Məhkəmə qərarları › İş №2-1(116)-3200/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3200/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3200/2024 04.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı «sığorta hadisəsinə görə tətbiq edilmiş cərimənin silinməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı «sığorta hadisəsinə görə tətbiq edilmiş cərimənin silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının hazırkı iddiaçıya ünvanlanmış 22 iyul 2024-cü il tarixli 6-1-26/2-M-64xx-xx-12218/2024 nömrəli məktubunda bildirilmişdir ki, əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığortaolunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisə baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəştəlavələr sistemi bonus-malus sistemi adlanır. Mərkəzi Bankın sorğusu üzrə “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən bir surəti göndərilmiş (ərizəçi İddiaçı) 21 iyun 2024-cü il tarixli cavab məktubu, eyni zamanda LPO "xxxx" ASC tərəfindən bir surəti göndərilmiş 17 iyul 2024-cü il tarixli cavab məktubu ilə aydın olur ki, onunla (ərizəçi ilə) LPO "xxxx" ASC arasında VAZ-2106 markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avotomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 13 yanvar 2023-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək dövrü əhatə edən icbari sığortası olmuşdur. Müvafiq sığorta şəhadətnaməsi üzrə 14 dekabr 2023-cü il tarixdə sığorta hadisəsi törədilmiş və zərərçəkən üçüncü şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta ödənişi ödənilmişdir. Bu səbəbdən onun (İddiaçı) adına olan Malus əmsalı artmış və bu da öz növbəsində sığorta haqqına təsir etmişdir. Bonus-Malus əmsalının müvafiq dəyərdə hesablanması Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 2022-ci il tarixli 25/1 saylı qərarı ilə 01 oktyabr 2022-ci il tarixdən qüvvədən düşmüş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nda nəzərdə tutulmuş göstəricilərə müvafiq şəkildə həyata keçirilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlsə də, cavabdehlər (nümayəndələri) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan keçirilməsini mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı müvafiq məsələlər üzrə inzibati orqan qismində çıxış etsə də, iddiaçının hüquqi marağı baxımından arzulanan nəticənin əldə edilməsi üzrə cavabdehlik daşıya bilməz, iddia ərizəsində onun cavabdeh qismində göstərilməsi formaldır. İkinci cavabdeh LPO "xxxx" ASC-yə gəldikdə isə, mübahisələndirilən sığorta hadisəsinə görə hesablanmış pul vəsaiti (ödəniş) hər hansı inzibati aktla rəsmiləşdirilməmiş, eləcə də onun hesablanması «İnzibati icraat haqqında» Qanunun 1.2-ci maddəsindəki “faktiki xarakterli hərəkətlər”ə bərabər də tutula bilməz. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh LPO "xxxx" ASC ilə İddiaçı arasındakı münasibətlər sığorta institutundan irəli gəlir, yəni mülki xarakterlidir. Belə olan halda məhkəmənin qənaətinə görə qaldırılan iddia tələbi üzrə inzibati mübahisənin mövcud olmadığı müəyyən edilir və iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı «sığorta hadisəsinə görə tətbiq edilmiş cərimənin silinməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar