Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3211/2024 06.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı (ixtisası: xarici dil müəllimi; vəzifəsi: Şəki RİH başçısının Cəfərabad kənd İƏD üzrə Nümayəndəliyində baş mühasib) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Şəki şəhəri, Nizami küçəsi 1/1) cavabdeh – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi 4) qarşı «sürücülük vəsiqəsinin dəyişdirilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 7 mart 2011-ci il tarixdə X1 səlahiyyətli dövlət orqanından həmin ölkənin qanunvericiliyinə uyğun qaydada, etibarlılıq müddəti 10 il olmaqla sürücülük vəsiqəsi almışdır. İddiaçı sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitməmişdən əvvəl Azərbaycan Respublikasına qayıtmış və həmin vəsiqənin dəyişdirilməsi ilə bağlı Şəki Regional ASAN Xidmət mərkəzinə müraciət etmişdir. Ona bir neçə dəfə etibarlılıq müddəti 1 il olan “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi verilmişdir. Sonuncu vəsiqənin müddəti 5 iyul 2024-cü il tarixdə başa çatmışdır. İddiaçı müddətinin başa çatması ilə əlaqədar sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı Şəki ASAN Xidmət mərkəzinə müraciət etmiş və oradan müraciət cavabdeh AR Daxili İşlər Nazirliyinin (bundan sonra – DİN) Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Cavabdeh onun sürücülük vəsiqəsinin dəyişdirilməsini təmin etməmiş və məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdeh DİN Baş Dövlət Yol Polisi İdarəsinə və həmin İdarənin Şəki Rayonlararası Qeydiyyat-İmtahan və X4rşı «etibarlılıq müddəti 10 il olmaqla sürücülük vəsiqəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin iş üzrə 22 oktyabr 2024-cü il tarixli qərardadı ilə DİN Baş Dövlət Yol Polisi İdarəsinin Şəki Rayonlararası Qeydiyyat-İmtahan və X5 inzibati məhkəmə icraatında cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən onun müraciəti işin real halları üzrə obyektiv, tam və hərtərəfli araşdırılmamış və müraciətin faktiki əsasını təşkil edən məqamlar təhrif edilmişdir. Belə ki, müraciətin məzmununu sürücülük vəsiqəsinin dəyişdirilməsi təşkil etdiyi halda, cavabdeh məktubunda hazırkı məsələ ilə heç bir əlaqəsi olmayan Rusiya Federasiyasından alınmış sürücülük vəsiqəsindən bəhs etmiş, problemi mahiyyəti üzrə həll etmək əvəzinə formal mülahizə ilə kifayətlənmişdir. Cavabdeh inzibati orqan vəzifə öhdəliklərini normativ tələblərə uyğun icra etməmiş və nəticədə onun (iddiaçının) hüquqları pozulmuş, ona maddi ziyan dəymişdir. Cavabdeh tərəf mövqeyini belə əsaslandırır ki, iddiaçı BƏƏ-dən 7 mart 2011-ci il tarixdə aldığı 16 67444 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı Şəki Regional ASAN Xidmət mərkəzinə müraciət etmişdir. Ona hər birinin müddəti 1 il olmaqla bir neçə il, sonuncu dəfə 5 iyul 2023-cü il tarixdə “B” kateqoriyalı sürücülük vəsiqələri verilmişdir. DİN Beynəlxalq Əməkdaşlıq İdarəsinə həmin vəsiqənin həqiqiliyinin təsdiqi ilə bağlı sorğular göndərilsə də, bu günədək cavab verilməmişdir. DİN-in 4 avqust 2012-ci il tarixli Q 16-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında» Təlimata uyğun olaraq xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqələrinə AR Xarici İşlər Nazirliyi vasitəsilə sorğular verilir və sorğuya cavab alınanadək 1 ildən çox olmayan müddətə əvvəllər malik olduqları kateqoriyalar üzrə müvafiq qaydada imtahansız müvəqqəti sürücülük vəsiqəsi verilir. İddiaçının BƏƏ-dən 7 mart 2011-ci il tarixdə aldığı 16 67444 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinin müddəti qurtarmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla qismən əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında» Təlimatın 2.1-ci bəndinə görə imtahanların qəbulu və “A”, “B”, “C”, “D”, “BE”, “CE” və “DE” kateqoriyalarına və “A1”, “B1”, “C1”, “D1”, “C1E”, “D1E” altkateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay, trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi BDYPİ-nin Qİİ və ərazi üzrə regional qeydiyyatimtahan və texniki baxış məntəqələri tərəfindən aparılır. Məhkəmə qeyd edir ki, cavabdehin imtina barədə məktubu 16 avqust 2024-cü il tarixə, iddia ərizəsinin məhkəməyə daxil olması isə 5 sentyabr 2024-cü il tarixə, yəni imtina tarixindən 20 gün müddət keçmədiyi vaxta təsadüf etdiyindən, hazırkı iş üzrə məcburetmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Şəki şəhəri, Nizami küçəsi 1/1-dir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən artıq məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddianın mahiyyətinə gəldikdə isə, qismən əsaslıdır. Azərbaycan Respublikasının 17 fevral 2023-cü il tarixli 804-VİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə X2 Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Anlaşma Memorandumu»nun 3-cü maddəsinə görə sürücülük vəsiqələrinin dəyişdirilməsi üzrə müddəalar aşağıdakılardır: 1. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün ərizəçi yaşamaq üçün etibarlı icazə sənədinə malik olur. 2. Sürücülük vəsiqəsi etibarlı olmalıdır. 3. Ərizəçi X3 2-ci maddəsində qeyd edilən müxtəlif sürücülük vəsiqəsi kateqoriyaları üçün Tərəflərin dövlətlərinin milli qanunvericiliyi ilə müəyyən edilmiş minimum yaş həddi tələblərinə uyğun olur. 4. Dəyişdiriləcək sürücülük vəsiqəsi nümunələrə uyğun olmalıdır. 5. Ərizəçilərin sürücülük vəsiqələri X3 2-ci maddəsinin cədvəlində nəzərdə tutulmuş sürücülük vəsiqəsinin ekvivalent növü ilə əvəzlənməlidir. 6. Ərizəçi sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün istənilən sertifikatlaşdırılmış hüquqi tərcümə bürosu tərəfindən notariat qaydasında təsdiq edilərək verilən sürücülük vəsiqəsini təqdim edir. 7. Sürücülük vəsiqəsinin dəyişdirilməsi Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə əsasən tələb edilən hər hansı digər şərtlərə və müddəalara uyğun olaraq həyata keçirilir. 8. X3 müddəaları Tərəflərin dövlətlərinin müvafiq orqanları tərəfindən verilmiş sürücülük vəsiqələrinin sahibləri olan Tərəflərin dövlətlərinin vətəndaşı sayılmayan şəxslərə tətbiq olunmur. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Yol hərəkəti haqqında» Qanunun 34-cü maddəsinin V hissəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün – 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün – onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün – 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün – təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. Həmin Qanunun 35-1-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. «Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında» Təlimata görə: - (6.3-cü bənd) Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir: 2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla), habelə bu Təlimatın 6.10-1-ci və 6.10-2-ci bəndlərində nəzərdə tutulmuş hallarda xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi. - (6.10-1) Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Təlimatın 6.1-6.3-1-ci bəndlərində müəyyən edilmiş qaydada dəyişdirməlidir. - (6.13) Bu Təlimatın 6.10-1-ci və 6.10-2-ci bəndlərində göstərilən şəxslərin sürücülük vəsiqəsi müəyyən şübhə doğurduqda QİM tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “İnterpol” Milli Mərkəzi Bürosu, Xarici İşlər Nazirliyinin səfirlik və konsulluq xidmətləri və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanlar vasitəsilə müvafiq sorğular edilir. Təlimatın 6.12-ci bəndinin “Qeyd” hissəsində göstərilən şəxslər barəsində müvafiq sorğular yalnız Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə verilir. Vəsiqə sahibinə sorğuya cavab alınanadək 1 ildən çox olmayan müddətə müvəqqəti sürücülük vəsiqəsi verilir. Müvafiq cavab alındıqdan sonra sürücülük vəsiqəsinin qəti verilməsi barədə mövcud qanunvericiliyə uyğun şəkildə qərar qəbul edilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələrinin dəyişdirilməsi üzrə icraatda həmin vəsiqənin şübhə doğurduğu hallarda aidiyyəti orqanlar vasitəsilə müvafiq sorğuların verilməsini zəruri saysa da, vəsiqə sahibinə sorğulara cavab alınanadək 1 ildən çox olmayan müddətə müvəqqəti sürücülük vəsiqəsinin verilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə X2 Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Anlaşma Memorandumu imzalanmışdır və iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. O, X2 səlahiyyətli orqanı tərəfindən ona verilmiş sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı hazırkı cavabdeh DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişdir. Cavabdeh onun sürücülük vəsiqəsinin müəyyən şübhə doğurduğunu səbəb gətirərək müvafiq orqan vasitəsilə sorğu məktubu göndərmiş, lakin iddiaçının sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtina etmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini hazırkı işin hallarına tətbiq edərək cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat üzrə müəyyən etdiyi aşağıdakı qanun pozuntularını qeyd edir: - İnzibati orqan iddiaçıya məxsus sürücülük vəsiqəsi ilə bağlı şübhələr yarandığını bildirsə də, bu şübhələrin nədən ibarət olması, hansı xüsusatdan doğulması barədə konkret dəlil təqdim etməmiş, bu məqama formal xarakterli mülahizə bidirmişdir. Bununla da inzibati orqan «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinin tələblərinə riayət etməmişdir. - İnzibati orqanın imtinası onun apardığı inzibati icraat üzrə güddüyü məqsəd baxımından mütənasib qiymətyləndirilmir. İcraatda iddiaçının sosial durumu, fəaliyyəti və digər əlamətləri nəzərə alınmamış, onu nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sənəd kimi müddətli də olsa sürücülük vəsiqəsi ilə təmin etməmişdir. Bu hərəkət də «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. - İnzibati icraatda nəzərə alınmamışdır ki, «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, iddiaçıya məxsus sürücülük vəsiqəsinə münasibətdə müəyyən şübhələr yaransa belə, həmin sənəddəki məlumatlar onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya məxsus sürücülük vəsiqəsinin dəyişdirilməsini təmin etməməkdə cavabdeh haqlı olmamışdır. Lakin iddiaçı hazırkı tələbində və inzibati orqana müraciətində ona yeni sürücülük vəsiqəsinin 10 il müddətinə verilməsini istəsə də, məhkəmə tələbin bu hissəsi ilə bağlı qeyd edir ki, inzibati orqanın müvafiq sorğusuna heç bir cavab gəlmədiyindən və sorğuya gələcək cavabın hansı xarakterdə (müsbət və ya mənfi) olacağı ehtimalı müəyyənləşmədiyindən, «Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında» Təlimatın 6.13-cü bəndinin tələbləri nəzərə alınmaqla iddiaçıya 1 il müddət olmaqla müvəqqəti sürücülük vəsiqəsi verilməsi təmin edilməli idi. Bu səbəbdən də məhkəmə iddianı qismən əsaslı qiymətləndirir. İPM-in 68.1-ci maddsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı məxsus BC seriyalı 509954 nömrəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti 1 il olmaqla dəyişdirilməsi öhdəliyi cavabdeh DİN Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 73, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilir. İddiaçı məxsus BC seriyalı 509954 nömrəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti 1 il olmaqla dəyişdirilməsi öhdəliyi cavabdeh DİN Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №2-1(116)-3211/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3211/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver