Məhkəmə qərarları › İş №2-1(116)-323/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-323/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-323/2021 19.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X11, Cavabdehin nümayəndəsi X6 Üçüncü şəxs X7 iştirakı ilə İddiaçı cavabdeh İsmayıllı rayonu Lahıc bələdiyyəsinə qarşı "bələdiyyənin qanunsuz qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi və bələdiyyənin qanunsuz hərəkətləri barədə xüsusi qərardadın çıxarılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh İsmayıllı rayonu Lahıc bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "bələdiyyənin qanunsuz qərarının ləğv edilməsi və bələdiyyənin qanunsuz hərəkətləri barədə xüsusi qərardadın çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lahıc bələdiyyəsinin xx.xx.2002-ci il tarixli qərarı ilə iddiaçıya məxsus 210 kv.m torpaq sahəsi X1. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə bələdiyyənin qərarı etibarsız hesab edilmişdir. Bələdiyyə Məhkəmə qərarının ziddinə olaraq xx.xx.2011-ci il tarixli ikinci qərarla iddiaçıya məxsus 150 kv.m torpaq sahəsini yenidən R.Əliyevaya satmışdır. R.Əliyevanın istifadəsində hazırda 210 kv.m artıq torpaq sahəsi vardır. İddiaçı bildirir ki, Lahıc qəsəbəsi, M.Hüseynov küçəsi 47 ünvanında yerləşən sahə, mülk uzun illərdir ona məxsusdur. Belə ki, orada iddiaçının dayısına məxsus dükan yerləşir ki, həmin dükan tarixi abidə kimi dövlət tərəfindən qorunur. İddiaçı Torpaq Məcəlləsinin 42-ci maddəsinə (1. Torpaqların monitorinqi — torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və onların təsiri nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə uzunmüddətli müşahidə-nəzarət sistemindən ibarətdir. 2. Torpaqların monitorinqinin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir) istinad edərək, qeyd edir ki, tarix-mədəniyyət qoruğunun ərazisi dövlət torpaqları hesab edilir. Buna baxmayaraq bələdiyyə qanunsuz olaraq həmin dövlət torpaqlarını hərraca qoyaraq satır. Cavabdeh orqan məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd edir ki, iddiaçının mübahisələndirdiyi Lahıc Bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli 09 saylı protokoluna əsasən 01 saylı Qərarı ilə Lahıc qəsəbəsi, Nizami Hüseynov küçəsi 47 ünvanında yerləşən 150 kv.m bələdiyyə mülkiyyətində olan torpaq sahəsi qəsəbə sakini X8 ərizəsinə əsasən satılmışdır. Həmin protokola əsasən X9 ilə Lahıc bələdiyyəsi arasında xx xxxx 2011-ci il tarixli 315 nömrəli torpaqların alqı-satqısına dair akt bağlanmış, İsmayıllı rayon Torpaq Şöbəsində qeydə alınaraq, həmin torpaq sahəsi cizgiləri çəkilərək naturada ölçülərək ona verilmişdir. Torpaq sahəsinin satış qiymətini Lahıc bələdiyyəsinin hesabına keçirmişdir. Azərbaycan Respublikası DT və XK-nın İsmayıllı rayon Şöbəsinə həmin ərazinin şəxsə satılmasının məqsədə uyğunluğu barədə sorğu verilmiş, DT və XKnın İsmayıllı rayon Şöbəsindən torpağın alqı-satqı qaydasında ayrılıb verilməsi məqsədəuyğun hesab edilərək xx.xx.2011-ci il tarixli 388 nömrəli rəy vermiş və Lahıc bələdiyyəsinin hüdudları daxilində olan torpaqların elektron kadastr planından Çıxarış çəkilərək müvafiq qurumlar tərəfindən təsdiqlənərək vətəndaşa verilmişdir. Torpaq sahəsi üzərində X7 hüququ Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2012-ci il tarixində 6190 nömrə ilə uçota alınaraq A № 382115 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Qeyd olunan torpaq sahəsində heç bir tikinti olmamış və həmin torpaq sahəsinin Lahıc Bələdiyyəsinin DBF torpaqları siyahısında İddiaçı məxsus olması haqqında heç bir sənəd aşkar edilməmişdir. Qeyd olunan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq X7 adına çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X22 üzərinə qoyulması haqqında Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2- 1(84)-1747 /2018 saylı qərarı qəbul edilmiş və icra edilmişdir. Həmin torpaq sahəsi DƏDRX-nın 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində dövlət qeydiyyatına alınaraq ona xx xxxxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı qeyd olunan məsələ ilə əlaqədar müvafiq dövlət orqanlarına bir neçə dəfə şikayət etmiş və İsmayıllı rayonu İcra Hakimiyyətinin müvafiq Komissiyası və Memarlıq Şöbəsi baxiş keçirmiş, eyni ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsi həmin məsələni araşdırmış və heç bir qanun pozuntusu aşkar edilməmişdir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi qanunun tələblərinə tam uyğun olaraq X2, həmin torpaq sahəsinin İddiaçı heç bir aidiyyəti yoxdur, onun adına Lahıc Bələdiyyəsinin dövlət bələdiyyə fondu torpaqlarının siyahısında heç bir sənəd aşkar edilməmişdir. Bələdiyyə mülkiyyətində olan istəlinən torpaq sahəsinin qanunvericiliyin tələbinə uyğun olaraq satılması proseduru İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin yerində baxış keçirilməsinə uyğun verilmiş rəyinə əsasən bələdiyyənin iclasında qəbul edilmiş kollegial qərara əsasən həyata keçirilir və bütün sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilir. Lahıc qəsəbəsinin ərazisində tikililər Turizm Agentliyi və İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən alınmış layihə əsasında inşa edilir. X4 xx xxxx 2011-ci il tarixli Qərarı Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq qəbul edilmiş, tam qanuni və əsaslıdır, onun ləğv olunmasına heç bir əsas yoxdur. Ləğv tələb edilən qərar üzrə torpaq sahəsi ayrılmış X9 məhkəmə iclasına gəlmiş, şifahi vəsatət verərək məhkəmənin icraatına cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli protokol qərardadı ilə X9 üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixli ərizə ünvanlayaraq səhhəti ilə bağlı iclasda iştirak edə bilməyəcəyini qeyd etmiş və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan xx.xx.1991-ci il tarixdə tərtib edilən Aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, 156 kv.m sahəsi olan xarabalıq həqiqətən İddiaçı ata-baba yurdu olmaqla onlara məxsusdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-730/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin iş üzrə İddiaçı cavabdehlər X9 və Lahıc bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, qanunsuz tikilinin sökülməsi və tikinti işlərinə qadağa qoyulması” barədə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)- 705/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-730/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-3750/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-705/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin icraatına İsmayıllı rayon Lahıc bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qararının ləğv edilməsi tələbinə aid hissədə xitam verilmiş, qanunsuz tikilinin sökülməsi və tikinti işlərinə qadağa qoyulması tələblərinə aid hissədə iş üzrə yeni qərar qəbul edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. İş materiallarında olan DTXK-nın İsmayıllı rayon şöbəsinin xx.xx.2011-ci il tarixli bələdiyyəyə ünvanladığı məktubdan müəyyən edilir ki, Şöbə R.Əliyevaya 0.015 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. İş materiallarında olan Lahıc bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 09 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən edilir ki, Lahıc qəsəbə sakini Rəsmiyyə Əliyeva ona həyətyanı torpaq sahəsinin verilməsi üçün bələdiyyəyə müraciət etmiş və qeyd olunan qərarla ona 0.015 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan Torpaqların alqı-satqısına dair Aktın surətindən müəyyən edilir ki, 0.015 ha torpaq sahəsi X1. Bunun əsasında A seriyalı 382115 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 6190 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan A seriyalı 335708 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən müəyyən edilir ki, 0.0115 ha həyətyanı torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. Əsas: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-174/2018 nömrəli 27.112018-ci il tarixli qərarı, 382115 nömrəli, xx.xx.2012-ci il tarixli plan ölçü sənədi. Qeyd olunanlar əsasında 0.0115 ha torpaq sahəsinə dair R.Əliyevanın adına RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış tərtib edilmişdir. İş materiallarında olan X3, X10 və X12 tərəfindən imzalanaraq tərtib edilən xx.xx.2014-cü il tarixli Aktda qeyd edilir ki, bu gün Lahıc qəsəbəsinin Nizami Hüseynov küç., 47 №-li həyətdə yerləşən torpaq sahəsinə X9 əsassız iddia edir və bu səbəbdən uşaqlarını vadar edir ki, bu torpaq sahəsi onundur, oranı hamarlayın. Bu əsassız iddia ona əsaslanır ki, bəs bu torpaq sahəsi onun ata babası Asəfindir. Bu belə deyil. Asəfin atababa mülkünü o həyətdə göstərən olmaz. Biz ərz edirik ki, Asəfin ata-baba mülkü Ərəcit məhəlləsində (kəndində) yerləşib. X16 doğma qardaşı X13 ilə Ərəcit məhəlləsindəki (kəndi) ata-baba mülkündə yaşayıblar. Asəf toydan sonra həmin mülkdən öz payını bağışlayıb qardaşı Cənabiyə və Asəfin dayıları Məşədi Əliheydər ləqəbi Baladayı və Hacıkərim bacılarının subay vaxtı Lahıcda ev tikmişlər və Asəf Məmmədov toydan sonra gəlib həmin evdə yaşayıb. Asəfin qızı X17 söyləyib ki, atası Asəf Məmmədov 1943-cü ildə 39 yaşında qara ciyər xəstəliyindən vəfat edib. Lahıc qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş 30 dekabr 2003-cü il tarixli, 111 saylı arayışa əsasən N.Hüseynov küçəsində yerləşən 47 saylı ev XİX əsrin axırı, XX əsrin əvvəllərində tikilibdir. Həmin dövrdə Asəf Məmmədov ev tikə bilməzdi, o anadan olmamışdır. O ev Asəfin anasınındır, ona görə ki, o evi anasına onun qardaşları tikibdir. Bu səbəbdən Əliyeva Rəsmiyyənin o torpağa iddiası əsassızdır. Bu torpaq sahəsi əzəldən Baladayı ləqəbli Məşədi Əliheydərin olmuşdur. İş materiallarında olan A seriyalı 220492 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın xx.xx.1999-cu il tarixli 74 saylı qərarı ilə 261.73 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən müəyyən edilir ki, Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Lahıc qəsəbəsində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, cədvəldə 30-cu sırada X7 adı qeyd edilmiş və qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin 0.0210 ha olduğu göstərilmişdir. Həmin cədvəldə İddiaçı adı 75-ci sırada qeyd edilmiş və qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin 0.03 ha olduğu göstərilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı mübahisələndirdiyi bələdiyyə qərarına əsasən üçüncü şəxsə satılmış həyətyanı torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də, üçüncü şəxsə müvafiq qərarla satılan 0.015 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğunu və ya verildiyini müəyyənləşdirməyə imkan verən hüquqmüəyyənedici sənədlər iş materiallarında aşkar edilməmişdir. Bu səbəblə də məhkəmə hesab edir ki, iddiaçı bələdiyyə qərarının ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddia tələbinin ikinci hissəsi (bələdiyyənin qanunsuz hərəkətləri barədə xüsusi qərardadın çıxarılması) ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı bələdiyyə orqanının hərəkətlərində qanun pozuntusu aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işə baxılan zaman cinayətin əlamətləri aşkar olunanda məhkəmə xüsusi qərardad çıxarır. Ona görə də xüsusi qərardad qəbul edilməsi tələbinə baxıla bilməz, belə iddia mümkün sayılmamalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh İsmayıllı rayonu Lahıc bələdiyyəsinə qarşı "bələdiyyənin qanunsuz qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi və bələdiyyənin qanunsuz hərəkətləri barədə xüsusi qərardadın çıxarılması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar