Məhkəmə qərarları › İş №2-1(116)-325/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-325/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-325/2024 20.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Q.Quliyev küçəsi 10 saylı evin 37 saylı mənzilin zəbt olunmuş 1/3 hissəsinə X1 adına qeydiyyatın aparıldığı çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax rayonu Q.Quliyev küçəsi 10 saylı evin 37 saylı mənzilin zəbt olunmuş 1/3 hissəsinə X1 adına qeydiyyatın aparıldığı çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-325/2024 nömrəli qərardadı iə X6, X2, X11, X10, X3, X8 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdirlər. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Yevlax rayonu, Q.Quliyev küçəsi 10 saylı evin, 37 saylı mənzili 09 aprel 1996-cı il tarixindən iddiaçının xüsusi mülkiyyətindədir. Mənzil sahəsi 7.3 kv metr dəhliz, 12,60 kvmetr və 16,86 kvmetr 2 yaşayış otağı, 4,80 kvmetr mətbəx, 3.42 kvmetr hamam və 1,52 kvmetr sanitar qovşaq olmaqla, yaşayış sahəsi 29.4 kvmetr, ümumi sahəsi 46,44 kvmetrdən ibarətdir. X9 (xx.xx.2015-ci il tarixində vəfat edib) onun mülkiyyətində olan mənzilə müdaxilə edərək mənzilin 1/3 hissəsini zəbt etmiş, mənzilin daxilindəki kompüter avadanlıqlarına külli miqdarda ziyan vurmuş, mənzilin otaqlarının təyinatını və layihəsini qanunsuz və əsassız olaraq dəyişdirmiş, mənzilin zəbt olunmuş 1/3 hissəsinin öz mənzilinə qataraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsindən iddiaçının məlumatı olmadan yeni çıxarış almağa nail olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi mülkiyyətində olan mənzilinin zəbt olunmuş hissəsinə çıxarış verərək, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ona görə də hesab edir ki, ekspertiza təyin edilərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi müəyyən edilməli və cavabdehin hərəkətləri qanunsuz sayılmaqla onun mübahisəli mənzilə qeydiyyata aldığı X4 verilmiş yeni çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, ilkin iddia tələbi mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə tərəfindən iddia olunan daşınmaz əmlakın xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi əldə edilmiş və müəyyən olunmuşdur ki, Yevlax rayonu Q.Quliyev küçəsi 10 nömrəli bina 36 mənzilli bina olduğu uçun 37 nömrəli mənzil mövcud deyildir, iddiaçının naturada tanıtdığı və binanın tərkib hissəsinə daxıl olan yer isə 33.2 kv.m-dir. İddiaçının təqdim etdiyi texniki pasport həm dövrünə görə, həm də carı vəziyyətdəki reallığı əks etdirmir. Belə ki, texniki pasportun “mənzilin planı” hissəsində göstərilmiş konfiqurasiya iddiaçı tərəfindən iddia edilən sahəyə uyğunlaşmadığından azalma (rekonstruksiya) olub-olmamasının müəyyənləşdirilməsi mümkün olmamışdır. İddiaçının özünə məxsus olan mənzilin 1/3 hissəsinin zəbt olunaraq digər qeyriyaşayış sahəsinin tərkibinə qatıldığını iddia etdiyi hissə sxemdə göstərilmişdir. Yuxarıda qeyd edildiyi kimi faktiki vəziyyətdə cizginin mötəbərliyi qeyri-müəyyən olduğundan iddiaçı tərəfindən yerində tanıdılan sahənin sənəd üzrə qeyd edilmiş 46.44 kv.m sahəyə malik olan mənzilin ümumi sahəsinə, eyni zamanda həmin binada yerləşən 250 kv.m sahəyə malik olan qeyri-yaşayış sahəsinə daxil olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfidən mübahisələndirilən sahə Q.Quliyev küçəsi 10 nömrəli binanın 1-ci mərtəbəsində yerləşir, iddiaçının naturada tanıtdığı və iddia etdiyi 46.44 kv.m-lik sahənin 33.2 kv.m hissəsi iddiaçı tərəfindən istifadə edilən, 13.24 kv.m hissəsi isə **********46- 05101-083006 reyestr nömrəli qeyri-yaşayış sahəsinin daxilində yerləşir. Lakin sənəd üzrə mənzilin Q.Quliyev küçəsi 10 saylı binanın 2-ci mərtəbəsində, mübahisələndirilən çıxarışın isə həmin binanın 1-ci mərtəbəsində yerləşməsi nəzərə alınmaqla qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin mənzilə hər-hansı potensial təsiri olmamış, eyni zamanda aralarında konstruktiv bağlılıq mövcud deyildir. İddiaçının istifadəsinə olan mənzilin planı (faktiki istifadəçilik vəziyyəti) Ərazi idarəsinin arxiv materillarında mövcud olan mənzilin planına uyğun deyildir (Mötəbərliyə şübhələr var). Belə ki, xx.xx.1995-ci il tarixli Yevlax icra Hakimiyyəti ilə bağlanmış müqavilənin mənzil haqqında göstəricilərində "ikinci" mərtəbə qeyd edilməsinə baxmayaraq, faktiki iddia edilən sahə həmin binanın birinci mərtəbəsində yerləşir. Q.Quliyev küçəsi 10 saylı bina 5 mərtəbəli, 4 girişli, 36 mənzillidir. Binanın birinci mərtəbəsi yaşayış üçün nəzərə tutulmamış, qeyri-yaşayış sahələrindən ibarətdir. Sözügedən planın 6 nömrəli yaşayış otağı, mətbəx, hamam, ayaqyolu və dəhlizin bir hissəsi faktiki uyğunluq təşkil edir. xx.xx.2006-cı il tarixdə tərtib edimiş texniki pasportla xx.xx.2021-ci il tarixli texniki pasportun planı eynilik təşkil edir. 2006-cı il tarixdə tərtib edilmiş texniki pasport mübahisəli 13,24 kv.m hissədə xx.xx.2021-ci il tarixli vəziyyətə uyğun tərtib edilmiş texniki pasportla üst-üstə düşür. xx.xx.2006-cı il və xx.xx.2021-ci il tarixli texniki pasporta daxil edilmiş faktiki istifadə edilən lakin 250.8 kv.m sahənin tərkibinə daxil olmayan sahə mövcud deyildir. İş materiallarında olan 000384 qeydiyyat nömrəli, “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən 250,8 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ X5 məxsus olmuş və sözügedən daşınmaz əmlak obyektinə 000072 №-li xx.xx.2006-cı il tarixli texniki pasport tərtib edilmişdir. Daha sonra sadalanan ilkin sənədlər əsasında xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və qeyri-yaşayış binasına aid xx.xx.2021-ci il tarixdə olan vəziyyəti əks etdirən texniki pasport tərtib edilmişdir. Təqdim edilmiş mütəxəssis rəyi ilə xx.xx.2006-cı il tarixdə tərtib edimiş texniki pasportla xx.xx.2021-ci il tarixli texniki pasportun planının eynilik təşkil etməsi və mübahisəli 13,24 kv.m hissənin hər iki texniki pasportun göstəricilərində üst-üstə düşməsi müəyyən edilir. 000384 qeydiyyat nömrəli Şəhadətnamədə və ona aid texniki pasportda, o cümlədən həmin sənədlər əsasında aparılmış qeydiyyata dair tərtib edilmiş çıxarış və texniki pasportda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ölçüsü 250,8 kv.m göstərilmişdir. Təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, xx.xx.2006-cı il və xx.xx.2021-ci il tarixli texniki pasporta daxil edilmiş, faktiki istifadə edilən, lakin 250.8 kv.m sahənin tərkibinə daxil olmayan sahə mövcud deyildir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının istifadəsinə olan mənzilin planı (faktiki istifadəçilik vəziyyəti) Ərazi idarəsinin arxiv materillarında mövcud olan mənzilin planına uyğun deyildi). Belə ki, xx.xx.1995-ci il tarixli Yevlax icra Hakimiyyəti ilə bağlanmış müqavilənin mənzil haqqında göstəricilərində "ikinci" mərtəbə qeyd edilməsinə baxmayaraq, faktiki iddia edilən sahə həmin binanın birinci mərtəbəsində yerləşir. Binanın birinci mərtəbəsi yaşayış üçün nəzərə tutulmamış, qeyri-yaşayış sahələrindən ibarətdir. Belə olan halda, iddiaçı, arzuladığı məqsədə nail olmaq üçün xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın tərtib edilməsinə əsas olmuş ilkin hüquq müəyyənedici sənədləri (000384 qeydiyyat nömrəli, “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamə) mübahisələndirməli, qaldırılan məsələ müsbət həllini tapdıqdan sonra hazırkı tələblə cavabdehə, müraciəti təmin olunmadığı halda isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçı, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Q.Quliyev küçəsi 10 saylı evin 37 saylı mənzilin zəbt olunmuş 1/3 hissəsinə X1 adına qeydiyyatın aparıldığı çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim: Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar