Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-329/2023 15.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilərək ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının nümayəndəsi və vəkili cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya xəstəliyinə görə 2002-ci ilin aprel ayından 2021-ci ilin aprel ayına qədər 19 (on doqquz) il müddət ərzində ona təyin edilmiş 3-cü dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçıya təyin edilmiş 3-cü dərəcə əlilliyə görə qanunvericiliklə nəzərdə tutulmuş əlillik müavinəti 2021-ci ilin aprel ayından kəsildiyi üçün həmin tarixdən məhkəmə qərarı çıxarılan vaxta kimi hesablanaraq səlahiyyətli dövlət orqanı tərəfindən ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 06 iyun 1992-ci ildə Şəki Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə başlamışdır. Həmin dövrdə döyüş əməliyyatlarının aparıldığ Ağdərə rayonuna göndərilmiş, Cıldıran yaşayış məntəqəsinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərkən sol ayağından qəlpə yarası alaraq müalicə olunması üçün Qəbələ rayon hərbi hospitalına, oradan da Şəki rayon xəstəxanasına təxliyə edilmişdir. Müalicəsini başa vurduqdan sonra təkrar hərbi xidmətə qaytarılmış və 1993-cü ilin mart ayında Ağdam rayonunun Canyataq və Gülyataq yaşayış məntəqələrinin müdafiə uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərkən başında, sağ kürək nahiyyəsində və sol qulağında qəlpə yarası və kontuziya alaması nəticəsində müalicə olunması üçün Yevlax rayon Mərkəzi Xəstəxanasına göndərilmiş və orada ixtisaslı müayinə və müalicə olunduqdan sonra yenidən hərbi xidmətə geri qaytarılmışdır. 1996-cı ilin avqust ayının 11-də həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Hərbi xidmətdə olarkən bədəninin müxtəlif nahiyyələrində aldığı qəlpə yaraları nəticəsində ağrıları şiddətlənməyə başlamış, bununla əlaqədar etdiyi müraciət nəticəsində 2002-ci ilin aprel ayının 10-da tibbi-sosial ekspertiza komissiyası tərəfindən müayinə edilərək iddiaçıya 3-cü dərərcəli əlillik təyin edilmişdir. İddiaçıya təyin edilmiş 3-cü qrup əlillik dərəcəsi heç bir qanuni əsas olmadan 2021-ci lin aprel ayında kəsilmişdir. 2002-ci ilin aprel ayından iddiaçıya 3-cü qrup əlillik dərəcəsi təyin edildikdən sonra vaxtaşırı olaraq qanunvericiliklə nəzərdə tutlmuş qaydada tibbi-sosial ekspert komissiyası tərəfindən müayinə edilərək 3-cü qrup əlillik dərəcəsi təyin edilməkdə davam etmişdir. Növbəti dəfə 2022-ci ilin may ayında Şəki rayon Mərkəzi Xəstəxanası tərəfindən xəstəliyinə aid müfaviq tibbi sənədlər və göndəriş Əmək və X2 Nazirliyinə elektron qaydada göndərilmiş, lakin cavabdeh iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina etmişdir. İş materiallarında olan TSEK-in xx.xx.2022-ci il tarixli cavabından görünür ki, iddiaçı Şəki Rayon Mərkəzi Xəstəxanasının 0344003AAK8W nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması səbəbilə iddiaçıya əlillil dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2002-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın Diaqnozun mətni: kəllədaxili travmasının nəticəsi, vəlvələ pozuntusu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => digər: kəllədaxili travmasının nəticəsi, vəlvələ pozuntusu” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: kəllədaxili travmasının nəticəsi, vəlvələ pozuntusu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => digər: kəllədaxili travmasının nəticəsi, vəlvələ pozuntusu” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 – Başın ....; Diaqnozun mətni: Kəllədaxili travmasının nəticəsi, vəlvələ pozuntusu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => digər: kəllədaxili travmasının nəticəsi, vəlvələ pozuntusu” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: kəllədaxili travmasının nəticəsi, vəlvələ pozuntusu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => digər: kəllədaxili travmasının nəticəsi, vəlvələ pozuntusu” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi mənşəli şəxsiyyət pozuntusu Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Kompleks parsial tutmalarla müşahidə olunan epilepsiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 1993-2021-ci illər ərzində əsas xəstəlik üzrə müalicələrin aparılmaması ağırlaşmaların əlillik səviyyəsində olmadığını göstərir” səbəbi ilə imtina verilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Sol sağrı nahiyyəsində dəlib- keçən qəlpə yarası. Başın, sağ kürək nahiyyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0344003AAK8W nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixli 10 nömrəli Arayış verilmişdir. Həmin arayışda “Sol sağrı nahiyyəsində dəlib-keçən qəlpə yarası. Başın, sağ kürək nahiyyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Kəllədaxili travmaların nəticələri. Baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Kompleks parsial tutmalarla müşahidə olunan epilepsiya" diaqnozu araşdırılmışdır. Müayinə zamannı baş ağrılarından və seyrək, 10 dəqiqə davam edən “qıcolma” tutmalarından şikayətlənmişdir. Nevroloji statusda ocaqlı patologiya aşkarlanmamış, ətraflarda reflekslər canlı, hərəkətlər sərbəst saxlanılmışdır. Təqdim olunmuş bütün stasionar müalicə sənədləri Şəki MRX müvafiqdir və diaqnoz “Keçirilmiş QKBT-dan sonrakı qabarıq asteno-nevrotik vəziyyət, likvoro-dinamik pozğunluq, tez-tez təkrarlanan vegetativ krizlər” kimi formalaşdırılmışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli Kranial KT müayinəsinin nəticəsi “Baş beyin parenximasında həcmli proses izlənmir. Sağ təpə nahiyyəsində dərialtı hiperdens ocaqlar-yad cisim (qəlpələr). Alın-təpə nahiyyəsində subaraxnoidal sahədə genişlənmə. Yan mədəciklərdə genişlənmə-minimal intrakranila hipertenziyaya xarakter kimi müəyyənləşdirilmiş, EEQ müayinəsi nəticəsi təqdim edilməmişdir. Hazırda klinik məlumatlarda və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya, ətrafların hərəki məhdudluğu qeyd olunmamışdır. Nəticədə müraciət qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Cavabdeh etiraz məktubunda iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etirazında isə iddianın təmin edilməməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilərək ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə həmçinin iddiaçının nümayəndəsi və vəkili tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul olunmasını və hazırkı işə dəqiqləşdirilmiş iddia üzrə baxaraq təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İş materiallarında olan: Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli imtinasının məzmunundan görünür ki, iddiaçı Şəki RMX-nin 044003AAK8W nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə TSEK-də müayinə olunmuş, ona əlillik təyin olunmasından imtina edilmiş, imtinaya əsas olaraq dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması göstərilmişdir. Həkimin rəyi: 1993-2021ci illər ərzində əsas xəstəlik üzrə müalicələrin aparılmaması ağırlaşmaların əlillik səviyyəsində olmadığını göstərir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 553 nömrəli məktubuna əlavə olunmuş T40/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardada göstərilən suallara cavab olaraq “X1: XİX Sinif travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - T90-T98 travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri - T90 - Başın sol təpə nahiyəsində dərialtı ocaqlar- yad cisim qəlpələr (xx.xx.2021-ci il KT müayinəsi əsasında); Diaqnozun mətni: Kəllədə travmaların nəticələri, baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Sol sağrı nahiyyəsində dəlibkeçən qəlpə yarası. Başın sağ kürək nahiyyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti” onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborat instrumental müayinələrin əsasında düzgün müəyyən edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Şəki RMX publik hüquqi şəxsinə və cavabdehə sorğu ünvanlaraq aşağıda qeyd olunan sualların cavablandırılması xahiş olunmuşdur: Ekspert rəyinə əsasən komissiya tərəfindən gəlinmiş nəticədə göstərilən diaqnoz əlillik təyin edilməsi üçün əsas verirmi? Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı diaqnoza uyğundur? Həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulmasının hansı faiz göstəricisi və müddətinə uyğundur? Şəki RMX publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli, 259/1 nömrəli məktubunda qeyd etmişdir ki, müalicə həkiminin diaqnozu xəstənin sağlamlıq vəziyyətinin əlillik meyarlarına uyğun gəldiyinə əsas verir. T90.5-Baş beynin travmatik xəstəliyi. Posttravmatik ensefalopatiya (1992); 35-60% 2 il müddətinə uyğundur. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-4/2-8033/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq vətəndaşların əlillik, vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Məlumat üçün bildirilir ki, İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən əlillik vəziyyəti Şəki Rayon Mərkəzi Xəstəxanasının 0344003AAK8W nömrəli göndərişi və müraciəti əsasında X4-sosial ekspert komissiyasında xx.xx.2022-ci ildə əyani müayinədə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, müayinə zamanı məlum olmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixli 10 nömrəli Arayış verilmişdir. Həmin arayışda “Sol sağrı nahiyəsində dəlib-keçən qəlpə yarası. Başın, sağ kürək nahiyəsinin və sol qulağın kontuziyadan sonrakı nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin sağlamlıq vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri. Baş beyinin travmatik xəstəliyi (1992) ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kompleks parsial tutmalarla müşahidə olunan epilepsiya” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nevroloji statusda ocaqlı patologiya aşkarlanmamış, ətraflarda reflekslər canlı, hərəkətlər sərbəst saxlanılmışdır. Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"nın 6-cı bəndinə əsasən, orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin (gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması) nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Məhkəmə hesab edir ki, işin göstərilən faktiki hallarına aşağıda göstərilən normaların tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Hazırda və iddiaçıya cavabdeh tərəfindən imtinanın verildiyi zaman qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İddiaçının cavabdehə ilkin müraciət etiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunurdu. Həmin Əsasnamənin: 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 16 hal sadalanmışdır. 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə əsasən isə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Qeyd olunan bənddə üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün 9 hal sadalanmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Odur ki, iş üzrə iddiaçıya təyin edilmiş diaqnozun doğruluğunun yoxlanılması və diaqnozun əlillik təyin edilməsinə əsas verib-verməməsinin araşdırılması məqsədilə ekspertiza təyin edilmişdir. Həmçinin qeyd edilməlidir ki, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinasını “göndərişin natamam doldurulması” ilə əsaslandırmışdır. Yəni, cavabdehin imtinasında göstərilənlər səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdəki məlumatların natamam olması, həmin göndərişin – onun verildiyi vaxtda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4 və 2.9-cu bəndlərinin tələblərinə uyğun tərtib olunmaması ilə bağlıdır. Həmin normalar tələb edir ki, TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirsin, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul etsin, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərsin. Göndərişdə natamamlığın olduğu qəbul edildikdə, həmin göndərişə münasibətdə cavabdeh tərəfindən Qaydanın 2.4-cü bəndinin hansı səbəblərdən tətbiq olunmadığı məlum deyil. Həmin bəndin tələbinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Əsasnamənin 2.9-cu bəndinə əsasən isə göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Həmin normalarla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından iddia qismən təmin olunmalı, cavabdehin xx.xx.2022ci il tarixli (müayinə tarixi xx.xx.2022-ci il) imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1973-cü il tarixdə doğulmuş İddiaçı aid 0344003AAK8W nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-277/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli və 2-1(102)-1808/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarlarında da eyni mövqedən çıxış etmişdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli (müayinə tarixi xx.xx.2022-ci il) imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1973-cü il təvəllüdlü İddiaçı aid 0344003AAK8W nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-329/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-329/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver