Məhkəmə qərarları › İş №2-1(116)-323/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-323/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-323/2022 18.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli evin 17 nömrəli mənzilinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.1996-cı il tarixli 594 nömrəli sərəncamına əsasən, Mingəçevir şəhəri Natəvan küçəsindəki 30/3 nömrəli evin, yaşayış sahəsi 53,13 kv.m olan, 4-cü mərtəbədə yerləşən 4 otaqlı 17 nömrəli mənzilinin İddiaçı verilməsi qərara alınmışdır. Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatı tərəfindən İddiaçı adına 03.07.1996-cı il tarixli 005220 nömrəli order verilmişdir. Orderdə göstərilmişdir ki, İddiaçı 3 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır. Orderdə ailənin tərkibi qrafasında İddiaçı, onun həyat yoldaşı Lətifə Qəribovanın, qızları Mədinə Əliyevanın və Nərminə Əliyevanın adları qeyd olunmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasport verilməsini xahiş etmiş, lakin cavabdeh 16.02.2021-ci il tarixli **********62 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sözügedən mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının tikintisi başa çatdırılmadığı üçün bina istismara qəbul edilməmiş və Mingəçevir Şəhər İcra Hakimiyyətinin balansına verilməmişdir. Ona görə də mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli evin 17 nömrəli mənzili Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.1996-cı il tarixli 594 nömrəli sərəncamı ilə ona verilmiş, onun adına 03.07.1996-cı il tarixli 005220 nömrəli order tərtib edilmişdir. Binaya kommunal xidmətlər tam şəkildə verilmiş, mənzildə yaşayanlar yaşayış yeri üzrə qeydiyyatdadırlar. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həmin mənzil onun mülkiyyətinə verilməlidir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı 11.10.2021-ci il tarixli **********02 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Şəki İnzibati Məhkəməsinin 29.11.2021-ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs Mingəçevir Şəhər İcra Hakimiyyəti iddiaya qarşı rəsmi münasibət (etiraz) bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.1996-cı il tarixli 594 nömrəli sərəncamından görünür ki, Mingəçevir şəhəri Natəvan küçəsindəki 30/3 nömrəli evin 17 nömrəli mənzilinin İddiaçı verilməsi qərara alınmışdır. - İşdə olan, Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatı tərəfindən verilmiş 03.07.1996-cı il tarixli 005220 nömrəli orderdən görünür ki, həmin order İddiaçı adına verilmişdir və onun 3 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır. - İşdə olan, cavabdehin 16.02.2021-ci il tarixli **********62 nömrəli imtina məktubundan görünür ki, sözügedən mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının tikintisi başa çatdırılmadığı üçün bina istismara qəbul edilməmiş və Mingəçevir Şəhər İcra Hakimiyyətinin balansına verilməmişdir. Ona görə də mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. - İşdə olan, Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Kombinatının 14.12.2021-ci il tarixli 351 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli bina 6 giriş hissədən və 5 mərtəbədən ibarətdir. Həmin binanın 30 mənzili yaşayış üçün tam yararlıdır, lakin 4-cü, 5-ci və 6-cı giriş hissəsi 3-cü mərtəbəyədək natamam tikilidir. Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli bina Mənzil-Kommunal Təsərrüfatı Kombinatının balansında deyil. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində deyilir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Eyni zamanda, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsindən görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (01.10.2009-cu ilədək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. İşdən görünür ki, iddiaçının özəlləşdirmək istədiyi mənzil Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 28.06.1996-cı il tarixli sərəncamı ilə ona verilmiş, hətta iddiaçının adına 03.07.1996-cı il tarixli order də verilmişdir. İddiaçı hal-hazıradək həmin mənzildə yaşayır. Lakin bununla yanaşı, müəyyən edildi ki, mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının tikintisi başa çatdırılmadığı üçün bina bugünədək istismara qəbul edilməmiş və Mingəçevir Şəhər İcra Hakimiyyətinin balansına verilməmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Kombinatının 14.12.2021-ci il tarixli 351 nömrəli arayışı ilə müəyyən edildi ki, Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli bina 6 giriş hissəsindən, 5 mərtəbədən ibarətdir, binanın 30 mənzili yaşayış üçün tam yararlıdır, lakin 4-cü, 5ci və 6-cı giriş hissələri 3-cü mərtəbəyədək natamam tikilidir, vətəndaşların sənədləri yalnız orderdən ibarətdir, həmin bina Mənzil-Kommunal Təsərrüfatı Kombinatının balansında deyil. Yuxarıda qeyd olunduğu kimi, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq, mənzili özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı tərəfindən həmin mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verilməli və vətəndaş yaşadığı mənzili özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə həmin arayışı (2 №-li forma) əlavə etməlidir. Lakin iddiaçının yaşadığı mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası natamam tikili olması səbəbindən Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Kombinatının balansına daxil edilmədiyinə görə həmin təşkilatın bu mənzillə bağlı arayış (2 №-li forma) vermək öhdəliyi yoxdur. Göründüyü kimi, iddiaçı mənzilin özəlləşdirilməsi üçün cavabdehə təqdim etməli olduğu sənədlərin hamısını ("Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) təqdim edə bilmir. Belə olan halda isə, mənzilin özəlləşdirilməsi mümkün deyil. Eyni zamanda, məhkəmə bunu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən binada yerləşən digər mənzillər də bugünədək özəlləşdirilməmişdir. Bu səbəbdən inzibati praktikaya istinad edilməsi də mümkün deyil. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh mənzili iddiaçının adına özəlləşdirməkdən imtina etməkdə haqlı olmuşdur, ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Mingəçevir şəhəri Natəvan küçəsi 30/3 nömrəli evin 17 nömrəli mənzilinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar