Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-320/2022 28.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X1 10.07.2008-ci il tarixli 602 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən verilmiş, oğlu X1 adına olan 120319 №-li, 10 iyul 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, 28.01.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək “X1 10.07.2008-ci il tarixli 602 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 28.01.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 21.01.2003-cü ildə X2 ilə nikah bağlamış, birgə nikahlarından 01.12.2004-cü il tarixdə Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Sterlitamak şəhərində X5 doğulmuş və sonuncuya Rusiya Federasiyası tərəfindən 826478 №-li 21.12.2004-cü il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. Həmçinin, iddiaçının anası Sehran Abbasova cavabdehə müraciət edərək X3 120319 №-li, 10 iyul 2008-ci il tarixli doğum haqqında şəhadətnamə əldə etmişdir. İddiaçı, oğlu Nihat Abbasova şəxsiyyət vəsiqəsi almaq üçün Bərdə “ASAN Xidmət” mərkəzinə müraciət etmiş, lakin X5 barəsində 826478 №-li 21.12.2004-cü il tarixli və 120319 №-li, 10 iyul 2008-ci il tarixli doğum haqqında şəhadətnamələri mövcud olduğundan ona şəxsiyyət vəsiqəsinin verilməsi mümkün olmamışdır. İddiaçı 120319 №-li, 10 iyul 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olmuş, 10.07.2008-ci il tarixli 602 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırki inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə münasibətində 10.07.2008-ci il tarixli 602 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsinə etiraz etmədiyini bildirmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh 17.08.2021-ci il tarixli, 1677 №-li məktubundan görünür ki, cavabdeh, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - Yevlax rayon Polis Şöbəsinin 13.07.2021-ci il tarixli qərarından görünür ki, X3 Cavabdeh tərəfindən 120319 №-li, 10 iyul 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin (602 №-li akt qeydinə əsasən) verilməsi ilə bağlı material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. - AZ-İİ 120319 №-li “doğum haqqında” şəhadətnamədən görünür ki, X1 doğum tarixi 04.12.2004-cü il, doğum yeri – Yevlax rayonu, atası – İddiaçı, anası – X2 qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 10.07.2008-ci il tarixdə 602 nömrə ilə qeydiyyat aparılmışdır. - İ-AP 826478 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X4 doğum tarixi 01.12.2004-cü il, doğum yeri – Rusiya Federasiyası, Sverdlovsk vilayəti, Yekaterinburq şəhəri, atası – İddiaçı, anası – X2, dövlət qeydiyat yeri Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Sterlitamak şəhəri adminstrasiyasının VVAQ şöbəsi qeyd edilmiş və barədə 21.12.2004-cü ildə doğum haqqında akt qeydləri kitabında 2980 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. - 10.07.2008-ci il tarixli 602 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, müvafiq qeydiyyat “vaxtı keçmiş qeydiyyat” olaraq qeyd edilmiş, X1 doğum tarixi 01.12.2004-cü il, doğumu təsdiq edən sənəd - Yevlax şəhər poliklinikasının 09.07.2008-ci il tarixli arayışı qeyd edilmiş və verilən şəhadətnamənin nömrəsi AZ-İİ 120319 qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. 10.07.2008-ci il tarixli 602 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsində iddiaçının hüquqi marağı ondan ibarətdir ki, müvafiq akt qeydinin mövcudluğu iddiaçının oğlu Nihat Abbasova şəxsiyyət vəsiqəsinin alınmasına maneə yardır. Belə ki, iddiaçını oğlunun Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Sterlitamak şəhərində doğulması barədə 21.12.2004-cü il tarixli 2980 saylı doğum haqqında ilkin akt qeydi də mövcuddur. Buna görə də Cavabdeh tərəfindən tərtib edilmiş akt qeydinin ləğvi ilə bağlı inzibati mübahisə yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. http://e-qanun.az/framework/46946 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası:
2. Doğumun qeydə alınması. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, (İ-AP 826478 №li doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surəti) X4 doğum tarixi 01.12.2004cü il, doğum yeri – Rusiya Federasiyası, Sverdlovsk vilayəti, Yekaterinburq şəhəri, atası – İddiaçı, anası – X2, dövlət qeydiyat yeri Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Sterlitamak şəhəridir. Cavabdeh tərəfindən Nihat Abbasov barəsində 10.07.2008-ci il tarixli 602 nömrəli doğum haqqında akt qeydi tərtib edilərkən sonuncuya artıq Rusiya Federasiyasında doğum haqqında şəhadətnamənin verilməsi nəzərə alınmamışdır. İddiaçının oğlu Nihat Abbasovun adına doğum qeydi Rusiya Federasiyasında aparılmaqla bu barədə müvafiq doğum şəhadətnaməsi verildiyi halda, cavabdeh inzibati orqanın yenidən doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə olan halda həmin qeydlər qanunsuz sayılaraq ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heş kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 1992-ci il tarixli 277 №-li Qərarı ilə qoşulmuşdur). İddiaçının uşağı Rusiya Federasiyasında doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda yenidən (təkrar) qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının uşağının doğulması barədə aparılan qeydiyyatın heç bir hüquqi əsası olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh üzərinə X5 barəsində tərtib edilmiş, 10.07.2008-ci il tarixli, 602 nömrəli “doğum haqqında” akt qeydinin ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.