Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-320/2021 16.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı1, cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X5rşı "Zaqatala rayonu Göyəm kəndində yerləşən, A seriyalı 212001 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 6141,27 kv.m və A seriyalı 407021 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 803,02 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahələri üzərində İddiaçı1, İddiaçı2 və X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Zaqatala Rayon Göyəm kəndində torpaq payı alacaq vətəndaşların siyahısında X2, İddiaçı1 və İddiaçı2 adları göstərilmişdir. Bundan sonra, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarına əsasən, X2, İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətinə 6141,27 kv.m və 803,02 kv.m torpaq sahələrinin verilməsi qərara alınmışdır. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının həmin qərarına istinadən, X2 adına 6141,27 kv.m və 803,02 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı müvafiq olaraq A seriyalı 212001 və A seriyalı 407021 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmişdir. Bundan sonra İddiaçı1 cavabdehə ərizə ilə müraciət edərək, sözügedən torpaq sahələrinə özünün, həmçinin İddiaçı2 və X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, mülkiyyətçilərdən biri olan X3 xarici ölkə vətəndaşı olduğuna görə torpaq sahələrinin onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyil. Bundan sonra iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Onlar tələblərini belə əsaslandırmışlar ki, torpaq sahəsi aqrar islahat komissiyasının qərarı ilə verildiyinə görə cavabdeh onu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Bundan sonra, iddiaçılar xx.xx.2020-ci ildə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə göndərərək sözügedən torpaq sahələrinin İddiaçı1, İddiaçı2 və X2 adına qeydiyyata alınmasını xahiş etmişlər. Cavabdeh iddiaya xx.xx.2020-ci il tarixli **********41 nömrəli etirazında bildirmişdir ki, mülkiyyətçilərdən biri olan X3 xarici ölkə vətəndaşı olduğuna görə torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyil. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarından görünür ki, iddiaçılar X3, İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətinə 6141,27 kv.m və 803,02 kv.m torpaq sahələrinin verilməsi qərara alınmışdır. - İşdə olan, A-212001 və A-407021 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının həmin qərarına istinadən, iddiaçı X2 adına 6141,27 kv.m və 803,02 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X6 xx.xx.2020-ci il tarixli **********41 nömrəli etiraz məktubundan görünür ki, sözügedən torpaq sahələrinin mülkiyyətçilərindən olan X3 xarici ölkə vətəndaşı olduğuna görə torpaq sahələrinin onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olduğuna görə onun mümkünlük şərtlərindən biri iddiaçıların əvvəlcədən eyni tələblə cavabdehə müraciət etməsi və cavabdehin bu tələbi təmin etməkdən imtina etməsidir. İddiaçılar cavabdehə müraciət etmələrini təsdiq edən sənədi məhkəməyə təqdim etməsələr də, cavabdehin iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında İddiaçı1 əvvəlcədən eyni tələblə cavabdehə müraciət etməsi və ona xx.xx.2020öci il tarixli imtina məktubunun göndərilməsi göstərilmişdir. Belə olan halda, məhkəmə iddianın mümkün sayılmalı olduğu qənaətinə gəldi. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinin 1-ci və 2-ci bəndlərinə görə, sovxoz və kolxozlarda daimi işləyən şəxslər, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Sadalanan normaların birgə təhlilindən görünür ki, torpaq payı sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq vətəndaşlara verilir. Həmçinin qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh torpaq sahəsinə iddiaçılar İddiaçı1, İddiaçı2, habelə X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinasını X2 əcnəbi olması ilə əsaslandırır və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndinə istinad edir. Bununla yanaşı, o, İddiaçı1, İddiaçı2 və X2 torpaq payı almaq hüququna malik subyekt olmalarını və torpaq sahəsi onlara verilərkən hər hansı qanun pozuntusuna yol verilmədiyini mübahisələndirmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndində deyilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, həmin normanın məqsədi əcnəbilərin Azərbaycan Respublikasında torpaq sahəsi almasını qadağan etməkdən ibarətdir. Bu norma Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxsin həmin vaxt əldə etdiyi torpaq sahəsi üzərində mövcud olan mülkiyyət hüququna Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda xitam verilməsini nəzərdə tutmur. Torpaq islahatı aparılan zaman X3 Azərbaycan Respublikasının vətəndaşı olmuş və aqrar islahat komissiyası tərəfindən onun adı torpaq payı almaq hüququ olan subyektlərin siyahısına daxil edilmişdir. Belə olan halda, mülkiyyətçinin sonradan xarici ölkənin vətəndaşlığını qəbul etməsi onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına mane ola bilməz. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Zaqatala rayonu Göyəm kəndində yerləşən, A seriyalı 212001 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 6141,27 kv.m və A seriyalı 407021 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 803,02 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahələri üzərində İddiaçı1, İddiaçı2 və X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X6 üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-320/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-320/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver