Məhkəmə qərarları › İş №2-1(116)-327/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-327/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-327/2025 03.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən 10 kv.metr qeyri-yaşayış binası (qadın bərbərxanası) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına (qadın bərbərxanası) texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək “ünvan 1 ünvanında yerləşən 10 kv.metr qeyri-yaşayış binası (qadın bərbərxanası) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 18 may 2007-ci il tarixli, qeydiyyat nömrəsi 001657 olan Şəhadətnaməyə əsasən iddiaçı, ünvan 2 ünvanında yerləşən "Qadın bərbərxanası”nı qanunveriliciikdə müəyyən olunmuş qaydada satın almışdır. Daşınmaz əmlakın tərkibi “qadın bərbərxanası” ümumi sahəsi 10 kv.metr olmuşdur. Əmlakın ümumi satış qiyməti isə 371.4 manat təşkil etmişdir. Bu Şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilmişdir. Bundan əlavə, ünvan 2 ünvanında yerləşən qadın bərəbərxanasının planı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Qax rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Qax rayon İHB Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 avqust 2022-ci il tarixli 269 nömrəli arayışında qeyd edilmişdir ki, əvvəllər Qax şəhəri 20 Yanvar küçəsi adlanan küçəsi hal hazırda Heydər Əliyev prospekti adlanmışdır. Belə ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına texniki pasport və daşınmaz əmlakın dövlət revestrindən çıxarış verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı 30 dekabr 2023-cü il tarixdə ərizə ilə (daxilolma Ne-si 3-21-3-39/1-C-0002-8/2024) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Qax şəhəri, Heydər Əliyev prospektində (keçmiş 20 Yanvar küçəsi) yerləşən 10 kv.metr sahəsi olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Ərizəyə baxılması zamanı ərizəçi ilə telefon və ya digər hər hansı vasitə ilə əlaqə saxlamaq mümkün olmadığı üçün müraciət olunan qeyri-yaşayış binası və torpaq sahəsinə ərazi idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilib daşınmaz əmlak üzərində hər hansı yenidənqurma və rekonstruksiya işlərinin aparılıb-aparılmadığını müəyyənləşdirmək mümkün olmadığı üçün 15 yanvar 2024-cü il tarixli 3-21-3-39/2-C- 0002-8/2024 N°-li məktubla ərizəçiyə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.12-ci maddəsinə əsassən 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələrin, o cümlədən ərizəyə əlavə olunmuş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması barədə 18 may 2007-ci il tarixli, 001657 qeydiyyat nömrəli şəhadətnamənin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olduğu və daşınmaz əmlak üzərində yenidənqurma və ya rekonstruksiya işləri aparılmayıbsa daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim ediləcəyi təqdirdə müayinə ölçü işlərinin aparılması təmin edildikdən sonra qeydiyyata alınacaq daşınmaz əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında yerləşməzsə hüquqların dövlət qeydiyyatının aparılmasına qanunvericiliyin tələblərinə uyğun baxılacağı izah edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Qax şəhəri, Heydər Əliyev prospektində (keçmiş 20 Yanvar küçəsi 21 “v”) yerləşən ümumi sahəsi 10 kv.metr olan qeyri-yaşayış sahəsi (qadın bərbərxanası) üzərində üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Qax şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışı, xx.xx.2007-ci il tarixli 001657 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər, xx.xx.2027-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 577 inventar nömrəli, **********45-06301-083001 reyestr nömrəli qeyri-yaşayış sahəsinin texniki pasportu, tədqiqat obyektinə yerli baxışın nəticələrinə dair protokol. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi mahiyyət etibarilə də əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 4.2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 4.2.9. 8.0.12-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Qax şəhəri, Heydər Əliyev prospektində (keçmiş 20 Yanvar küçəsi 21 “v”) yerləşən ümumi sahəsi 10 kv.metr olan qeyri-yaşayış sahəsi (qadın bərbərxanası) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. İddiaçı, sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə hüquq müəyyənedici sənəd qismində Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 18 may 2007-ci il tarixli, 001657 qeydiyyat nömrəli Şəhadətnaməyə istinad edir. İstinad olunan sənəddən görünür ki, iddiaçı, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 10 kv.m olan qadın bərbərxanasını satın almışdır. Cavabdeh orqanın imtina dəlili daşınmaz əmlak obyekti üzərində rekonstruksiya işlərinin aparılması ilə bağlıdır. Məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, müvafiq qeyri-yaşayış sahəsi hazırda Heydər Əliyev prospekti adlanan küçədə, yol kənarında, küçəyə paralel şəkildə, digər obyektlərlə eyni cərgədə yerləşir. Mütəxəssis tərəfindən aparılmış ölçmə nəticəsində tikilinin sahəsinin 17,2 kv.m olduğu müəyyən edilmişdir. İddiaçı, tikilinin əvvəlki sahəsinin 10 kv.m təşkil etdiyini, sonradan sahənin 17,2 kv.m-ə qədər artmasının tikilinin küçəyə paralel yerləşən hissəsinin konfiqurasiyasında baş vermiş dəyişikliklə bağlı olduğunu bildirmişdir. Onun izahına görə, eyni cərgədə yerləşən digər sahibkarlıq obyektləri ilə birlikdə ümumi küçə görünüşünün pozulmaması məqsədilə tikiliyə müəyyən struktur dəyişiklikləri edilmişdir. Həmin dəyişikliklər onun iradəsindən asılı olmayaraq, küçənin memarlıq və şəhərsalma baxımından görünüşünün təmin edilməsi zərurətindən irəli gəlmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının nail olmaq istədiyi hüquqi nəticə 001657 qeydiyyat nömrəli Şəhadətnaməyə əsasən 10 kv.m sahəsi olan qeyri-yaşayış üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasıdır. Yerli baxış zamanı həmin sahənin naturada mövcud olması müəyyən edilmişdir. Cavabdeh orqanla iddiaçı arasında mübahisənin yaranmasına səbəb qeyri-yaşayış sahəsinin konfiqurasiyasının dəyişməsi və sahənin ümumi ölçüsünün artmasıdır. Cavabdeh orqan bu dəyişikliyi rekonstruksiya kimi qiymətləndirərək bütövlükdə qeyri-yaşayış binasına münasibətdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edir. Məhkəmə hesab edir ki, mövcud tikilinin ümumi küçə görünüşünün pozulmaması məqsədilə artırılmış hissəsi iddiaçının tələbinə daxil olmadığından, artırılmış həmin sahə 10 kv.m sahəyə münasibətdə mülkiyyət hüququnun qeydiyyatına maneə olmamalıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə əsasən rekonstruksiya – layihə əsasında aparılan və obyektin funksional və ya istismar keyfiyyətini dəyişdirən tikinti işləridir. Əgər cavabdeh orqan sahə artımının rekonstruksiyanın nəticəsi olduğunu qəbul edirsə, bu zaman yalnız artırılmış 7.2 kv.m hissəyə münasibətdə qeydiyyatın aparılmasından imtina edə bilər. Lakin bu, mülkiyyət hüququ təsdiq olunmuş 10 kv.m sahənin dövlət qeydiyyatından imtina üçün hüquqi əsas yarada bilməz. Başqa sözlə, sahənin artımı faktiki mövcud olan mülkiyyət hüququnun predmetinə təsir edə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia olunan qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, 18 may 2007-ci il tarixli, 001657 qeydiyyat nömrəli Şəhadətnamə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.12-ci maddəsinə əsasən sözügedən tikili üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin üzərinə ünvan 4 ünvanında yerləşən 10 kv.metr qeyriyaşayış binası (qadın bərbərxanası) üzərində üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar