Məhkəmə qərarları › İş №2-1(116)-320/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-320/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-320/2024 12.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "qonşu torpaq sahəsinə dair **********25 nöməli çıxarışın özünə məxsus torpaq sahəsinə sürüşdürülməsi aradan qaldırılmaqla, Qax bələdiyyəsinin 10 oktyabr 2006-cı il tarixli, 10 saylı iclasının qərarına əsasən ona satılmış Qax şəhəri, 20 Yanvar küçəsində yerləşən 63 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax bələdiyyəsinin 10 oktyabr 2006-cı il tarixli, 10 saylı iclasının qərarına əsasən ona satılmış Qax şəhəri, 20 Yanvar küçəsində yerləşən 63 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun reyestrdə adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2284/2023 nömrəli qərardadı ilə Qax bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-320/2024 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “qonşu torpaq sahəsinə dair **********25 nöməli çıxarışın özünə məxsus torpaq sahəsinə sürüşdürülməsi aradan qaldırılmaqla Qax bələdiyyəsinin 10 oktyabr 2006-cı il tarixli, 10 saylı iclasının qərarına əsasən ona satılmış Qax şəhəri, 20 Yanvar küçəsində yerləşən 63 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qax bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı iclas protokolundan çıxarış qərarı əsasında İddiaçı 20 Yanvar küçəsindən özünəməxsus mağazanın altında olan 63 kv.m torpaq sahəsi satılmış, tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş, tərəflər arasında alqı-satqı aktı tərtib edilmişdir. İddiaçı, müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu iddia olunan torpaq sahəsinin Qax bələdiyyəsinin qərarına əsasən satılması və satılan torpaq sahəsinin dəyərinin ödənilməsi ilə əsaslandırmışdır. Cavabdeh, iddia tələbinə etirazını ərizəyə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 sayiı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarına əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində qeydiyyatdan keçməməsi, həmçinin qeyri-yaşayış binasının 10 kv.luq elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Qax bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 saylı iclas protokolundan çıxarışdan və xx.xx.2006-cı il tarixli qəbzdən görünür ki, iddiaçıya məxsus mağazanın altında olan 63 kv.m torpaq sahəsi ona satılmış və sonuncu tərəfindən bələdiyyənin hesabına 126 manat pul vəsaiti ödənmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-3984/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 65 kv.m olub döngə nöqtələri, koordinatları, sahəsi tərtib edilmiş yerqurluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi TEKUİS (X3 Uçot informasiya Sistemi) baza məlumatlarına əsasən Qax bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid uqodiyası sair sahələr kimi göstərilmişdir. Sözü gedən 65 kv.m torpaq sahəsinin 11 kv.m hissəsi **********25 nömrəli çıxarışla üst-üstə düşür. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Qax bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya bələdiyyənin 10 oktyabr 2006-cı il tarixli iclas protokoluna əsasən həmin zaman 20 Yanvar küçəsindən 63 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılması ilə əlaqədar qərar qəbul adilmişdir. Vətəndaş bələdiyyə büdcəsinə 126.00 manat vəsait ödəmişdir. Həmin iclas protokolunda məsələ müzakirəyə çıxarılmış, səsvermə keçirilmiş, lakin qarar hissəsində mexaniki səhv olaraq vətəndaşın adı qeyd olunmamışdır. Vətəndaş qərarı aldıqdan sonra sənədləşmə işlərini tamamlamamış, yarımçıq saxlamışdır. Qeyd olunan ərazidə uzun illərdir ki, sahibkarlıq obyekti tikilib və istifadə olunur. Həmin 63 kv.m torpaq sahəsi üçün müvafiq qərarın qəbul edilməsinə etiraz edilmir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, bələdiyyə tərəfindən iddiaçıya Qax şəhəri, 20 Yanvar küçəsindən özünəməxsus mağazanın altında olan 63 kv.m torpaq sahəsi satılmış və hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Sözügedən torpaq sahəsinin iddiaçıya satılması bələdiyyənin iclas protokolu və digər sənədlərlə, o cümlədən üçüncü şəxsin iddia tələbinə münasibəti ilə müəyyən edilir. Cavabdehin iddiaya qarşı dəlili torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində qeydiyyatdan keçməməsi ilə bağlı olmuşdur. Lakin, məhkəmə cavabdeh orqanın dəlini əsassız hesab edir. Belə ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Qax bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 saylı iclas protokolunda iddiaçıya müvafiq torpaq sahəsinin satılması ilə bağlı birbaşa qeyd olmasa da, sözügedən iclas protokolunun gündəliyindən görünür ki, iddiaçıya 63 kv.m torpaq sahəsinin satılması ilə bağlı məsələ iclasda səsverməyə çıxarılmış və yekdilliklə səsə qoyularaq qəbul edilmişdir. Qax bələdiyyəsi xx.xx.2024-cü il tarixli məktubunda sözügedən qərarın “qərara aldı” hissəsində iddiaçının adının qeyd edilməməsini mexaniki səhvlə əsaslandırmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. İddia olunan torpaq sahəsinin elektron baza məlumatları ilə müəyyən edilir ki, həmin torpaq sahəsi X3 Uçot informasiya Sistemində Qax bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası sair sahələr kimi işlənmişdir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin elektron baza məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, faktiki olaraq iddia olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Həmin torpaq sahəsinin **********25 nömrəli çıxarışla üst-üstə düşən hissəsi yoxlanılarkən müəyyən edilmişdir ki, X1 adına mövcud olan ilkin hüquqmüəyyənedici sənədlər iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşməklə iddiaçıya məxsus torpaq sahəsi ilə hər hansı üstüstə düşməsi yoxdur. Bununla belə Muxtar Muradova məxsus torpaq sahəsinə dair tərtib edilmiş **********25 nömrəli çıxarışın bir hissəsi iddia olunan torpaq sahəsinə texniki səhv nəticəsində sürüşdürülmüşdür. Yəni, mütəxəssis rəyində qeyd edilmiş **********25 nömrəli çıxarışın 11 kv.m torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşməsi, sözügedən torpaq sahəsinin 11 kv.m hissəsində üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınmasından yox, mülkiyyət hüququnun qeydiyyata alındığı qonşu torpaq sahəsində dair tərtib edilmiş çıxarışın həmin torpaq sahəsinə sürüşdürülməsindən irəli gəlmişdir. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından qonşu torpaq sahəsinə dair tərtib edilmiş **********25 nömrəli çıxarışın Qax bələdiyyəsi tərəfindən iddiaçıya satılmış 63 kv.m torpaq sahəsinə sürüşdürülməsinin yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Qax bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 saylı iclas protokolu iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qonşu torpaq sahəsinə dair **********25 nöməli çıxarışın iddiçıya məxsus torpaq sahəsinə sürüşdürülməsi aradan qaldırılmaqla, Qax bələdiyyəsinin 10 oktyabr 2006-cı il tarixli, 10 saylı iclasının qərarına əsasən satılmış, Qax şəhəri, 20 Yanvar küçəsində yerləşən 63 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar