Məhkəmə qərarları › İş №2-1(116)-326/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-326/2022

26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-326/2022 26.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı Oğuz rayon Filfilli bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” MMC, Oğuz rayon icra və probasiya şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “rəy və eskiz xəritələrinin ləvğ edilməsi, çıxarışlar üzrə ərazinin örüş və biçənək sahələrinə yönəldilməsinə dair verilmiş inzibati akt və hüquqverici sənədlərin ləğv edilməsi və digər tələblərlə” bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2021 və xx.xx.2021-ci il tarixdə İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması təklif edilmişdir. İddiaçı, xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsində iddiaçı cavabdeh qismində Oğuz rayon Filfilli bələdiyyəsini, üçüncü şəxs qismində DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsini, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, "xxxx" MMC-ni, Oğuz rayon İcra və probasiya şöbəsini, X2, X7, X8, X15 qeyd edərək, “Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci tarixli 12 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(116)-326/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-10667/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-789/2022 nömrəli qərardadı ilə, 2-1(116)-789/2022 saylı inzibati iş 2-1(116)-326/2022 saylı inzibati işə birləşdirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, X16, X19, X20, X17 0,12 ha torpaq sahəsinin ayrılması ilə bağlı Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin Oğuz rayon icra və probasiya şöbəsinin, Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin üçüncü şəxslər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-695/2022 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi, X2, X7, X8, X23 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, bələdiyyə tərəfindən üçüncü şəxslər X2, X7, X8, X17 hər birinə ayrılmış 0.12 ha torpaq sahəsinin örüş torpaq sahələrinə aid olmasını bildirərək, həmin torpaq sahəsinin ayrılması ilə bağlı cavabdehin xx.xx.2007-ci il tarixli 12 saylı qərarını mübahisələndirmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh orqan müvafiq qərar əsasında üçüncü şəxslərə satılmış torpaq sahəsinin uqodiyasının örüş olduğunu və bələdiyyə tərəfindən satılmasının qanunsuz olmasını bildirərək iddiaçının tələbi ilə razılaşmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinə münasibətində qeyd edilmişdir ki, İddiaçı iddiası üzrə istifadə etdiyi Filfili kəndində yaşadığı yerin yaxınlığınakı ərazi 2005-ci il tarixdən və demək olar ki, həmin tarixdən də əvvəllər İddiaçı və həmin kənd sakini X9 iddia ərizəsinə əlavə edilmiş icarə müqaviləsi əsasında, bələdiyyənin balansında olan “örüş və biçənək sahəsi” kimi verilmişdir. Halhazıra kimi həmin torpağın təyinatı dəyişdirilməmiş və bələdiyyənin balansında “örüş və biçənək” sahəsi kimi qalır. Eləcədə iddiaçıya və digər adı gedən kənd sakininə qüvvədə olan icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı hal-hazırkı tarixə kimi xəbərdarlıq verilməmişdir. Mütəmadi olaraq istifadə etdikləri torpaq sahəsinin vergi haqlarını ödəmişlər. Cavabdeh 30 noyabr 2007-ci il tarixli 12 saylı iclas protokolunun qərarından çıxarışa əsasən, iş üzrə maraqlı şəxslərə ev tikmək üçün Filfilli bələdiyyəsinin mülkiyyətinə aid “perespektiv inkişaf və ehtiyat fonduna” aid torpaq sahəsindən 1200 kv.m torpaq ayrılması qərara alınmışdır. Başqa bir məhkəmə işi üzrə Şəki Apellyasiya Məhkəməsinin sorğusuna tərəfimizdən 01 iyun 2020-ci il tarixdə, № 18 saylı məktubla cavab verilərək, mübahisəli ərazinin bələdiyyənin balansında “örüş və biçənək” sahəsi kimi olması və icarə müqaviləsi əsasında vergi haqları ödənilməklə İddiaçı və M.Ə.Ağakişiyev tərəfindən istifadə edilməsi bildirilmişdir. Eləcə də “Bələyyə torpaqlarından istifadə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci bəndinə əsasən bu qəbildən olan torpaqların satıla bilməməsi bildirilmişdir. Göstərilənlərə əsasən İddiaçı iddiası əsaslıdır və hal-hazırda onunla bağlanmış icarə müqviləsinin ləğv edilməsi ilə bağlı ona və digər adı çəkilən sakinə xəbərdarlıq verilməmişdir və istifadələrində olaraq istifadə etməkdədirlər. Maraqlı şəxslərlə bağlı qeyd edilən iclas protokoluna əsasən onlara ayrılmış torpaq sahəsi təyinatı və sahəsi müəyyənləşdirilmədən qanunsuz verildiyindən, bələdiyyənin iclasında baxılaraq, protokolunun qərarı ilə bu barədə qərar qəbul ediləcəkdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Oğuz rayon Filfilli bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 saylı iclas protokolunun qərarının çıxarışlarından görünür ki, X16, X24, X21 və X10 Filfilli bələdiyyəsinin mülkiyyətinə aid perspektiv inkişaf torpaqlarından ev tikmək məqsədi ilə 1200 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. - Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz rayon şöbəsinə ünvanlanan xx.xx.2007-ci il tarixli məktubundan görünür ki, Filfilli bələdiyyəsinin ərazisindən (perspektiv inkişaf, ehtiyat fondu) X11 0,12 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə ayrılmasına, X3 0,12 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə ayrılmasına, X4 0,12 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə ayrılmasına, X12 0,12 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə ayrılmasına rəy verilməsi barədə 16 sentyabr 2007-ci il tarixli 461 nömrəli məktubunuzla əlaqədar bildiririk ki, bu məqsədlə müvafiq torpaq sahəsinin ayrılması məqsədəuyğundur. - **********46 reyestr nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Oğuz şəhəri Fil-Filli kəndində yerləşən 0.12 ha torpaq sahəsi hüquq sahibinin adı X16 qeyd edilmişdir. - **********44 reyestr nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Oğuz şəhəri Fil-Filli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzrə hüquq sahibinin adı X20 qeyd edilmişdir. - **********47 reyestr nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Oğuz şəhəri Fil-Filli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzrə hüquq sahibinin adı X18 qeyd edilmişdir. - **********45 reyestr nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Oğuz şəhəri Fil-Filli kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzrə hüquq sahibinin adı X22 qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Oğuz rayon Filfilli bələdiyyəsinin 30.11,2007-ci il tarixli 12 saylı qərarı ilə X1, X21,X20, X13 mülkiyyətinə verilmiş torpaq sahələrinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası örüşdür. Oğuz rayon Filfilli bələdiyyəsinin 30.11,2007ci il tarixli 12 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin 0,0247 hektar hissəsi, X5 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin 0,0820 hektar hissəsi, X6 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin 0,0655 hektar hissəsi, sahəsinin 0,0655 hektar hissəsi, X13 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin 0,1139 hektar hissəsi İddiaçı istifadəsində olan 0,36 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər X16, X19, X20 və X23 məhkəmə iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və adları qeyd edilmiş üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “mübahisələndirmə haqqında” iddia (İPM-in 2.2.1 və 32-ci maddələri) qismində mümkün iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2007-ci il tarixində qəbul edilmişdir. Müvafiq qərarın iddiaçıya göndərilməsi və həmin qərardan iddiaçının məlumatlı olması ilə bağlı hər hansı sübut yoxdur. İddiaçı, müvafiq qərarın mövcudluğundan məhkəmənin xx.xx.2021-ci il tarixli hüquqi yardım məktubunu aldıqdan sonra məlumatlı olduğunu bildirir. Qeyd edilən tarixdən daha əvvəl iddiaçıya sözügedən qərarın təqdim edilməsi ilə bağlı hər hansı sübut mövcud olmadığından, məhkəmə, həmin qərarın İPM-yə uyğun olaraq mübahisələndirilməsini mümkün hesab edir. İşdə olan mütəxəssis rəyində cavabdehin xx.xx.2007-ci il tarixli qərarla üçüncü şəxslərə satmış olduğu torpaq sahəsinin uqodiyası örüş qeyd edilmişdir. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verildiyindən, iddiaçının ümumi istifadədə olan torpaq sahəsinə münasibətdə hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud olmuşdur. Tətbiq edilən hüquq. Torpaq Məcəlləsinin 2-ci maddəsinin tələbinə görə (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin məqsədi) Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Həmin Məcəllənin 16-cı maddəsi (örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri):

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.( Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları) - 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz Azərbaycan Respublikası nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydaları: 1... Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir.

13. Dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxslərə cavabdehin xx.xx.2007-ci il tarixli qərarla satmış olduğu torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir və uqodiyası örüşdür. Müvafiq torpaq sahəslərinin üçüncü şəxslərin mülkiyyətinə verilməsi barədə cavabdeh tərəfindən qərar qəbul edilsə də, nəzərə alınmalıdır ki, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində örüş uqodiyalı torpaq sahələrinin ancaq istifadəyə və icarəyə verilməsi öz əksini tapmış, həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsində örüş sahələrinin torpaqlarının xüsusi mülkiyyətə verilməsi qadağan olunmuşdur. Odur ki, sözügedən torpaq sahələrinin üçüncü şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyənin qəbul etdiyi qərar mahiyyət etibarilə qanunsuz olmuşdur. Həmin qərar iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanuna uyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli istinad olunan qərarın məzmunundan göründüyü kimi bələdiyyə tərəfindən qərar qəbul edilərkən yol verilmiş pozuntulara hüquqi qiymət verilərkən həmin pozuntuların qəbul ediləcək yekun qərarın hüquqi qüvvəsinə təsiri nəzərə alınmalıdır. Üçüncü şəxslərin etimad hüququnun qorunmasına münasibətdə isə məhkəmə qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsində qeyd edilir ki, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Hazırkı işdə bələdiyyənin qəbul etdiyi yekun qərarın özü qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Yəni, bələdiyyə tərəfindən qanunvericiliklə birbaşa qadağan edildiyi halda uqodiyası örüş olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alqı-satqı yolu ilə üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Məhkəmə hesab edir ki, bələdiyyə ehtiyat fondunun örüş torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətinə verilməsi iddiaçının və torpaq sahəsinin yerləşdiyi ərazi üzrə digər şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, o cümlədən dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurur. Belə ki, örüş torpaq sahələrinə münasibətdə mülkiyyətə verilmənin qadağan edilməsində qanunvericinin məqsədi kənd təsərrüfatının səmərəli təşkil edilməsi, həmin torpaq sahəsinin mühafizəsinin, normadan artıq yüklənməsinin və nəticəsində ot örtüyü seyrəkləşməsinin, həmçinin torpaq sahəsinin eroziyasının qarşısının alınmasıdır. Odur ki, iddiaçı sözügedən qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Oğuz rayon Filfilli bələdiyyəsinin üçüncü şəxslər X16, X19, X20 və X17 0,12 ha torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar