Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3234/2024 18.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyinin ləğv edilməsi barədə qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müddətsiz əlilliyinin ləğv edilməsi barədə qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçı 1993-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.1993-cü ildə aldığı xəsarətlərlə bağlı xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik Qərarı ilə təmin edilmişdir. Bir çox vaxtlarda o, tibb müəssiəbrində müayinə və müalicələrdə olmuşdur, səhətində olan ağır xəstəliklərlə bağlı ona əlillik təyin edilməsi üçün tibb müəssiəsinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə müraciət edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona İİ dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmişdir. Bu məqsədlə ona xx.xx.2018-ci ildən etibarən pensiya və təqaüd təyin edilmiş və ödənilmişdir. Lakin, xx.xx.2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspet Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron sistemə baxarkən ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona təyin edilmiş müddətsiz əlillik müdaxilə edilərək xx.xx.2023-cü ilədək təyin edilməsi göstərilmişdir. Onun əlilliyinin müddəti əsassız olaraq dəyişdirilmişdir, çünki, o, əvvəl qiymətləndirilmiş və ona müddətsiz əlillik təyin edilmişdir. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxnayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və X2 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş İddiaçı üçün ətraflı qiymətləndirmə məlumatından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubu.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 920 nömrəli qərarı.
Əsaslandırma hissəsi:
İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı müddətsiz əlilliyinin ləğv edilməsi barədə qərarının ləğv edilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması, onunla müzakirə edilməsi məqsədi ilə 18 noyabr 2024-cü il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı kompenentlərdən ibarətdir :
1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.
2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır. Lakin, iddiaçı iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən və əlavə edilən sənədlərdən müəyyən edilir ki, iddiaçının çatmaq istədiyi hüquqi nəticə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsinə yönəlmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya X1rşı “2-ci dərəcə “Azərbaycan Respublikasının Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində xx.xx.2018-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1534/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı ilə təmin edilməmişdir. İddiaçının əlillik vəziyyəti 39 nömrəli şəhər poliklinikasının 4326003AAA44 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2023-cü ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Yalnız texniki nöqsan nəticəsində e-sosial platformasında əlillik təyinatı ilə bağlı şəxsi kabinetində “Əlillik müddəti” bölümündə “Müddətsiz” qeydi əks olunmuşdur. Belə olan halda cavabdeh orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. (həmin iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2296/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı). İddiaçı ifadə formasını və tələbi fərqli təqdim etməsinə baxmayaraq nail olmaq istədiyi hüquqi nəticə eyni qalmaqdadır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Plenum Qərarında qeyd olunur ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Yuxarıda qeyd olunan halları və iddiaçının hüquqi marağını,nail olmaq istədiyi hüquqi nəticəni nəzərə almaqla məhkəmə hesab edir ki,hazırkı iddia tələbinə müvafiq dəqiqləşdirmə aparılmasına zərurət mövcud olmamış,belə dəqiqləşdirmənin aparılması iddianın mümkünlük şərtlərinə təsir göstərməyəcəyindən hazırkı iddia ərizəsi çərçivəsində iddianın mümkünlüyünə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Yuxarıda qeyd olunanlardan göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyinin ləğv edilməsi barədə qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə