Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-32/2021 09.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı Firmasının cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı “Mingəçevir bələdiyyəsinin 04 sentyabr 2019-cu il tarixli, 14/1 saylı və tələbin icraya yönəldilməsi barədə 16.09.2019-cu il tarixli qərarlarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı Firması cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir bələdiyyəsinin 04 sentyabr 2019-cu il tarixli, 14/1 saylı və tələbin icraya yönəldilməsi barədə 16.09.2019-cu il tarixli qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir bələdiyyəsinin tələbin icraya yönəldilməsi barədə 16.09.2019-cıı il tarixli qərarı ilə Mingəçevir bələdiyyəsi ərazisində yerli əhəmiyyətli tikinti materialları istehsalçısı olan Cahangir-93 firmasının 4 il ərzində (01.04.2015- 01.03.2018) yaranmış 22040 manat məbləğində vergi borcunun tutulması qərara alınmışdır. Müəssisə 23.01.2014-cii il tarixdən 23.01.2019-cu il tarixədək öz fəaliyyətini dayandırmışdır. Müəssisə mədən vergisi ödəyicisi olaraq fəaliyyət göstərməmişdir. X6 Enerji Təchizatı və Satış İdarəsinin 13.09.2019-cu il tarixli 26 nömrəli məktubunda müəssisənin qum-çınqıl karxanasının Azərenerji ASC-nin dövründə fəaliyyəti zamanı, yəni aprel 2015-ci il tarixə qədər yaratdığı debitor borcdan noyabr 2016-cı il tarixdə 28500 manat vəsait ödəmişdir. Faktiki olaraq Cahangir-93 firmasının qum-çınqıl karxanası fəaliyyətini dayandırmışdır. Mingəçevir bələdiyyəsinin 04.09.2019-cu il tarixli 14/1 saylı qərarında hər hansı hüquqi əsasa istinad edilməmişdir. Yalnız Vergilər nazirliyinin səyyar vergi yoxlamasının keçirilməsi haqqında akta istinad edilmişdir ki, həmin akt öz-özlüyündə hər hansı hüquqi nəticə yarada bilməz. Aktdan sonra məsələni nizamlayacaq hər hansı qərar qəbul edilməmişdir. Cavabdeh yalnız 04.09.2019-cu il tarixli 14/1 saylı qərarını akt əsasında qəbul etmiş, müəssisənin nümayəndəsinin iştirakını təmin etməmiş, sübutlar toplamamış və bununla da əlverişsiz inzibati akt qəbul etmişdir. Cavabdeh orqan iddia tələbinə rəsmi münasibət (etiraz) bildirməmişdir. İş materiallarında olan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 20.12.2017-ci il tarixli, 112 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının İddiaçı firmasının istifadəsinə Kür çayının sağ sahilində qum-çınqıl istehsalı və satışı üçün 4 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında 21.10.1999-cu il tarixli 255 nömrəli sərəncamı ləğv edilmişdir. İş materiallarında olan Mingəçevir bələdiyyəsinin 04.09.2019-cu il tarixli, 14/1 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin 23.08.2019-cu il tarixli, 1-132 nömrəli tövsiyyə məktubu və bələdiyyə üzvlərinin rəyləri nəzərə alınaraq, "xxxx" MMC-yə 353702.50 manat, "xxxx" MMC-yə 117429.0 manat, "xxxx" MMC-yə 4624.17 manat, İddiaçı firmasına 22040 manat, “Gülövşə” firmasına 44705.0 manat, sahibkar X2 23952.89 manat mədən vergisi borcları hesablanaraq təsdiq edilmişdir. İş materiallarında olan “vergi ödəyicisinin uçota alınması haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı firması ********** nömrəli VÖEN-lə qeydiyyata alınmışdır. İş materiallarında olan “Hüquqi şəxslərin onlayn fəaliyyət dayandırma ərizəsi”nin surətindən görünür ki, İddiaçı firması 23.01.2014-cü il tarixdən 23.01.2019-cu il tarixədək fəaliyyətini dayandırmış, fəaliyyət dayandırıldığı dövrdə muzdlu işçilərə əməkhaqqı ödənilməmiş, fəaliyyətini dayandırdığı tarixə mövcud aktivlərinin (mal qalığı, pul vəsaitləri, debitor borcları) qalıq dəyəri 0 olmuşdur. İş materiallarında olan “Hüquqi şəxslərin onlayn fəaliyyət dayandırma ərizəsi”nin surətindən görünür ki, İddiaçı firması 02.05.2019-cu il tarixdən 02.05.2024-cü il tarixədək fəaliyyətini dayandırmış, fəaliyyət dayandırıldığı dövrdə muzdlu işçilərə əməkhaqqı ödənilməmiş, fəaliyyətini dayandırdığı tarixə mövcud aktivlərinin (mal qalığı, pul vəsaitləri, debitor borcları) qalıq dəyəri 0 (sıfır) olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin Mingəçevir bələdiyyəsinə ünvanladığı 23.08.2019-cu il tarixli məktubda qeyd edilir ki, Vergilər Nazirliyi tərəfindən ölkə ərazisində qum-çınqıl çıxarılması fəaliyyəti ilə məşğul vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərlə bağlı qanunvericiliyə düzgün əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə səyyar vergi yoxlamaları keçirilmiş və bu zaman yerli büdcələrə ödənilməli olan mədən vergisinə görə hesablanmalı məbləğ də müəyyən edilmişdir. Bununla bağlı X5 tərəfindən qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergilər Nazirliyinə müraciət olunaraq səyyar vergi yoxlaması zamanı tərtib edilmiş müvafiq təsdiqedici sənədlər alınmışdır. Həmin sənədlərə əsasən "NNZ” MMC-nin 4624,17 manat, İddiaçı firmasının 22040 manat, Titanik-5 MMC-nin 384035,50 manat, Gülövşə” firmasının 47555 manat, "xxxx" MMC-nin 112535,1 manat, "xxxx" MMC-nin 123429 manat, "xxxx" MMC-nin 80345,53 manat və fiziki şəxs X1 23952,89 manat yerli büdcəyə mədən vergisi hesablanılmışdır. Qeyd olunan vergi ödəyicilərinin heasablanılmış mədən vergisinə dair Vergilər Nazirliyi tərəfindən təqdim olunmuş həmin təsdiqedici sənədləri mədən vergisinin bələdiyyə büdcəsinə ödənilməsi istiqamətində qanunamüvafiq tədbirlərin görülməsi üçün bələdiyyə göndərilmişdir. Məktubda Mingəçevir bələdiyyəsinə məktubun 15 gündən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə çıxarılmaqla, qanunvericiliyin göstərilən tələblərinin nəzərə alınması, mədən vergisinin könüllü ödənilməsi, ödənilmədikdə isə məcburi ödətdirilməsi barədə inzibati akt qəbul edilərək Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilməsinin təmin edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Mingəçevir bələdiyyəsinin iddiaçıya ünvanladığı 05.09.2019cu il tarixli bildirişdə qeyd edilir ki, Vergilər Nazirliyi tərəfindən 2018-ci ildə müəssisədə aparılmış, 01.04.2015-01.03.2018-ci illəri əhatə edən yoxlama nəticəsində Mingəçevir Bələdiyyəsinin hesabına əlavə olaraq 22040 manat mədən vergisi hesablanmışıdır. Həmin borcu 10 (on) gün müddətinə bələdiyyənin Beynəlxalq Bank-da yerləşən ********** saylı hesablaşma hesabına ödənilməsi təklif olunur. Əks halda borcun məcburi qaydada alınması üçün bələdiyyə tərəfindən məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan X6 Enerji Təchizatı və Satışı İdarəsinin iddiaçıya ünvanladığı 13.09.2019-cu il tarixli arayışında qeyd edilir ki, sahibi olduğu “Cahangir-93" qum-çınqıl karxanasının "xxxx" ASC-nin dövründə fəaliyyəti zamanı, yəni aprel 2015-ci il tarixə qədər yaratdığı debitor borcdan Noyabr 2016-cı il tarixdə 28.500 manat vəsait ödənilmişdir. Məlumat üçün bildirilir ki, faktiki olaraq İddiaçı qum-çınqıl Karxanasının fəaliyyəti dayandırılmışdır. İş materiallarında olan Mingəçevir bələdiyyəsinin 16.09.2019-cu il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” qərarının surətindən görünür ki, həmin qərarla Mingəçevir bələdiyyəsinin ərazisində yerli əhəmiyyətli tikinti materialları istehsalçısı olan İddiaçı firmasının 4 il ərzində (01.04.2015-01.03.2018) yaranmış 22040 manat mədən vergi borcunun tutulması, borcun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 217.2 maddəsində nəzərdə tutulan müddətdə ödənilmədiyi üçün məcburi icraya yönəldilməsi qərara alınmışdır, İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin iddiaçıya ünvanladığı 25.09.2019-cu il tarixli məktubunda qeyd edilir ki, 25.09.2019-cu il tarixli qərarla icraata başlanan Cavabdeh qərar 14/1 nömrəli, 16.09.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunur. Bu müddət ərzində tələb üzrsüz səbəbdən icra edilməsə, icra məcburi qaydada təmin ediləcək, həmçinin «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-cı maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər İddiaçı firmasından tutulacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı 17.03.2020-ci il tarixli məktubunda qeyd edilir ki, "xxxx" firmasında keçirilmiş səyyar vergi yoxlaması zamanı mütəxəssis dəvət olunmasına zərurət yarandığından 04.07.2018-ci il tarixli **********016400 nömrəli məktubla "xxxx" MMC-yə müraciət olunmuş və 05.07.2018-ci il tarixli məktubla X3 mütəxəssis kimi ayrıldığı bildirilmişdir. Daha sonra Baş İdarənin 10.07.2018-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” **********156008 nömrəli Qərarına əsasən iş üzrə mütəxəssis dəvət olunmuşdur. "xxxx" MMC tərəfindən 16.07.2018-ci il tarixli MB 11-606 nömrəli rəy verilmiş və səyyar vergi yoxlaması davam etdirilərək nəticəsinə dair 31.07.2018-ci il tarixli **********155517 nömrəli akt tərtib edilmişdir. "xxxx" firması 23.01.2014-cü il tarixdə vergi orqanına fəaliyyətinin həmin tarixdən 23.01.2019-cu il tarixədək dayandırılması barədə arayış təqdim etmişdir. Lakin vergi orqanının 16.04.2015ci il tarixdə keçirdiyi operativ vergi nəzarəti təqbiri zamanı vergi ödəyicisinin fəaliyyət göstərdiyi müəyyən edilmiş və onun barəsində həmin tarixli OVN/1 seriyalı 068919 nömrəli akt tərtib edilmişdir. Göründüyü kimi "xxxx" firması tərəfindən vergi orqanına yalan məlumat verildiyindən onun fəaliyyəti aktivləşdirilmişdir. Həmin tarixdən sonra vergi ödəyicisinin fəaliyyəti aktiv olmuş və sonuncu dəfə 02.05.2019-cu il tarixdə "xxxx" firması vergi orqanına 02.05.2024-cü il tarixədək fəaliyyətini dayandırması barədə arayış təqdim etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar 04.09.2019-cu ildə qəbul olunmuş, iddiaçı 02.10.2019-cu ildə poçt vasitəsi ilə iddia ərizəsini məhkəməyə göndərmişdir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və qismən əsaslıdır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: -Xammal və materiallar; -Qaytarılmış tullantılar; -Texniki məqsədlər üçün yanacaq enerji və su; -İstehsal fəhlələrinin əsas əmək haqqı; -İstehsal fəhlələrinin əlavə əmək haqqı; -Sosial sığortaya ayırmalar; -Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; -Ümumi sex xərcləri; -Ümumi zavod xərcləri; -Zay məhsul və itkilər; -Sair istehsalat xərcləri; Beləliklə, istehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq "xxxx" MMC tərəfindən verilmiş 16.07.2018-ci il tarixli mütəxəssis rəyində müəssisə üzrə faktiki istehsal edilmiş tikinti qumu məhsullarının faktiki maya dəyəri yanlız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Yəni mühasibat uçotunda istehsal həcminin mütəxəssis rəyində göstərilən qaydada müəyyən olunması nəzərdə tutulmamışdır. "xxxx" MMC tərəfindən verilmiş 16.07.2018-ci il tarixli mütəxəssis rəyi ilə iddiaçı üzrə istehsal edilmiş tikinti qumunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, enerji sərfiyyatı əsasında tikinti qumunun istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi kimi hazırkı iddiaçıya məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində tikinti qumunun istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu, dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, başqa, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Belə ki, Azərbaycan Respublikasının Vergi Məsəlləsinin 12.3-cü maddəsində göstərilir ki, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Bu baxımdan məhkəməsi hesab edir ki, sərf olunan elektrik enerjisi vergitutma obyekti hesab edilmədiyindən, onun əsasında hesablanmış əlavə vergi də qanuni sayıla bilməz. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını bu Məcəllə ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün müddətində əsas olmadan təqdim etmədikdə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərən ərazi. Həmin Məcəllənin 67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicislərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, mövcud qanunvericilik (AR Vergi Məcəlləsinin 67-ci maddəsi) səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da stifadə edilməsi nəzərdə tutulmuşdur. Hansı ki, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər. Həmçinin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara söykənən mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmi müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışdır. Sadalananlar belə nəticəyə gəlməyə əsas verir ki, mübahisələndirilən 04 sentyabr 2019-cu il tarixli qərar qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və sonda əsassız vergi məbləği (mədən vergisi) hesablanmışdır. Beləliklə, cavabdeh mübahisələndirilən 04.09.2019-cu il tarixli 14/1 №-li qərarı qəbul edərkən maddi hüquq normalarının tələblərini pozaraq, iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, Mingəçevir bələdiyyəsinin 04 sentyabr 2019-cu il tarixli, 14/1 saylı qərarı qismən – iddaçıya aid hissədə, həmin qərar əsasında qəbul edilmiş tələbin icraya yönəldilməsi barədə 16.09.2019-cu il tarixli qərar da ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 360/2021 saylı 03.02.2021-ci il tarixli qərarında da qeyd etmişdir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və ya hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni, gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, hər hansı bir maddi və ya prosessual hüquq normasına əsaslanmır. Digər tərəfdən qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa, o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirləri istifadə olunan elektrik enerjisinin sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib-çıxarır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Mingəçevir bələdiyyəsinin 04 sentyabr 2019-cu il tarixli, 14/1 saylı qərarı İddiaçı firmasına aid hissədə ləğv edilir. Mingəçevir bələdiyyəsinin 04 sentyabr 2019-cu il tarixli, 14/1 saylı qərarı əsasında qəbul edilmiş tələbin icraya yönəldilməsi barədə 16.09.2019-cu il tarixli qərarı ləğv edilir. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-32/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-32/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver