Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-324/2024 25.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli yığıncağının iclas qərarı ilə “Amal” kiçik müəssisəsinə ayrılmış 40,0 ha torpaq sahəsindən 15,0 ha sahəsi üzərində “Amal” kiçik müəssisəsinin mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli yığıncağının iclas qərarı ilə “Amal” kiçik müəssisəsinə ayrılmış 40,0 ha torpaq sahəsindən 15,0 ha sahəsi üzərində “Amal” kiçik müəssisəsinin mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-324/2024 nömrəli qərardadı ilə Qəbələ rayonunun Mıxlıqovaq bələdiyyəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayon X5 Rəyasət Heyətinin 03 iyul 1993-cü il tarixli 7 №-li qərarına əsasən “Şəhriyar” adına kolxozun 17 iyun 1993-cü il tarixli İİ saylı müvəkkillər iclasının qərarı təsdiqlənmişdir və buna əsasən Qəbələ rayonu Solğuca kəndində qeydiyyata götürülmüş “Amal” kiçik müəssəsinə Solğuca kəndinin cənub hissəsində kənd təsərrüfat təyinatlı 40,0 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 25,0 hektarı əkin üçün yararlı, 15 hektar isə daşlıq kolluq sahə olduğu üçün əkin üçün yararlı hesab olunmurdu. Sözü gedən torpaq sahəsinin 15 hektarı hal-hazırda onun istifadəsindədir. Həmin torpaq sahəsinə çıxarış əldə etmək üçün cavabdeh orqana müraciət etsə də cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mənə ünvanladığı 23 iyun 2022-ci il tarixli N° **********77 saylı məktubda 15,0 ha torpaq sahəsi üzərində “Amal" kiçik müəssəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Həmin imtina qanunsuz və əsassızdır. Belə ki, sözü gedən torpaq sahəsi eyni zamandada faktiki olaraq istifadəsindədir. Buna əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli yığıncağının iclas qərarı ilə «Amal» kiçik müəssisəsinə ayrıldığını iddia eldiyi 40.0 ha və 15.0 ha torpaq sahələrini «Amal» kiçik müəssisəsinin adına mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində qeydiyyata alınaraq Çıxarışın verilməsi ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri’’ X8 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin çıxarışın verilməsi üçün əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim etməmişdir. Eyni zamanda qeyd edilmişdir ki, İddiaçı müraciəti ilə bağlı Ərazi idarəsinin arxiv məlumatları əsasında müvafiq araşdırma aparılmışdır. Ərazi İdarəsinin arxivində «Amal» kiçik müəssisəsi ilə bağlı heç bir məlumat aşkarlanmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia olunan torpaq sahəsinin kəndin ümumi istifadəsində olan örüş torpaqlarına aid olmasını bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Qəbələ rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 7011 nömrəli məktubundan qeyd edilmiş Qəbələ rayon XDS-nin Rəyasət Heyəti xx.xx.1993-cü il tarixli 7 №-li iclasının gündəliyindən arxiv çıxarışından görünür ki, “Amal” kiçik müəssisəsinə torpaq sahəsi ayrılması barədə Qəbələ rayon XDS-nin Rəyasət heyəti aşağıdakı qərara alınmışdır:
1. Qəbələ rayon Solğuca kəndində qeydiyyata götürülmüş “Amal” kiçik müəssisəsinə Solğuca kəndinin cənub hissəsindən 40,0 ha torpaq sahəsi ayrılması barədə Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli 11 saylı müvəkkillər iclasının qərarı təsdiq edilsin;
2. Tapşırılsın Qəbələ rayon Torpaq şöbəsinə ki, nəzərdə tutulmuş sahəni naturada xəritə və akt əsasında müəssisəyə təhkim edilməsini təmin etsin. - Azərbaycan Respublikası Qəbələ rayon Sovetinin xx.xx.1993-cü il tarixli 160 nömrəli Qəbələ rayon XDS-nin X6 xx.xx.1993-cü il tarixli 7 №-li protokolundan çıxarışdan görünür ki, Qəbələ rayon Solğuca kəndində qeydiyyata götürülmüş “Amal” kiçik müəssisəsinə Solğuca kəndinin cənub hissəsindən 40,0 ha torpaq sahəsi ayrılması barədə Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli 11 saylı müvəkkillər iclasının qərarı ilə təsdiq edilmişdir. - Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışından görünür ki, “Amal” kiçik müəssisəsinin qeydə alındığı tarix xx.xx.1993-cü il, dövlət qeydiyyat № (VÖEN) **********, hüquqi ünvanı- AZ3626 Qəbələ rayonu Solquca kəndidir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla X2 X3 (TEKUİS) əsasən iddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 14,31 hektar torpaq sahəsinin 2,01 hektar hissəsi mülkiyyət növü Dövlət mülkiyyəti olmaqla meşə fondu torpaqları kateqoriyasına aid ərazi ilə üst-üstə düşür, 0,75 və 3,93 hektar hissələri bələdiyyə mülkiyyətində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası kolluq olan əraziyə, 0,61, 0,36, 2,25 və 3,45 hektar hissələri bələdiyyə mülkiyyətində kateqoriyası kənd təsərrüfatı təyinatlı uqodiyası kollu örüş olan əraziyə, 0,40 hektar hissəsi bələdiyyə mülkiyyətində kateqoriyası kənd təsərrüfatı təyinatlı uqodiyası tikinti altında olan torpaqlara, 0,55 hektar hissəsi bələdiyyə mülkiyyətində ümumi istifadədə olan yol yerinə düşür. İddia olunan 40,0 hektar torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (planı-ölçü) təqdim edilmədiyinə görə sərhədlərinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyildir. 40,0 hektar torpaq sahəsi barədə Qəbələ rayon torpaq şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş sxemdə torpaq sahəsinin koordinatları göstərilmədiyinə görə naturada yerini təyin etmək mümkün olmamışdır.
Əsaslandırma hissəsi:
Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 15,0 ha sahəsi üzərində “Amal” kiçik müəssisəsinin mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinin Qəbələ rayon XDS-nin X6 xx.xx.1993-cü il tarixli 7 №-li protokolu ilə ayrılmasını bildirir və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndinə istinad edir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. Sözügedən Qanunun 8.0.8-ci maddəsində bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olduğu təsbit edilmişdir. Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər dedikdə isə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nəzərdə tutulur. İddia olunan torpaq sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. İddiaçının istinad etdiyi “Siyahının” 1.4-cü bəndinə münasibətdə isə məhkəmə qeyd edir ki, rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar yalnız yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə münasibətdə hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində nəzərdən keçirilə bilər. Hazırkı iş üzrə isə iddia olunan torpaq sahəsinin “Siyahının” 1.4-cü bəndində nəzərdə tutulmuş məqsədlə iddiaçıya ayrılması müəyyən edilmir. Torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan Torpaq Məcəlləsinin normalarından görünür ki, (7-ci və 9-cu maddələr) rayon, şəhər xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində Dövlət mülkiyyətində olan torpaqları, kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilərdilər. İstinad olunan Məcəllənin 54-cü maddəsində qeyd edilmişdir ki, torpaq kolxozlara, sovxozlara, kooperativlərə və digər kənd təsərrüfatı müəssisələrinə və təşkilatlarına əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə sahibliyə verilir. ... İş materiallarında olan xx.xx.1993-cü il tarixli “torpaq sahəsinin ayrılması barədə” Aktın məzmunundan görünür ki, iddia olunan torpaq sahəsi iddiaçıya məhz kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericilik isə bu zaman torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsini yox, sahibliyə verilməsini müəyyən etmişdir. Göründüyü kimi torpaq sahəsinin ayrıldığı dövrdə də, qanunvericilik əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün kənd təsərrüfatı müəssisələrinə ayrılmış torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini istisna etmişdir. Qəbələ rayon XDS-nin X6 xx.xx.1993-cü il tarixli 7 №-li qərarı qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 30-cu maddəsində torpaq üzərində mülkiyyət hüququnun, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqlarının rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilməsi müəyyən edilmişdir. Bununla belə ayrılmış torpaq sahəsinə dair dövlət aktının tərtib edilməsi iş materiallarından müəyyən edilmir. Nəzərə alınmalıdır ki, sonralar torpaq islahatı aparılan zaman da, sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması baş verməmiş, iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd tərtib edilməmişdir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli yığıncağının iclas qərarı ilə “Amal” kiçik müəssisəsinə ayrılmış 40,0 ha torpaq sahəsindən 15,0 ha sahəsi üzərində “Amal” kiçik müəssisəsinin mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.