Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-325/2023 23.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı5 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X9, İddiaçı4, İddiaçı5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Mollahacılı kənd sakini X11 (ailə başçısı) və onun ailə üzvləri X4, X10, İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 mülkiyyətinə JN-334 (kod 4********) torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı ilə 4.70 ha pay torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Mollahacılı kənd sakini X11 (ailə başçısı) və onun ailə üzvləri X4, X10, İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 mülkiyyətinə JN-334 (kod 4********) torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı ilə 4.70 ha pay torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikasında keçirilmiş torpaq İslahatları zamanı Göyçay Rayonu Mollahacılı kənd sakini X11 və onun ailə üzvlərinin mülkiyyətinə JN-334 (kod 4********) torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 4.70 ha pay torpağı ayrılmışdır. Mülkiyyətə verilən pay torpağı 4-cü keyfiyyət qrupuna aid olmaqla suvarılan əkin torpağıdır. Həmin torpaq sahəsi X6 və onun ailə üzvlərinə verildikdən sonra, hüquq subyektləri həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edirlər. X11 vəfat etmişdir və onun ölümü AR Göyçay RİHB-nin Qızılağac kənd icra nümayəndəliyində xx.xx.1998-ci il tarixdə 20 № ilə qeyd edilmişdir. Bundan başqa hüquq subyektlərindən X7 da xx.xx.2018-ci ildə vəfat etmiş və onun ölümü AR Göyçay RİHB-nin Qızılağac kənd icra nümayəndəliyində xx.xx.2018-ci ildə 03 № ilə qeyd edilmişdir. xx.xx.2011-ci il tarixdə Göyçay rayon Mollahacılı kəndində akt tərtib edilərək Kamal Mehdiyev və onun ailə üzvlərinə torpaq islahatları zamanı 4.7 ha deyil, 4.9 ha torpaq sahəsi düşməli idi. Belə ki, həmin islahat zamanı Mollahacılı kəndində hər adama görə 0.70 ha torpaq sahəsi hesablanırdı. 334 saylı dövlət aktında Kamal Mehdiyev və ailə üzvlərinə 4.90 ha əvəzinə 4.70 ha torpaq sahəsinin hesablanması texniki səhv nəticəsində baş vermişdir. DT və XK-nin Göyçay rayon şöbəsinin müdiri N.Babayev tərəfindən İddiaçı2 verilən xx.xx.2013-cü il tarixli, 15 saylı arayışdan da görünür ki, torpaq islahatı zamanı X6 və onun ailə üzvlərinə JN-334 (kod 4080818) torpağa mülkiyyətə dair Dövlət Aktı ilə 4.70 ha pay torpağı ayrılmışdır. İddiaçı1 cavabdehə müraciət edərək, bu ərizədə qeyd edilən torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçı1 bu müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmış və onun ərizəsinin icrasından imtina olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılarkən “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə bağlı 16 saylı Ucar Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, habelə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən heç bir məlumat aşkar edilməmişdir. Həmçinin, Göyçay Rayon Aqrar İslahatı Komissiyasının qərarı əsasında tərtib edilmiş subyektlərin siyahısında İddiaçı5 adı X1 qeyd edilmişdir. Göyçay rayonu, Qızılağac kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Göyçay rayonu, Qızılağac kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən yoxlanarkən JN-360L və JN-364L nömrəli pay torpaqları ilə üst-üstə düşür. Yeni elektron uçot məlumat bazasına əsasən torpaq sahəsi mülkiyyətə verilməmiş torpaq sahəsi kimi işlənmişdir. Bu səbəblərdən də, vətəndaşın ərizsinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına İddiaçı5 gəlmiş, cavabdehin nümayəndəsi və digər iddiaçılar gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş Göyçay rayonu, Qızılağac kənd üzrə pay torpaq sahəsinə dair subyektlər siyahısı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 3.13 ha torpaq sahəsi elektron bazada təqdim olunan TEKUİS məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı olmaqla, dövlət mülkiyyəti kimi göstərilmişdir. İddiaçının naturada göstərdiyi 3.13 ha torpaq sahəsi islahat xəritəsi üzərində çap olunan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********32 reyestr nömrəli çıxarışla X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, kənd təsərrüfatı təyinatlı, 1.28 ha torpaq sahəsi ilə və Hüquqların Döviət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrində **********76 reyestr nömrəli çıxarışla X3 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı, 1.8 ha torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin TEKUİS məlumatlarında JN-334 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı iddaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 3.13 ha torpaq sahəsindən 595 metr şimalda sənəd üzrə sahəsi 5.19 ha, faktiki sahəsi 4.97 ha olmaqla təsbit edilərək, göstərilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. Həmin Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 6-cı maddəsinə əsasən Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. Həmin Fərmanla təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı (1 nömrəli əlavə) verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddia olunan 4.70 ha torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsinə dair iddiaçılar tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamış, məhkəmə araşdırması zamanı da belə bir sənəd aşkar olunmamışdur. Digər tərəfdən iddiaçıların faktiki istifadəsində 4,70 ha torpaq sahəsi olmamış,faktiki istifadələrində olan torpaq sahəsi isə digər subyektlərə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü mütəxəsəssis rəyindən aydın olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia təmin oluna bilməz. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, X9, İddiaçı4, İddiaçı5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Mollahacılı kənd sakini X11 (ailə başçısı) və onun ailə üzvləri X4, X10, İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 mülkiyyətinə JN-334 (kod 4********) torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı ilə 4.70 ha pay torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-325/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-325/2023
23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver