Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-322/2025 27.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “xx.xx.1999-cu il tarixli JN-126 KOD 40113018 Dövlət Aktı əsasında faktiki istifadəsində olan, bələdiyyə mülkiyyətinə aid 0,45 ha torpaq sahəsinin naturada tanıdılması və həmin torpaq sahəsi nəzərə alınmaqla cəmi 1,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1999-cu il tarixli YN: 126 KOD 40113018 Dövlət Aktı əsasında istifadəsində və mülkiyyətində olan 1,014 ha torpaq sahəsinin çatışmayan hissəsi olan 0,50 ha torpaq sahəsinin naturada ölçülüb ona verilməsi və ümumilikdə 1,014 ha torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-322/2025 nömrəli qərardadı Balakən rayonu Talalar bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, xx.xx.1999-cu il tarixli JN-126 KOD 40113018 Dövlət Aktı əsasında faktiki istifadəsində olan, bələdiyyə mülkiyyətinə aid 0,45 ha torpaq sahəsinin naturada tanıdılması və həmin torpaq sahəsi nəzərə alınmaqla cəmi 1,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qəradadı ilə iddia iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, xx.xx.2007-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Balakən rayonunun Talalar kəndində yerləşən 1,014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əldə etmiş və 2022-ci ilə qədər fasiləsiz istifadə etmişdir. Sonradan qonşu torpaq sahələrinin sahibləri elektron xəritəyə əsasən torpaq sərhədlərinin dəyişdirildiyini bildirmişlər. İddiaçı, mülkiyyətində olan torpaq sahəsinə dair çıxarış almaq üçün cavabdehə müraciət etsə də, ona yalnız 0,5564 ha sahəyə çıxarış verilə biləcəyi, qalan 0,50 ha sahədən imtina etmədiyi təqdirdə çıxarış ala bilməyəcəyi bildirilmişdir. Buna görə də, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını iddia olunan torpaq sahəsinin elektron uçot xəritələrində sahəsinin 0,5564 ha olması və iddiaçının həmin ölçüdə qeydiyyatın aparılmasına razı olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunluu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, xx.xx.2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsi, JN 126 nömrəli “Torpağa mülkiyyət hüququna” dair Dövlət Aktı, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı, qonşu torpaq sahələrinə dair JN-125, JN-127 saylı Dövlət Aktlarının arxiv nüsxəslərinin təsdiq edilmiş surətləri, cavabdehin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublarına əlavə edilmiş mütəxəssis rəyləri və yerquruluşu planları, Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş, Balakən rayon notariat ofisində xx.xx.2007-ci il tarixdə, 4Ə-170 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” haqqında Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında Əsasnamə: Bu Əsasnamə "Torpaq islahatı haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına uyğun olaraq sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) qaydalarını və şərtlərini müəyyən edir.
3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.
4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.
5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi, bələdiyyə mülkiyyətinə aid 0,45 ha torpaq sahəsi nəzərə alınmaqla, JN-126 saylı Dövlət Aktının 126D planşetində göstərilən 1,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsini xx.xx.2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsi ilə əldə etdiyini bildirir. JN-126 saylı Dövlət Aktından görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 1,43 ha torpaq sahəsi Balakən rayonu AİK-nın xx.xx.1998-ci il tarixli 02 №-li qərarına əsasən X1 (4 nəfər ailə üzvü ilə birlikdə) ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddia olunan torpaq sahəsinin naturada ölçüsü 0,56 hektardır. Həmin torpaq sahəsi Balakən rayonu, Talalar kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı əkin sahəsidir. JN-126 nömrəli Dövlət Aktının D planşetində qeyd edilmiş 10135,99 kv.m torpaq sahəsinin DWJ və TEKUS bazalarındakı yerləşmə vəziyyətindən görünür ki, iddia olunan torpaq sahəsinin bir hissəsi JN-126 nömrəli Dövlət Aktının DWJ və TEKUS bazalarındakı yerləşmə vəziyyəti ilə qismən uyğun gəlir. Mütəxəssis rəyində torpaq sahəsinin ölçüsünün azalmasının səbəbi kimi, həmin ərazidə vətəndaşların ümumilikdə istifadə etdikləri torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərdə göstərilən sərhədlərə uyğun olmayan ölçülərlə istifadəsi göstərilmişdir. Həmçinin qeyd edilmişdir ki, ərazidə vətəndaşların naturada istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlərdə əks olunan sərhədlər arasında ciddi konfiqurasiya fərqləri mövcuddur. Mübahisələndirilən torpaq sahəsinə bitişik digər torpaq sahələri də hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərlə deyil, TEKUS məlumat bazasında faktiki istifadə vəziyyətinə uyğun fərqli ölçülərlə qeyd edilmişdir. İddiaçının tələb etdiyi kəsir torpaq sahəsi Balakən rayonu, Talalar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı əkin sahəsidir və həmin ərazi Talalar bələdiyyəsinin mülkiyyətinə aiddir. Məhkəmə qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.5-ci maddəsinə, alqı satqı müqaviləsi isə sözügedən Qanunun 8.0.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olsa da, torpaq islahatı dövründə aparılmış ölçmələrin və verilmiş sənədlərin bir çox hallarda faktiki vəziyyətlə uyğun olmaması məhkəmə təcrübəsindən və inzibati orqanın praktikasından məlumdur. Bunun hüquqi həlli məhz “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanında nəzərdə tutulmuşdur. Sözügedən Fərmanın qəbul edilməsinin başlıca məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək olmuşdur. Belə ki, torpaq islahatından sonra belə ölçü uyğunsuzluqlarının sistemli şəkildə qalması dövlətə məlum idi və bu səbəbdən də müvafiq fərman verilməklə torpaqların real istifadə vəziyyətinə uyğun hüquqi mexanizm yaradılmış, torpaq islahatı prosesi zamanı yaranmış ölçü uyğunsuzluqlarının həlli məqsədilə istinad olunan Fərmanın müvafiq bəndlərində torpaq sahəsinin faktiki ölçülərinin hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olması halına münasibətdə xüsusi tənzimləmə müəyyən edilmişdir. İstinad olunan “Fərman”nın 2.3.2-ci bəndində torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi... 2.3.5-ci bəndində ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi qeyd olunmuşdur. Göründüyü kimi Fərmanın 2.3.2-ci bəndinə əsasən, torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılması torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılmalıdır. Bu o deməkdir ki, əgər sənəddə göstərilən ölçü ilə faktiki istifadə arasındakı fərq yalnız sənəd üzərində qeyri-dəqiqlikdən irəli gəlirsə və real istifadə olunan torpaq sahəsi dəqiq müəyyən edilə bilirsə, bu halda sənəd dəyişdirilmədən hüquqi qeydiyyat davam edə bilər. Lakin, fərmanda aydın şəkildə göstərilir ki, torpaq sahəsinin faktiki ölçüsü sənəddə göstəriləndən az olduqda, yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçüsü göstərilməlidir və bu, yalnız mülkiyyətçinin, istifadəçinin və ya icarəçinin yazılı razılığı əsasında həyata keçirilə bilər. Bu prinsip istənilən halda torpaq sahibinin hüquqlarını qorumaqla yanaşı, real vəziyyəti də hüquqi müstəvidə tanımağa imkan yaradır və qeydiyyatın formallığını aradan qaldırır. 2.3.5-ci bəndə görə isə, torpaqla bağlı layihələr və sənədlər, normativ hüquqi aktların tələblərinə uyğun olduğu və digər şəxslərin hüquqları pozulmadığı hallarda, cavabdeh real vəziyyəti nəzərə almalı, hüquqi sənədlər faktiki istifadə vəziyyəti əsas götürülərək tərtib edilməlidir. Hazırkı işdə iddiaçı, bələdiyyə mülkiyyətinə aid 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hesabına kəsir torpaq sahəsinin tamamlanmasını tələb edir. Lakinbu tələbi heç bir hüquqi əsasa söykənmir və tamamilə faktiki istifadəyə əsaslanır. İşdə olan JN-126 nömrəli Dövlət Aktının D planşetində qeyd edilmiş 10135,99 kv.m torpaq sahəsinin DWJ və TEKUS bazalarındakı yerləşmə vəziyyətindən görünür ki, sözügedən 0,45 ha torpaq sahəsinin yerləşmə vəziyyəti ilə JN-126 nömrəli Dövlət Aktının D planşetində qeyd edilmiş torpaq sahəsi arasında hər hansı hüquqi əlaqə yoxdur. Yəni, sözügedən torpaq sahəsinin azalmasına səbəb 0,45 ha torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi göstərilməsi ilə bağlı deyil. Ümumiyyətlə JN-126 nömrəli Dövlət Aktının D planşetinin cizgisi ərazinin coğrafi yerləşmə vəziyyətinə uyğun deyil. Faktiki naturada mövcud olan 0,56 ha torpaq sahəsinin özü də, sözügedən Dövlət Aktının cizgisi ilə tam uyğunluq təşkil etmir. İddiaçı, Dövlət Aktının cizgisində göstərilən torpaq sahəsinin naturada az olması ilə razılaşmadığından həmin torpaq sahəsini bələdiyyə mülkiyyətində olan torpaq sahəsi hesabına tamamlanmasını tələb edir. Lakin, yuxarıda qeyd edildiyi kimi bələdiyyə mülkiyyətində olan 0,45 ha torpaq sahəsinin JN-126 nömrəli Dövlət Aktına heç bir aidiyyəti yoxdur və istinad olunan Fərmanın 2.3.5-ci bəndində nəzərdə tutulmuş faktiki istifadə vəziyyətinin nəzərə alınması üçün aşağıdakı şərtlərə əməl olunmalıdır: - torpaqla bağlı normativ-hüquqi aktların tələblərinə və təsdiq edilmiş ərazi planlaşdırma sənədlərinə zidd olmamalıdır. - torpağın faktiki istifadəsi üçüncü şəxslərin mülkiyyət və digər əmlak hüquqlarını pozmamalıdır. - torpaq sahəsinin naturada ölçüləri və sərhədləri yerquruluşu planına uyğun olmalı, ciddi konfiqurasiya fərqləri yaranmamalıdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hər hansı hüquqi əsas olmadan bələdiyyə mülkiyyətində olan 0,45 ha torpaq sahəsini istifadə etməsi, istinad olunan Fərmanın 2.3.5ci bəndinin ona münasibətdə tətbiqini istisna edir. Belə ki, mövcud vəziyyətdə iddiaçının faktiki istifadəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin əsassız zəbt edilməsi anlamına gəlir. Başqa sözlə, 0,45 ha torpaq sahəsinin tələb edilməsi, həmin torpaq sahəsi ilə dövlət aktında göstərilən torpaq sahəsi arasında konfiqurasiya fərqlərinin mövcudluğuna yox, əslində tamamilə fərqli bir ərazinin iddia olunmasına işarə edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanında kəsir torpaq sahələrinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hesabına tamamlanması nəzərdə tutulmamış, əksinə torpaq sahəsinin faktiki ölçülərinin hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olması ehtimalı nəzərə alınmaqla, yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi və bunun yalnız mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi təsbit edilmişdir. Yəni, Fərmanda vurğulanan əsas prinsiplərdən biri real vəziyyətin nəzərə alınmasıdır. Buna görə də, mülkiyyət hüququnun qeydiyyatı faktiki mövcud olan sahə əsasında aparılmalıdır. Odur ki, torpaq sahəsinin faktiki istifadəsi ilə hüquq müəyyənedici sənədlərdə göstərilən ölçü arasında uyğunsuzluq olduğundan və iddia olunan torpaq sahəsinin JN- 126 nömrəli Dövlət Aktına hər hansı aidiyyəti olmadığından iddiaçı, Dövlət Aktında göstərilən ölçüyə istinad edərək bələdiyyə mülkiyyətində olan torpaq sahəsi hesabına kəsir torpaq sahəsinin tamamlanmasını tələb etməkdə haqlı sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddia olunan 0,45 ha torpaq sahəsi torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçilərinə ayrılmamış, onlar da, JN- 126D saylı Dövlət Aktının 126D planşetindəki torpaq sahəsini kəsir ölçüdə istifadə etmiş və ötən müddət ərzində bunu mübahisələndirməmişlər. İddiaçı, xx.xx.2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsi ilə JN-126D saylı Dövlət Aktının 126D planşetindəki torpaq sahəsini alarkən faktiki olaraq naturada həmin torpaq sahəsini az qəbul etmiş və hazırda iddia olunan 0,45 bələdiyyə mülkiyyətindəki torpaq sahəsi sözügedən alqı-satqı müqaviləsinin predmeti olmamışdır. İddiaçı, hüquq müəyyənedici sənədlərdə göstərilən ölçülərin dəqiqləşdirilməsi və faktiki istifadənin uyğunlaşdırılması üçün müvafiq düzəlişlərin aparılmasını tələb edə bilər, lakin bu, torpaq sahələrinin yenidən bölüşdürülməsi hesabına həyata keçirilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçı, torpaq sahəsinin naturada mövcud olan ölçüdə qeydiyyatın aparılmasına razı olmadığından və iddia etdiyi 0,45 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “xx.xx.1999-cu il tarixli JN-126 KOD 40113018 Dövlət Aktı əsasında faktiki istifadəsində olan, bələdiyyə mülkiyyətinə aid 0,45 ha torpaq sahəsinin naturada tanıdılması və həmin torpaq sahəsi nəzərə alınmaqla cəmi 1,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.