Məhkəmə qərarları › İş №2-1(116)-33/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-33/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-33/2022 28.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı4, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Rizvanova (Salamova) Saliyə Babək qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1in 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “31 yanvar 2015-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olan, Oğuz rayonu Muxas kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı həmin 4,9664 ha torpaq sahəsinə iddiaçıların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2015-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olan, Oğuz rayonu Muxas kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı həmin 4,9664 ha torpaq sahəsinə iddiaçıların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia tələbinin əsaslarına görə, iddiaçılara Oğuz rayon Aqrar İslahat Komissiyasının 03 iyul 1999-cu il tarixli 85/99 nömrəli qərarı ilə 5 nəfər ailə üzvülərinə 4,97 hektar kənd təsərrüfatlı təyinatlı pay torpağı sahəsi ayrılmış, lakin ayrılmış torpaq sahəsi barədə heç bir rəsmi sənəd, dövlət aktı verilməmişdir. İslahat komissiyasından ayrılmış torpaq sahəsinin yerini tələb etsələr də, iddiaçılara Şəki rayonu ilə həmsərhəd, Şəkinin Aydınbulaq kəndinin torpaqları ilə həmsərhəd olan Muxas kəndindən 25 km aralı məsafədə bir sahə göstərilmişdir. İddiaçılar 2004-cü ildə əkinə yararlı torpaq sahəsinin ayrılması üçün Muxas kənd bələdiyyəsinə və Oğuz rayon Aqrar İslahat Komissiyasına müraciət etmişlər. Muxas kənd bələdiyyəsi əkinə yararlı torpaq sahəsindən Malıx yolunun kənarından iddiaçılara torpaq ayrılması barədə qərar verilmişdir. Qərar və torpağın ayrılması ilə bağlı tələb olunan digər sənədlər İddiaçı1 tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bazaya vurulmuş həmin torpaq sahəsilə bağlı DTXK Oğuz rayon Torpaq şöbəsi tərəfindən Dövlət aktı qeydiyyat kitabında 8280 nömrə ilə qeydiyyata alınmış 15 sentyabr 2004-cü il tarixli JN 178 (KOD ********) nömrəli 5 nəfər ailə üzvünə mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi) göstərilməklə 4,97 ha sahə üçün torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Dövlət Aktına əlavə edilmiş torpaq sahəsinin planında (cizgisində) torpaq sahəsinin qonşu sərhədlərinin koordinatları metr dəqiqliyi ilə qonşuların soyadı, adı və atasının adı qeyd edilməklə əks etdirilmişdir. Bundan əlavə JN 178 torpağa mülkiyyət hüququna dair Dövlət aktına DTXK Oğuz rayon Torpaq şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitutunun birgə təsdiq etdikləri Torpaq sahəsinin qaiməsi (sertifikatı) təsdiq edilərək torpağa mülkiyyət hüququna dair Dövlət aktına əlavə edilmişdir. DTXK Oğuz rayon Torpaq şöbəsinin mütəxəssisləri tərəfindən JN 178 torpağa mülkiyyət hüququna dair Dövlət aktına əlavə edilmiş mülkiyyətlərinə verilmiş torpaq sahəsinin planı (cizgisi) üzrə konturları əkin sahəsində İddiaçı1 göstərilərək 4,97 hektar torpaq sahəsi təhvil verilmişdir. İddiaçılar mülkiyətlərinə verilmiş 4,97 hektar əkinə yararlı pay torpaq sahəsini 2004-cü ildən halhazıradək 17 ildir əkib becərirlər. JN 178 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı iddiaçılara təhvil verildikdən sonra əvvəl onlar üçün ayrılmış torpaq sahəsi Muxas bələdiyyəsinin balansına verilmiş və iddiaçılar həmin torpaqdan istifadə etməmişlər. İddiaçı4 cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli **********57 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün onunla əlaqə yaradılmış, lakin hal-hazırda gələ bilmədiyini bildirmişdir. Bu səbəbdən ərizənin qanunvericilikdə müəyyən olunmuş vaxt ərzində icrası mümkün olmamış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrasina 1 (bir) ay müddətinə dayandırılma verilmişdir. Bu müddət ərzində ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün şərait yaradılmasa ərizənin icrasından imtina ediləcəkdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********70 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və qeyriləri Oğuz rayonu Muxas kəndində yerləşən 0,9664 ha torpaq sahəsinə plan və ölçü sənədinin hazırlanması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişlər. İddiaçı1 müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, JN-179 nömrəli Dövlət Aktında göstərilən yerlə elektron baza xəritəsində öz əksini tapmış tamamilə fərqli yerlərdir. İddiaçı tərəfindən faktiki olaraq təqdim edilmiş torpaq sahəsindən Oğuz- Qəbələ-Bakı su kəməri, 2 ədəd 30000 KV və 2 ədəd 10000 KV yüksək gərginlikli elektrik xətti keçir, faktiki iddia edilən torpaq sahəsinin 0,92 ha hissəsi qorunma zolaqlarına düşür. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-33/2022 nömrəli qərardadı ilə Oğuz rayon Muxas bələdiyyəsi iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar, onların nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan: Cavabdeh tərəfindən verilmiş JN-0178 kod 40503028 nömrəli dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 85/99 nömrəli qərarı ilə 4,97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılara verilmişdir. Sənəd Oğuz rayon Torpaq şöbəsində xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Oğuz rayon Muxas kəndində yerləşən 4,9664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir. 2020-ci ilin iyul ayında tərtib olunmuş müayinə (baxış) aktının surətindən görünür ki, iddiaçılara verilmiş torpaq sahəsi sənəd üzrə 4,9664 ha, faktiki 4,97 ha-dır. Torpaq sahəsində su kəməri (Oğuz-Qəbələ-Bakı), 2 ədəd 30000 kVt-luq, 2 ədəd 10000 kVt-luq yüksək gərginlikli elektrik xəttləri, həmçinin artezian quyusu yerləşir. Ərazinin 0,92 ha hissəsi həmin xəttlərin mühafizə zolağına düşməklə beş hissəyə bölünüb. Ərizəçi bildirir ki, ona əvəzləmə ilə başqa ərazidən torpaq sahəsi verilməyib. Oğuz RİH başçısının Muxas İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 10-20/14 nömrəli məktubunda qeyd olunur ki, iddiaçıların mülkiyyətində olan 31 yanvar 2015-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarışla göstərilən torpaq sahəsinin Oğuz-Bakı su kəmərinə düşən hissəsinin əvəzinə iddiaçılara heç bir torpaq sahəsi verilməmişdir. Muxas bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 22 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı1 və ailə üzvülərinə aid Muxas bələdiyyəsi ərazisində olan pay torpaqdan 1,87 ha torpaq sahəsi Oğuz-Bakı su kəmərinin mühafizə zolağına düşməsinə baxmayaraq istər Dövlət fondu olmaqla, istərsə də bələdiyyənin ehtiyyat fondu torpaqla əvəz edilməmişdir. Oğuz RİH-nin xx.xx.2021-ci il tarixli 6/4-874 nömrəli məktubunda qeyd olunur ki, hazırda icraatda olan məhkəmə işi üzrə iddiaçılar İddiaçı1 və onun ailə üzvlərinə, mülkiyyətlərində olan sözügedən torpaq sahəsinin "Oğuz-Qəbələ-Bakı su kəməri"nin mühafizə zolağına düşən hissəsinin əvəzinə başqa ərazidən torpaq sahəsi verilməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********19 nömrəli məktubunda qeyd olunur ki, Xidmətin 9 saylı Qəbələ ərazi idarəsində İddiaçı1 və ailə üzvlərinə məxsus 4,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN 178 kod 40503028 olan “torpağa mülkiyyət hüququna dair dövlət aktı”) Oğuz-Bakı su kəmərinə düşən hissəsinin əvəzinə ayrılmış torpaq sahəsi barədə məlumat hər hansı bir hüquqmüəyyənedici və texniki sənəd aşkar edilməmişdir. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli **********60 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı1 DƏDRX tərəfindən verilmiş 31 yanvar 2015-ci il tarixli ******* nömrəli çıxarışın plan ölçü sənədi təqdim olunmadığından torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı1 və ailə üzvülərinin faktiki istifadə etdiyi torpaq sahəsi 5,26 hektar təşkil edir. Həmin torpaq sahəsinin 1,87 hektarı Oğuz-Bakı su kəmərinin mühafizə zolağına düşür. 3,39 hektar torpaq sahəsi isə təsərrüfatın DWG faylına (Mülkiyyətə verilmiş torpaqların kompleks yerqurluşu layihəsinə) əsasən Oğuz rayonu Muxas bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, uqodiyası əkin olub ehtiyyat fond torpaqlar kateqoriyasına aiddir. İddiaçıların istifadəsində olan torpaq sahələrinin coğrafi yerləşməsi, həndəsi ölçüləri və döngə nöqtələrinin koordinatları göstərilməklə sxem tərtib olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli **********30 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, işin araşdırılması məqsədi ilə DƏDKR X1 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Muxas kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********60 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilən mübahisəli torpaq sahəsinin koordinatları ilə JN-0178 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda verilmiş torpaq sahəsinin koordinatları 0,0457 və 1,49 hektar hissədə üst-üstə düşür. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi cavabdeh imtinasını mübahisəli torpaq sahəsinin su kəməri və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağına düşməsi ilə əsaslandırmışdır. Lakin torpaq sahəsi iddiaçıların adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********83 reyestr nömrəli çıxarış verilmişdir. Yuxarıda qeyd olunan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Göstərilən mövqedən çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-84/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İddiaçıların mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə 31 yanvar 2015-ci il tarixli RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən iddiaçıların mülkiyyətlərində olan, Oğuz rayonu Muxas kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı həmin 4,9664 ha torpaq sahəsinə iddiaçıların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. 31 yanvar 2015-ci il tarixli RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Rizvanova (Salamova) Saliyə Babək qızının mülkiyyətlərində olan, Oğuz rayonu Muxas kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 4,9664 ha torpaq sahəsinə onların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1in 9 saylı Qəbələ ərazi idarəsinə üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar