Məhkəmə qərarları › İş №2-1(116)-328/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-328/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-328/2022 11.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "15.07.1996-cı ildən 29.08.1997-ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 65 yaşının tamam olduğu 15.04.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1956-cı ildə anadan olmuş və hazırda Ağdaş şəhərində yaşayır. O, 01.10.1971-ci ildən 19.07.1972-ci ilədək rəngsaz ixtisası üzrə 39 nömrəli Texniki Peşə Məktəbində (hazırkı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi) əyani təhsil almışdır. İddiaçı 01.09.1972-ci ildən 27.02.1976-cı ilədək X9 Texnikumunda əyani təhsil almış və dövlət ixtisas komissiyasının 27.02.1976-cı il tarixli qərarı ilə ona bitki mühafizə aqronomu ixtisası verilmişdir. O, 05.05.1976-cı ildən 11.05.1978-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən, o, aşağıdakı iş yerlərində və müddətlərdə işləmişdir: - 04.07.1973-cü ildən 03.09.1973-cü ilədək Ağdaş Kolxozlararası Tikinti İdarəsində, - 03.07.1978-ci ildən 31.10.1978-ci ilədək (3 ay 28 gün) Ağdaş Rayon XDS İK-in Kommunal təsərrüfat şöbəsində, - 01.11.1978-ci ildən 04.05.1979-cu ilədək (6 ay 3 gün) Ağdaş Rayon Kənd Təsərrüfatı X1, - 14.08.1979-cu ildən 14.11.1980-ci ilədək (1 il 3 ay) "Təcrübə" maşınqayırma zavodunun Moskva filialında, - 15.12.1980-ci ildən 14.06.1983-cü ilədək (2 il 6 ay) Ağdaş Kolxozlararası Tikinti İdarəsində, - 17.06.1983-cü ildən 01.04.1991-ci ilədək (7 il 9 ay 13 gün) Ağdaş rayonu "Kommunist" tərəvəzçilik sovxozunda, - 01.04.1991-ci ildən 30.01.1992-ci ilədək Ağdaş rayonu "Aran" kolxozunda, - 03.02.1992-ci ildən 22.04.1994-cü ilədək (2 il 2 ay 19 gün) Ağdaş rayon Zeynəddin kənd XDS İK-də, - 01.07.1994-cü ildən 06.07.1996-cı ilədək (2 il 5 gün) Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Aşağı Zeynəddin kəndi üzrə nümayəndəliyində, - 15.07.1996-cı ildən 29.08.1997-ci ilədək (1 il 1 ay 14 gün) X5, - 01.10.2003-cü ildən 10.09.2004-cü ilədək (11 ay 10 gün) Ağdaş şəhəri təsərrüfathesablı sukanal şəbəkə və qurğularının təmiri, tikintisi və istismar idarəsində işləmişdir. İddiaçı 15.04.2021-ci ildə pensiya yaşına (65 yaş) çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına müraciət etmiş, lakin sonuncu 27.08.2021-ci il tarixli **********0 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasındakı 15.07.1996-cı ildən 29.08.1997-ci ilədək işlədiyi X6 fəaliyyəti olmadığı və iddiaçının sənədləri Ağdaş Rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün onun iş stajı və əmək haqqının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Həmin dövrlər əmək pensiyası təyin etmək üçün lazım olduğundan və onları yoxlamaq mümkün olmadığından iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək qanunamüvafiq deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı "15.07.1996-cı ildən 29.08.1997ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 65 yaşının tamam olduğu 15.04.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, onun X5 işləməsi həmin müəssisənin əmr kitabları ilə təsdiq oluna bilər. Cavabdeh isə bunu araşdırmamışdır. Cavabdeh iddiaya qarşı 23.11.2021-ci il tarixli **********8 nömrəli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Məhkəmənin 14.02.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı 30.03.2022-ci il tarixli **********6 nömrəli etiraz məktubunda bildirmişdir ki, iddiaçının mübahisələndirilməyən sığorta stajının 24 il 5 ay 6 gün olmaqla qanunla tələb olunan müddətdən az olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçının 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, attestatdan görünür ki, İddiaçı 01.10.1971-ci ildən 19.07.1972-ci ilədək rəngsaz ixtisası üzrə 39 nömrəli Texniki Peşə Məktəbində (hazırkı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi) əyani təhsil almışdır. - İşdə olan, Щ seriyalı 033663 nömrəli diplomdan görünür ki, İddiaçı 01.09.1972-ci ildən 27.02.1976-cı ilədək X9 Texnikumunda əyani təhsil almış və dövlət ixtisas komissiyasının 27.02.1976-cı il tarixli qərarı ilə ona bitki mühafizə aqronomu ixtisası verilmişdir. - İşdə olan, 09.07.1973-cü ildə tərtib edilmiş əmək kitabçasından görünür ki, İddiaçı 04.07.1973-cü ildən 03.09.1973-cü ilədək Ağdaş Kolxozlararası Tikinti İdarəsində, 03.07.1978-ci ildən 31.10.1978-ci ilədək Ağdaş Rayon XDS İK-in Kommunal təsərrüfat şöbəsində, 01.11.1978-ci ildən 04.05.1979-cu ilədək Ağdaş Rayon Kənd Təsərrüfatı X1, 14.08.1979-cu ildən 14.11.1980-ci ilədək "Təcrübə" maşınqayırma zavodunun Moskva filialında, 15.12.1980-ci ildən 14.06.1983-cü ilədək Ağdaş Kolxozlararası Tikinti İdarəsində, 17.06.1983-cü ildən 01.04.1991-ci ilədək Ağdaş rayonu "Kommunist" tərəvəzçilik sovxozunda, 01.04.1991-ci ildən 30.01.1992-ci ilədək Ağdaş rayonu "Aran" kolxozunda, 03.02.1992-ci ildən 22.04.1994-cü ilədək Ağdaş rayon Zeynəddin kənd XDS İK-də, 01.07.1994-cü ildən 06.07.1996-cı ilədək Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Aşağı Zeynəddin kəndi üzrə nümayəndəliyində, 15.07.1996-cı ildən 29.08.1997-ci ilədək X5, 01.10.2003-cü ildən 10.09.2004-cü ilədək Ağdaş şəhəri təsərrüfathesablı sukanal şəbəkə və qurğularının təmiri, tikintisi və istismar idarəsində işləmişdir. - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin 29.06.2021-ci il tarixli 684 nömrəli arayışından görünür ki, İddiaçı 05.05.1976-cı ildən 11.05.1978-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 13 saylı regional ərazi filialının 27.08.2021-ci il tarixli **********0 nömrəli imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, əmək kitabçasındakı 15.07.1996-cı ildən 29.08.1997-ci ilədək işləmiş olduğu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti olmadığı və iddiaçının sənədlərinin Ağdaş Rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün onun iş stajı və əmək haqqının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Həmin dövrlər əmək pensiyası təyin etmək üçün lazımi olduğundan və onları yoxlamaq mümkün olmadığından iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək qanunamüvafiq deyil. - İşdə olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13.09.2021-ci il tarixli 03 nömrəli arayışından görünür ki, İddiaçı 15.07.1996-cı ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə direktor müavini təyin olunmuş, 03.02.1997-ci il tarixdə aqronom köməkçisi vəzifəsinə təyin olunmuş və 29.08.1997-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi müddətdə əmək haqqı hesablanmış, vergilər və məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 23.12.2021-ci il tarixli **********536500 nömrəli məktubundan görünür ki, "X8" 1996-1997-ci illərdə vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. Həmin dövrdə "X8" Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş, 12.10.2000-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində D-3118 nömrəsi ilə dövlət qeydiyyatına alınaraq "X8"nın bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və onun hüquqi varisidir. 24.12.2004-cü ildə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və təsisçilərin ümumi yığıncağının qərarına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. - İşdə olan, Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin 20.04.2022-ci il tarixli 56 nömrəli məktubundan görünür ki, İddiaçı 01.10.1971-ci ildən 19.07.1972-ci ilədək rəngsaz ixtisası üzrə 39 nömrəli Texniki Peşə Məktəbində (hazırkı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi) əyani təhsil almışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı iddia ərizəsində 15.07.1996-cı ildən 29.08.1997-ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, müəyyən edildi ki, bu, müəssisənin indiki adıdır, həmin dövrdə isə müəssisənin adı "X8" olmuşdur. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, 15.04.2021-ci ildə pensiya yaşına (65 il) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini iddia etmədiyinə görə məhkəmə ilk növbədə onun sosial sığorta stajının müddətini hesablamağı zəruri bildi. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində deyilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.1-ci maddəsinə görə, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRlnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.04.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1-ci bəndinə, 4.1.1-ci yarımbəndinin 4-cü abzasına görə, əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildən 01.01.1993-cü ilədək qüvvədə olmuş "Dövlət pensiyaları haqqında" SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali, orta ixtisas təhsil müəssisələrində, məktəblərdə və kadr hazırlığı kurslarında təhsil alanlar dövlət pensiyası hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında əsasnamə"nin 109-cu bəndinə görə, ali və orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.) partiya məktəblərində, sovet partiya məktəblərində, həmkarlar hərəkatı məktəblərində, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və klinik ordinaturada olma müddətləri də ümumi iş stajına daxil edilir. İddiaçı təqdim etdiyi attestat və diplomdan görünür ki, o, 01.10.1971-ci ildən 19.07.1972-ci ilədək 39 nömrəli Texniki Peşə Məktəbində (hazırkı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi) və 01.09.1972-ci ildən 27.02.1976-cı ilədək X9 Texnikumunda əyani təhsil almışdır. Ona görə də iddiaçının təhsil aldğı 9 ay 18 gün və 3 il 5 ay 26 gün müddət onun sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Ona görə də İddiaçı 05.05.1976-cı ildən 11.05.1978-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu 2 il 05 gün müddət onun sığorta stajına daxil edilməlidir. Cavabdeh iddiaçının 15.07.1996-cı ildən 29.08.1997-ci ilədək X5 işlədiyi müddətləri onun sığorta stajına daxil etməkdən imtina edir və bunu belə əsaslandırır ki, qeyd olunan müəssisənin hazırda fəaliyyəti olmadığı, sənədləri Ağdaş Rayon Dövlət Arxivinə təhvil verilmədiyinə görə iş stajını və əmək haqqını qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu verilərək X6 1996-cı və 1997-ci illərə aid əmrlər kitablarının əslləri alınıb tədqiq edilmişdir. Müəyyən edildi ki, 1996-cı ilə aid kitabın 42-ci səhifəsində əlyazma üsulu ilə yazılmış 15.07.1996-cı il tarixli 80 nömrəli əmrlə İddiaçı kombinatda boş olan direktor müavini vəzifəsinə təyin edilmiş, əmr direktor E.T.Kərimzadə tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. 1997-ci ilə aid kitabın 7-ci səhifəsində əlyazma üsulu ilə yazılmış 03.02.1997-ci il tarixli 07 nömrəli əmrlə İddiaçı 01.02.1997-ci ildən direktor müavini vəzifəsindən azad edilib aqronom köməkçisi keçirilmiş, əmr direktor F.Ələkbərov tərəfindən imzalanmışdır. 1997-ci ilə aid kitabın 54-cü səhifəsində əlyazma üsulu ilə yazılmış 29.08.1997-ci il tarixli 92 nömrəli əmrlə aqronom köməkçisi İddiaçı işdən azad edilmiş, əmr direktor F.Ələkbərov tərəfindən imzalanmışdır. Sadalanan kitablarda və əmrlərdə hər hansı zədələnmə, qaralama, düzəliş və sair müdaxilə izləri müşahidə olunmur, kitablarda əmrlərin sıralaması pozulmamışdır. Həmin əmrlərin həqiqiliyini şübhə altına almaq üçün əsas verən səbəb yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.04.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1-ci bəndinə, 4.1.1-ci yarımbəndinin 1-ci abzasına görə, əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 01.01.1993-cü ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırkı iş üzrə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmaması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyinə görə məhkəmə həmin sənəddə olan məlumatları mötəbər hesab edir. Belə olan halda, iddiaçının 15.07.1996-cı ildən 29.08.1997-ci ilədək X5 işlədiyi dövrün qarşılıqlı yoxlanmasının mümkün olmaması səbəbindən həmin müddətin onun sosial sığorta stajına daxil edilməli olmaması barədə cavabdehin dəlilləri əsassızdır. Eyni hüquqi mövqe analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-532/2020 nömrəli 25.02.2020-ci il tarixli, 2-1(102)- 792/2020 nömrəli 17.03.2020-ci il tarixli, 2-1(102)-810/2020 nömrəli 04.03.2020-ci il tarixli qərarlarında da ifadə edilmişdir. İddiaçının əmək kitabçasında göstərilən digər müddətlərlə bağlı məhkəmə qeyd edir ki, onun 04.07.1973-cü ildən 03.09.1973-cü ilədək Ağdaş Kolxozlararası Tikinti İdarəsində işlədiyi göstərilmiş müddət X9 Texnikumunda əyani təhsil aldığı müddətlə üst-üstə düşür. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində deyilir ki, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçının əmək kitabşasında 04.07.1973-cü ildən 03.09.1973-cü ilədək Ağdaş Kolxozlararası Tikinti İdarəsində işlədiyi göstərilmiş müddət sosial sığorta stajına daxil edilməməlidir. İddiaçının 01.04.1991-ci ildən 30.01.1992-ci ilədək Ağdaş rayonu "Aran" kolxozunda işlədiyi müddətlə bağlı isə məhkəmə qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Müəyyən edildi ki, göstərilən dövrdə kolxozda müəyyən edilmiş əmək iştirakı minimumu 200 adam/gün olmuş, iddiaçı isə cəmi 128 adam/gün yerinə yetirmişdir. Belə olan halda, onun həmin müddət üçün sosial sığorta stajı 7 ay 15 gün təşkil edir. Əmək kitabçasında göstərilən digər müddətlərin cəmi isə (3 ay 28 gün + 6 ay 3 gün + 1 il 3 ay + 2 il 6 ay + 7 il 9 ay 13 gün + 2 il 2 ay 19 gün + 2 il 5 gün + 11 ay 10 gün) 17 il 6 ay 18 gün. Həmin müddəti iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu, X5 və kolxozda işlədiyi müddətlərlə topladıqda (17 il 6 ay 18 gün + 9 ay 18 gün + 3 il 5 ay 26 gün + 2 il 5 gün + 1 il 1 ay 14 gün + 7 ay 15 gün) cəmi 25 il 7 ay 6 gün təşkil edər, bu isə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayətdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli, 15.07.1996-cı ildən 29.08.1997-ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi və ona 65 yaşının tamam olduğu 15.04.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 15.07.1996-cı ildən 29.08.1997-ci ilədək X5 işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona 65 yaşının tamam olduğu 15.04.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar