Məhkəmə qərarları › İş №2-1(116)-3245/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3245/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3245/2024 29.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Ağdaş rayon Ağdaş Bələdiyyəsinə qarşı “cavabdehin ümumi iclasının xx.xx.2019-cu il tarixli 04 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə mümkünlük iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Ağdaş rayon Ağdaş Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin ümumi iclasının xx.xx.2019-cu il tarixli 04 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 81-A ünvanda yerləşən 0.07 ha torpaq sahəsi iddiaçının mərhum əri X7 mülkiyyətinə verilmişdir. Bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(014)-152/2017 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Ağdaş X2 satmış olduğu 0,07 hektar torpaq sahəsinin Ağdaş Bələdiyyəsi tərəfindən X6 icrayə verilmiş 174 kv.m torpaq sahəsi hissəsində Ağdaş Bələdiyyəsinin ümumi iclasının 01 saylı 14 yanvar 2014-cü il tarixli qərarının, həmin qərar əsasında Ağdaş rayon Notariat kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə-107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-İ ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsinin 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə üçüncü şəxsin adına verilmiş seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin olunması, Ağdaş Bələdiyyəsi ilə X8 arasında bağlanmış 06 yanvar 2016-cı il tarixli, 01 saylı müqavilənamənin ləğv edilməsi qət edilmişdir. İddiaçının mərhum əri X11 16 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Bundan sonra o, ərindən qalmış miras əmlakın qəbul olunması ilə bağlı notariat kontoruna müraciət etmişdir, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə miras qalmış əmlakın ümumi sahəsinin 0.0526 ha torpaq sahəsi olduğu qeyd olunmuşdur. Bu yaxınlarda məlum olmuşdur ki, mərhum əri Fizuli İsmayılova RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışla mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsinin daxilində yerləşən 174 kv.metr torpaq sahəsi Ağdaş Bələdiyyəsinin 17 aprel 2019-cu il tarixli ümumi iclasının 04 saylı qərarına əsasən Ağdaş şəhər sakini X6 alqı-satqı olunaraq onun mülkiyyətinə verilmişdir. Bunun əsasında da, X5 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hesab edir ki, mübahisəli olan 174 kv.metr torpaq sahəsinin X6 verilməsi tam qanunsuz və əsassızdır. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(014)-152/2017 saylı qətnaməsinə əsasən Ağdaş Bələdiyyəsi ilə X8 arasında bağlanmış 06 yanvar 2016-cı il tarixli, 01 saylı müqavilənamə ləğv edilmişdir. Qeyd olunan 174 kv.metr torpaq sahəsi mərhum əri Fizuli İsmayılova məxsus torpaq sahəsinin daxilində yerləşdiyinə görə qeyd olunan torpaq sahəsi ilkin olaraq onlara təklif olunmalı idi. Çünki qeyd olunan torpaq sahəsini əldə etməkdə üstünlük onlara məxsus olmuşdur. Lakin, buna baxmayaraq Ağdaş Bələdiyyəsi 17 aprel 2019-cu il tarixli ümumi iclasının 04 saylı qərarına əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 81-B ünvanda yerləşən 174 kv.metr torpaq sahəsini X6 alqı-satqı vasitəsi ilə onun mülkiyyətinə vermişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ağdaş şəhəri Heydər Əliyev prospekti, 81B ünvanında yerləşən 0,0174 ha torpaq sahəsi üzərində X5 tam xüsusi mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş Ağdaş Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 04 saylı qərarının ləğv edilməsinə nail olmaqdır. İrəli sürülmüş tələb üzrə iddia növü “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Mübahisələndırmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi inzibati akt - xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. İş materiallarında olan, iddiaçının Ağdaş rayon Məhkəməsində qaldırdığı iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı, hazırda mübahisələndirdiyi - Ağdaş Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 04 saylı qərarından xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərkən məlumatlı olmuş, həmin iddia ərizəsində bələdiyyənin sözügedən qərarı əsasında 0,0174 ha torpaq sahəsinin X1 qanunsuz olduğunu qeyd etmişdir. Eyni zamanda Ağdaş bələdiyyəsinin iddiaçının vəkilinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 460 №-li məktubda bələdiyyənin xx.xx.2019-cu il tarixli 04 saylı qərarına əsasən Ağdaş şəhəri Heydər Əliyev prospekti, 81B ünvanında yerləşən 174 kv.m torpaq sahəsinin X3 barədə məlumat verilmiş və həmin məktub da, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edilərkən iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, iddiaçının ən geci xx.xx.2023-cü il tarixdə Ağdaş Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 04 saylı qərarından məlumatlı olması işin mübahisəsiz halıdır. Bununla belə hazırkı iddia ərizəsi iddiaçının inzibati aktdan məlumatlı olmasının müəyyən edildiyi tarixdən 8 aydan çox müddət keçdikdən sonra məhkəməyə təqdim edilmiş, nəticədə sözügedən inzibati aktın mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində müəyyən edilmiş 30 günlük iddia müddəti ötürülmüşdür. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-nin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçı, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə heç bir məlumat verməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ağdaş rayon Ağdaş Bələdiyyəsinə qarşı “cavabdehin ümumi iclasının xx.xx.2019-cu il tarixli 04 saylı qərarının ləğv edilməsi” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar