Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-32/2022 06.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “onlara verilmiş 0,10 ha və 0,25 ha torpaq sahələrinin qeydiyyata alınaraq müvafiq plan və ölçü sənədlərinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara verilmiş 0,10 ha və 0,25 ha torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən qeydiyyata alınaraq müvafiq plan və ölçü sənədlərinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 28.04.1995-ci il tarixli qərarı ilə mərhum X2 1,35 ha torpaq sahəsinə dair şəhadətnamə verilmişdir. Torpaq sahəsi barəsində Zaqatala RİH başçısının 19.03.1997-ci il tarixli 1665 nömrəli sərəncamından çıxarışla da torpaq sahəsinin verilməsi tam təsdiq olunur. Bundan əlavə 19.03.1997-ci il tarixdə aktla torpaq sahəsi təhvil verilmişdir. X4 2002-ci ildə vəfat etmişdir. İddiaçılar yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlərə istinad edərək onlara ayrılmış 0,10 ha və 0,25 ha torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin onların müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 18.12.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim olunmuş elektron baza məlumatlarında (vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair elektron baza məlumatlarında (DBF siyahılarında)), elektron xəritələrdə və arxiv fondunda iddiaçılara məxsus 0,10 ha və 0,25 ha torpaq sahələri barədə məlumat aşkar edilməmişdir. Zaqatala rayonu Yuxarı Tala kəndində X4, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Zaqatala rayon AİK-nın 25.09.2003cü il tarixli 110 nömrəli qərarı ilə 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin qərar əsasında ləğv edilmiş DTXK tərəfindən onların adına JN-0762 nömrəli Dövlət aktı tərtib edilmişdir. 16.12.2019-cu il tarixli 2V-1211 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən həmin 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 2/5 hissə İddiaçı1, 1/5 hissə İddiaçı2, 1/5 hissə İddiaçı3 və 1/5 hissə İddiaçı4 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 26.12.2020-ci il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri əlavə edərək yenidən müraciət ediləcəyi təqdirdə həmin daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxılacaqdır. Məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış 24.02.2021-ci il tarixli etiraz məktubunda iddiaçılara verilmiş imtina məktubunda göstərilənlər qeyd edilmiş və qanunamüvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılardan İddiaçı2, İddiaçı3 və İddiaçı4 və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçılardan İddiaçı2, İddiaçı3 və İddiaçı4 və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişlər. İşdə olan 19.03.1997-ci ildə tərtib edilmiş aktın surətində qeyd edilir ki, Yuxarı Tala kəndindəki həmişəlik istifadədə olan torpaqdan 1,07 ha torpaq sahəsi ayıraraq fermer təsərrüfatı yaratmaq üçün X2 təhkim edilmişdir. İşdə olan Zaqatala RİH başçısının 19.03.1997-ci il tarixli 1665 nömrəli sərəncamından çxıarışda qeyd edilir ki, Zaqatala rayonu Yuxarı Tala kəndi “Sabir” adına kolxozun bazasında fermer təsərrüfatı yaratmaq məqsədilə 1,25 ha torpaq sahəsi tələbi ilə əlaqədar fermer təsərrüfatının başçısı X1 18.01.1997-ci il tarixli 478/i nömrəli vəsatəti və “Sabir” kolxozu AİK-nın 16.10.1996-cı il tarixli 1 saylı püşkatma protokolu nəzərə alınsın. Zaqatala rayonu Yuxarı Tala kəndi “Sabir” kolxozunun torpaq islahatı yerquruluşu layihəsinə uyğun 0,18 ha qarışıq bağ, 1,07 ha əkin sahəsi X3 mülkiyyətinə verilsin. İşdə olan Zaqatala rayonu Yuxarı Tala kənd ərazi dairəsinin cavabdeh orqan təqdim etdiyi 06.07.2018-ci il tarixli 971 nömrəli arayışında qeyd edilir ki, Yuxarı Tala kənd inzibati ərazi dairəsinin 25 nömrəli təsərrüfatbaşına kitabının 87-ci səhifəsində İddiaçı1 mərhum anası X1 adına 1925-ci ildə tikilmiş fərdi yaşayış evi və 0,10 ha həyətyanı torpaq sahəsi vardır. İşdə olan JN-762 nömrəli Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonu AİK-nın 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X4, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 26.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/5 hissəsi İddiaçı1, hər birinə 1/5 hissə olmaqla isə İddiaçı2, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Zaqatala rayonu Yuxarı Tala bələdiyyəsinin 03.09.2021-ci il tarixli 56 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 həyətyanı torpaq sahəsi hasara alınıb. Həyətində yaşayış evi, mal tövləsi və altıaçıq var. Bələdiyyədə olan məlumata görə İddiaçı1 əvvəllər qonşusu ilə torpaq mübahisəsi olub. Həmin ərazinin yerquruluşu xəritələri Yuxarı Tala bələdiyyəsində yoxdur. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi məhkəmənin sorğusunda 06.09.2021-ci il tarixli 49 nömrəli cavab məktubunda bildirmişdir ki, Zaqatala rayonu Yuxarı Tala kənd sakini İddiaçı1 2021-2025-ci illərin 26 nömrəli təsərrüfatbaşına uçot kitabının 62-ci səhifəsinin qeydlərinə əsasən onun adına 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində kürsülü fərdi yaşayış evi, mal tövləsi və altıaçıq vardır. Həyətyanı torpaq sahəsi hasara alınmışdır. Aparılmış şifahi sorğu qeydlərinə əsasən hal-hazırda qonşusu X6 ilə torpaq mübahisəsi var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir; 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; 13.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir; 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçılar iddia tələbində qeyd edilən 0,10 ha və 0,25 ha torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərə malik deyillər. Belə ki, iddiaçılar iddia ərizəsinə sözügedən torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair hüquqmüəyənedici sənədləri əlavə etməmiş, həmçinin məhkəmə araşdırması ilə həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Cavabdeh orqanın imtina məktubu və məhkəməyə ünvanladığı etiraz məktubundan da görünür ki, ləvğ edilmiş DTXK tərəfindən İdarəyə təhvil verilmiş elektron baza məlumatlarında, elektron xəritələrdə və arxiv fondunda iddiaçıların iddia tələbində qeyd etdikləri 0,10 ha və 0,25 ha torpaq sahələri barədə məlumat aşkar edilməmişdir. İddiaçılara Zaqatala rayon AİK-nın müvafiq qərarı ilə 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir ki, həmin torpaq sahəsinə dair DTXK tərəfindən tərtib edilmiş Dövlət Aktı əsasında daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıların müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçıların öz tələbini əsaslandırmaq üçün gətirdikləri dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçıların hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “onlara verilmiş 0,10 ha və 0,25 ha torpaq sahələrinin qeydiyyata alınaraq müvafiq plan və ölçü sənədlərinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-32/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-32/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver