Məhkəmə qərarları › İş №2-1(116)-3286/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3286/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3286/2025 15.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm haqqında akt qeydində düzəliş edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının oğlu mərhum X4 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 146 saylı ölüm haqqında akt qeydində ölüm səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən vəfat etməsi” səbəbinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Yevlax rayon Məhkəməsinə müraciət edərək oğlunun ölüm faktının müəyyən edilməsinə dair iddia ilə müraciət etmişdir. Yevlax rayon Məhkəməsi bu iddiaya baxmış ölümün səbəbini öz qətnaməsində əks etdirmiş, ancaq faktı təmin edərək ölümün səbəbini də qətnamədə əks etdirməmişdir. Burada bu səbəb müəyyən edilməmişdir. İddiaçı məcbur qalıb bu tələblə bağlı iddia qaldırmışdır. X1 xx.xx.1993-cü il tarixində Fizuli rayonunun erməni faşistləri tərəfindən güllə yarasından həlak olmuşdur. İddiaçı Yevlax rayon Məhkəməsinə onun ölümü ilə bağlı müraciət etmişdir. Ancaq onu bildirmək istəyir ki, oğlu barəsində bu günə kimi bütün etmiş olduğu cəhdləri öz nizami həllini tapmamaqdadır. İddiaçı müharibə veteranıdır. Fizuli rayon məcburi köçkünüdür. X11 müharibəsi zamanı Yevlax özünü müdafiə batalyonuna könüllü olaraq yazılaraq Fizuli rayonunda gedən döyüşlərdə iştirak etmiş xx.xx.1993-cü il tarixində erməni işğalının qarşısını alarkən düşmən gülləsindən həlak olmuşdur. Ancaq onun ölüm haqqında şəhadətnaməsində oğlunun ölüm qeydi ümumi səbəbdən qeyd edilmişdir. İddiaçı bu barədə qeydiyyat şöbəsinə müraciət etmişdir. Oğlunun barəsində tərtib olunan ölüm haqqında şəhadətnamədə düzəlişin edilməsini ölümün səbəbi olaraq “döyüş əməliyyatında güllə yarasından vəfat etməsi səbəbi ilə müvafiq düzəlişin edilməsini xahiş etmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən bu qeydin edilməsindən imtina edilmişdir. İddiaçı Yevlax rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Ancaq yetərincə qaldırdığı məsələyə cavab ala bilmədiyindən təkrar məhkəməyə müraciət edir. Oğlunu döyüş əməliyyatında güllə yarasından, aldığı xəsarətdən vəfat etməsi səbəbini əldə etmiş olduğu xx.xx.2019-cu il tarixli X1na verilmiş ölüm haqqında şəhadətnamədə düzəlişin edilməsini qanuni və əsaslı hesab edir. Cavabdeh inzibati orqan iddiaya münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, övladım 1992-ci ildə müharibəyə aparılmışdır. Orada döyüşdə vəfat edib. Bu barədə Yevlax rayon Məhkəməsinin qətnaməsi vardır. Arayışda almışam ki, uşaq həqiqətən döyüşdə vəfat edib. Cavabdehin imtinası səhvdir. İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək bildirdi ki, akt qeydi nəzərdən keçirilərkən yalnız məhkəmə qətnaməsi tərtibatı aparılanda icraatı olunduğu zaman aydın olduki heç bir səbəb göstərilmir. Bu barəd ekspert rəyi olmalıdır. Məhkəmənin qətnaməsi bu cür tərtib olunub. Qeydiyyat şöbəsi də akt qeydini məhkəmə qətnaməsi çərcivəsində icra edib. İddia əsaslı deyil. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir.

2. Yevlax rayon Məhkəməsinin 2(039)-874/2019 nömrəli Qətnaməsinin surəti.

3. Vİ-ЖГ 401685 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1976-ci il tarixdə anadan olmuşdur..

4. AZ-İİ 006783 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İş materiallarından görünür ki, iddiaçının oğlu mərhum X4 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 146 saylı ölüm haqqında akt qeydində ölüm səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən vəfat etməsi “səbəbinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 194.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. 8.7. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeydə alınarkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Göründüyü kimi ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir və bu zaman əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında dövlət qeydiyyatına alınır. Hazırkı mübahisə üzrə X3 ölüm haqqında dövlət akt qeydi Yevlax Rayon Məhkəməsinin 2(039)-874/2019 nömrəli qətnaməsi əsasında tərtib edilmişdir. Həmin qətnamədə yalnız X3 17 iyul 1993-cü il tarixində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Belə olan halda cavabdeh inzibati orqan heç bir əsas olmadan vətəndaşlıq vəziyyəti akt qeydində ölüm səbəbini “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən vəfat etməsi” qeydini aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçının oğlu mərhum X4 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 146 saylı ölüm haqqında akt qeydində ölüm səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən vəfat etməsi “səbəbinə düzəliş edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar