum aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan orta aylıq məbləğ hesablanmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçının pensiyası ona pensiyanın təyin olunduğu tarixdən yenidən hesablanmalıdır. (Azərbaycan Respublikası Ali Məhkləməsinin 2-1(102)- 1728/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında oxşar inzibati işlə bağlı qərarında təsbit olunan hüquqi mövqeyi). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı təyin olunmuş pensiyanın onun hakim vəzifəsində son 5 ilin orta aylıq əmək haqqısının 80 faizi miqdarında yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin olunmuş pensiyanın onun hakim vəzifəsində son 5 ilin orta aylıq əmək haqqısının 80 faizi miqdarında yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6 Əsədova.
Məhkəmə qərarları › İş №2-1(116)-3190/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3190/2025
23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver