Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3226/2023 18.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “20 oktyabr 2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş staj və yaş tələbləri əsas götürülməklə, 20 oktyabr 2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, hərbi xidmət dövrü, peşə təhsili müddəti və əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti müddəti nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 5 ay 16 gün) olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki, Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X2 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən l/İT-l ******* nömrəli əmək kitabçasında və ’’Mingəçevir Enerjiquraşdırma” ATSC-nin 16 avqust 2023-cü il tarixli 08 nömrəli arayışında onun xx.xx.1995-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində X1 quraşdırma sahəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq sözügedən müəssisənin arxiv sənədlərinin saxlanmadığı və arxivə təhvil verilmədiyi, eyni zamanda yazılan arayışların əmək kitabçalarına əsasən tərtib olunduğu bildirilib. Bu fakt ’’Mingəçevir Enerjiquraşdırma” ATSC tərəfindən 12 sentyabr 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəbdən də iddiaçının sözügedən dövrdə işləyib-işləmədiyini müəyyən etmək mümkün olmadığından həmin dövrü onun iş stajına daxil etmək mümkün olmamışdır. 12 sentyabr 2023-cü il tarixli akta əsasən aşağıdakı məsələlər müəyyən edilmişdir: - ’’Mingəçevir Enerjiquraşdırma” ATSC-də, ümumiyyətlə əmrlər kitabları və əmək haqqı cədvəlləri kitabları saxlanılmır; - Sənədlərin hansı səbəblərdən dolayı saxlanılmadığı məlum olmamışdır; - Sözügedən sənədlər heç bir arxivə təhvil verilməmişdir; - Mərkəzi Filiala təqdim edilən arayışların əmək kitabçalarına əsasən tərtib olunduğu məlum olmuşdur. Mərkəzi Filialın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-H- 219839/2023 nömrəli imtina məktubunda iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajına aşağıdakı dövrlər daxil edilmişdir: Mübahisələndirilən sosial sığorta stajı: xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlər (8 il 3 ay 15 gün) Mübahisələndirilməyən sosial sığorta stajı: • xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan hərbi xidmət dövrü (2 il 23 gün); • xx.xx.1980-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrlər (15 il 3 ay 21 gün); • 2020-2023-cü illər üzrə cəmi 1 il 1 ay. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 166474,50 manat təşkil etmişdir. İddiaçıya münasibətdə kapital tələbinin qoyulmasının əsas səbəbi Qanunun 7-ci maddəsi ilə bağlıdır. Belə ki, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin normasından göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi həmin Qanununun 7-ci maddəsinə göndəriş edərək qeyd edir ki, şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ya kifayət qədər kapital kapitalı, ya da 25 il sosial sığorta stajı olmalıdır. İddiaçıya münasibətdə isə nə kapital tələbi, nə də staj tələbi ödənməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 5 ay 16 gün) olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 5823 nömrəli attestatından görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1980-ci il tarixlərdə texniki peşə təhsili almışdır. - Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2023-cü il tarixli 08 nömrəli arayışından görünür ki, iddiaçı 08 may 1980-ci il tarixində X1 Quraşdırma Sahəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. (əmr 87/k, xx.xx.1980) 13 may 1982-ci il tarixində elektrik qaynaqçısı vəzifəsində 4-cü dərəcə verilmişdir. (əmr 106/k, xx.xx.1982-ci il) 17 sentyabr 1986-cı ildə elektrik qaynaqçısı vəzifəsində 5-ci dərəcə verilmişdir. (əmr 184/k, xx.xx.1986) 04 yanvar 1988-ci ildə əməyin ödənilməsinin yeni tarif dərəcələrinin tətbiqi ilə əlaqədar olaraq elektrik qaynaqçısı vəzifəsində 4-cü dərəcə verilmişdir (əmr 23-k, 03 fevral 1988) 25 noyabr 1991-ci ildə elektrik qaynaqçısı vəzifəsində 5-ci dərəcə verilmişdir. (əmr 145/k, 2 dekabr 1991) 29 avqust 1995-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir, (əmr 29/k, 29 avqust 1995) 04 sentyabr 1995-ci ildə X1 Quraşdırma Sahəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir (əmr 31/k, 04 sentyabr 1995) 19 dekabr 2003-cü ildə öz xahişi ilə işdən azad edilmişdir, (əmr 49-k, 19 dekabr 2003-cü il) Əl ilə elektrik qaynaqçıları iş prosesində gözlərin ultrabənövşəyi və infraqırmızı şüalanmasına, tənəffüs yollarının qaynaq prosesində yanan flüslərin zəhərli buxarlarına məruz qalır, həmçinin işlərin yerinə yetirildiyi mühit açıq hava şəraitində atmosfer yağıntıları, soyuq və isti havanın, elektrik stansiyasında normadan artıq səs-küyün və elektromaqnit dalğalarının bütün orqanizmə ziyan vurduğu şəraitdə öz əmək funksiyalarını həyata keçirirlər. Elektrik qaynaq işləri məhz əl ilə həyata keçirilir, çünki, elektrik stansiyalarında avtomatlaşdırılmış və ya yarım avtomatlaşdırılmış elektrik qaynaq işlərinin görülməsi işin xarakterinə uyğun olaraq aparılması mümkün deyil. Yuxarıda qeyd edilənlərə əsasən bildirilmişdir ki, İddiaçı 08 may 1980 - 19 dekabr 2003-cü il tarixlərində işlədiyi elektrik qaynaqçısı qaynaqçı peşəsinin vəzifə öhdəlikləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35. Ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinin vəzifə öhdəlikləri ilə eynilik təşkil etməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı qaynaqçı vəzifəsində güzəştli iş stajı 23 il 7 ay 11 gün təşkil edir. - ИT-İ ******* №-li əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1980 - xx.xx.1995 (15 il, 3 ay, 21 gün), xx.xx.1995 – xx.xx.2003 (8 il, 3 ay, 15 gün) - НЗ ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1977 - xx.xx.1979-cu il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli 3-29-63/2-H-6xx-xx/2023 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixində 22 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Elektrik qaynaqçısı” ixtisasına qəbul olmuş və xx.xx.1980-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-291228/2023-cü il tarixli məktubundan görünür ki, Vaqif Nəci oğlu X3 təqdim etdiyi HT-İ ******* nömrəli əmək kitabçasında və "Mingəçevir Enerjiquraşdırma” ATSC-nin 16 avqust 2023-cü il tarixli 08 nömrəli arayışında xx.xx.1995-19.12,2003-cü il tarixləri arasındakı dövr ərzində X1 quraşdırma sahəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq sözügedən müəssisənin arxiv sənədlərinin saxlamadığı və arxivə təhvil verilmədiyi, eyni zamanda yazılan arayışların əmək kitabçalarına əsasən tərtib olunduğu bildirilib. Bu fakt "Mingəçevir Enerjiquraşdırma" ATSC tərəfindən 12 sentyabr 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəbdən də adıçəkilən şəxsin sözügedən dövrdə işləyib-işləmədiyi müəyyən etmək mümkün olmadığından həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də, İddiaçı ümumi iş stajı isə 18 il 8 ay 16 gün (xx.xx.1977-xx.xx.1979-ci il, xx.xx.1980xx.xx.1995-ci ii tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda, adıçəkilən şəxsin təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun güzəştli iş stajı isə 15 il 3 ay 21 gün (xx.xx.1980-xx.xx.1995-ci il tarixləri arasındakı dövr) təşkil edir. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 57 yaşının bitdiyi xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1957-ci ildə doğulub). Cavabdeh orqan iddiaçıya 57 yaşının bitdiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkünsüzülüyünü iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi və iddiaçının ümumi iş stajının 25 ildən az olması ilə əsaslandırır. Məhkəmə cavabdeh orqanın mövqeyini əsassız hesab edir. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh orqan iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan (8 il 3 ay 15 gün) X1 quraşdırma sahəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi müddəti sosial sığorta stajı kimi qəbul etmir və bildirir ki, sözügedən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərmiş, müəyyən edilmişdir ki, müəssisənin arxiv sənədləri saxlanılmır və arxivə təhvil verilməmişdir, eyni zamanda yazılan arayışlar əmək kitabçalarına əsasən tərtib olunmuşdur. Bu fakt "Mingəçevir Enerjiquraşdırma" ATSC tərəfindən 12 sentyabr 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəbdən də adıçəkilən şəxsin sözügedən dövrdə işləyib-işləmədiyi müəyyən etmək mümkün olmadığından həmin dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Qəbul edilən ümumi iş stajı isə 18 il 8 ay 16 günə bərabərdir. İş materiallarında olan ИT-İ ******* №-li əmək kitabçasına müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti müddəti xx.xx.1980 - xx.xx.1995 və xx.xx.1995 – xx.xx.2003-cü illəri əhatə etməklə 23 il, 7 ay, 6 günə bərabərdir. Həmin müddətin üzərinə iddiaçının texniki peşə təhsili (7 ay, 20 gün) və hərbi xidmət müddətini (2 il, 21 gün) əlavə etdikdə iddiaçının ümumi iş stajı 26 il, 3 ay, 17 günə bərabər olur. Həmin müəssisənin arxiv sənədlərinin mövcud olmaması iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onun ziyanına şərh edilə bilməz. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Odur ki, cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasında icra edilmiş qeydlərin düzgün olmaması qənaətindədirsə bununla bağlı məhkəməyə sübutlar təqdim etməli və icra edilmiş qeydlərin nəyə görə həqiqətə uyğun olmaması ilə bağlı mövqeyini əsaslandırmalıdır. İddiaçının xüsusi iş stajına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının güzəştli iş stajının 12 il, 6 aydan artıq olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı, texniki peşə təhsilini “elektrik qaynaqçısı” olaraq almış və işlədiyi peşə müxtəlif dərəcələr üzrə elektrik qaynaqçısı peşəsi olmuşdur. İddiaçının işlədiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları - peşəsinə uyğun gəlir. Eyni zamanda, iddiaçının əmək kitabçasında qeyd olunan peşələrin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRİ və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yarandığından və xx.xx.2006-cı ilədək ümumi və xüsusi iş stajı ilə bağlı tələb iddiaçıya münasibətdə ödənildiyindən, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından göründüyü kimi, iddiaçının hazırkı iddia tələbii lə məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2023-cü il tarixdə analoji tələblə cavabdeh orqana müraciət etmişdir. Odur ki, müraciət tarixindən əvvəlki son 36 ay xx.xx.2020-ci il tarixdən hesablanmaqla ödənişlər həyata keçirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 20 oktyabr 2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən hesablanmaqla müraciət tarixindən əvvəlki son 3 il üçün üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.