Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3218/2024 08.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı cavabdeh Yevlax Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2016-cı il tarixdə vəfat etmiş qızı X1 övladı xx.xx.2010-cu il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməyi ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə şifahi məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə vəfat etmiş qızı X1 övladı xx.xx.2010-cu il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməyi ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı ailəlidir. Həyat yoldaşı X4 və 4 nəfər nəvələri ilə birlikdə yaşayır. Belə ki, qızı X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh Başçısının 08 fevral 2017-ci il tarixli 09 nömrəli Sərəncamı ilə Yevlax rayonu Nemətəbad kənd sakini İddiaçı ərizəsi və azyaşlıların atası X8 razılığı nəzərə alınaraq İddiaçı azyaşlı nəvələri xx.xx.2013-cü il tarixdə anadan olmuş X5, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş İddiaçı Elgün oğlunun üzərində iddiaçının qəyyum təyin edilməsi qərara alınmışdır. Habelə, həmin sərəncamda qeyd edilmişdir ki, qəyyum təyin edilmiş İddiaçı tapşırılsın ki, qəyyumluğa götürülmüş X12, X7 və İddiaçı Elgün oğlu ilə birlikdə yaşamaqla onların hüquq və mənafeyinin müdafiə edilməsini, təhsil almalarını təmin etsin. Hazırda iddiaçı həyat yoldaşı ilə birlikdə nəvələri Ləman , Məhəmməd və Zahidin üzərində qəyyumluq vəzifəsini yerinə yetirir . Lakin , ailəsində digər ciddi bir problem də vardır .Belə ki, mərhum qızı X1 əvvəlki faktiki nikahından digər bir övladı da vardır: xx.xx.2010- cu il təvəllüdlü X9. İddiaçı nəvəsi Nərmini də digər nəvələri kimi yanında - evində böyüdür və bütün qayğısını çəkir. Onu da qeyd edir ki, Nərminin atalığı müəyyən edilməmiş və Nərminə doğum haqqında şəhadətnamə verilərkən " ata haqqında məlumat" ananın deməsinə görə yazılmaqla , Nərmin anasının soyadını daşımışdır. Nərminin atasının kimliyi iddiaçı və ailə üzvlərinə məlum deyildir. Məhz bu səbəbdən də , düzgün olmayaraq Nərmin iddiaçının qəyyumluğuna verilməmişdir. Onu da qeyd edir ki, nəvələrindən Ləman ,Məhəmməd və Zahidin valideynləri eyni olmaqla uşaqlar bir - biri ilə doğma, Nərmin isə digər nəvələrlə ana bir, ata ayrı olmaqla ögeydirlər. Lakin onların hər biri Xəyalənin yadigarlarıdır, o cümlədən hər biri ailə üçün çox əziz və dəyərlidirlər. Yevlax Rayon İcra Hakimiyyəti Başçısının " Nemətəbad kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəlikdən əldə etdiyi xx.xx.2024-cü il tarixli arayışdan göründüyü kimi, X9 iddiaçının himayəsində yaşayır. Yevlax rayon Qeydiyyat Şöbəsindən əldə edilən arayışdan göründüyü kimi xx.xx.2010- cu il təvəllüdlü X3 anası "X6" dır. Ata haqqında məlumat isə ananın deməsinə görə yazılmışdır. Yuxarıda qeyd edilən kimi Nərminin atasının kimliyi məlum deyildir, o cümlədən həmin şəxsin harada yaşaması və sair məlumatları bəlli deyildir. X11 atası ilə qısa sürən faktiki evliliyi olmuş və qızı hamilə ikən onlar ayrılmışlar. Nərmin iddiaçının evində dünyaya gəlmişdir. İddiaçı Cavabdehnə müraciət edərək X3 qəyyumluğuma verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən göndərilmiş 07 may 2024- cü il tarixli 5-9/2-M-xx-xx/2024 saylı məktubla bildirilmişdir ki, mövcud qanunvericiliyin tələbinə əsasən qəyyumluğa verilən şəxsin valideynlərindən biri həyatdadırsa mütləq onun rəsmi razılığı olmalıdır. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. Az-İ 811066 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir.
3. Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 09 nöməli sərəncamından görünür ki, iddiaçı X12, X7 və İddiaçı Elgün oğlunun üzərində qəyyum təyin edilmişdir.
4. AZ-İİ 539490 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə dünyaya gəlmişdir.
5. Yevlax Rayon İcra Hakimiyyəti Başçısının " Nemətəbad kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 iddiaçının himayəsində yaşayır.
Əsaslandırma hissəsi :
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növünə aiddir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkün sayılmamasına əsas olan halların iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi,müvafiq təkliflər verilməsi və hüquqi marağına uyğun hüquqi yardım göstərilməsi məqsədi ilə 08 oktyabr 2024-cü il tarixili məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı hissələrdən ibarətdir :
1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.
2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır. Lakin,iddiaçı iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir.Göründüyü kimi iddiaçı qeyd olunan məhkəmə iclaslarında iştirak edəcəyi halda ona hüquqi yardım göstərilməklə nail olmaq istədiyi hüquqi nəticə müəyyənləşdirilə,düzgün iddia tələbinin irəli sürülməsinə nail oluna bilərdi. İddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı mərhum qızı X1 övladı,xx.xx.2010-cu il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsində cavabdeh qismində inzibati orqan kimi Yevlax Rayon İcra Hakimiyyətini göstərsə də, iddiaçının irəli sürdüyü tələb mülki xarakterlidir. Yevlax Rayon İcra Hakimiyyəti inzibati orqandır, lakin hazırkı tələb cavabdeh qurumun publik fəaliyyətindən irəli gələn mübahisə ilə bağlı olmadığından inzibati mübahisə deyildir. Belə ki, aşağıda istinad olunan mülki və ailə qanunvericliyində qəyyumluq və himayəçilik təyin edilməsi ilə bağlı xüsusi qaydalar mövcuddur və bu münasibətlərdə yerli icra hakimiyyəti xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Bu mənada iddiaçı hazırkı tələbi irəli sürərkən hüquqi marağına nail olmaq üçün əlverişli iddia növündən istifadə etməmişdir. İddiaçı məqsədinə nail olmaq üçün cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə həll etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, oxşar mübahisələr üzrə qəbul edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1635/2021, 2-1(102)-1041/2022 və 2-1(102)- 2889/2019 saylı qərarlarında da eyni hüquqi mövqe nümayiş etdirilmişdir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). Qeyd olunan Plenum qərarının 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12.). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Həmin Məcəllənin 33.6-cı maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllədən: 136.1. Qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. 136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-411 nömrəli icmal məktubunda göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından və həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğundan işə inzibati qaydada baxılması inzibati prosessual qanunvericilik baxımından mümkün sayılmır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh olunanlara əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Yevlax Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2016-cı il tarixdə vəfat etmiş qızı X1 övladı,xx.xx.2010-cu il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməyi ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apelyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə