Məhkəmə qərarları › İş №2-1(116)-330/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-330/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-330/2023 14.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1982-ci ildən 1995-ci ilədək, 2002-ci ildən 2003-cü ilədək, 2017-ci ildən 2022-ci ilədək “hidroaqreqat maşinisti” kimi, 2012-ci ildən 2017-ci ilədək “elektrik montyoru” kimi işlədiyi illər nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 1982-ci ildən 1995-ci ilədək, 2002-ci ildən 2003-cü ilədək, 2017-ci ildən 2022-ci ilədək “hidroaqreqat maşinisti” kimi, 2012-ci ildən 2017-ci ilədək “elektrik montyoru” kimi işlədiyi nəzərə alınaraq xx.xx.2022-ci il tarixdən hesablanmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1982-ci ildən etibarən əmək fəaliyyəti ilə məşğul olur. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Belə ki, xx.xx.1982-ci ildə X4 İ qrup hidroaqreqat maşinisti vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1995-ci ilə kimi həmin idarədə eyni vəzifədə çalışmışdır. Daha sonra xx.xx.2001-ci ildə “Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2001-ci tarixli, 676 saylı sərəncamı ilə idarə “Gəncəelektrikşəbəkə” ATSC-nin sərəncamına keçirilmişdir. Buna görə işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı xx.xx.2002-ci ildən yenidən Mingəçevir SES-ə hidroaqreqat maşinisti vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2003-cü ildə X6 Stansiyası bağlanmış və buna görə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin tarixdən X9 Stansiyası ASC-də elektromexanik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci ildən elektrik mantyoru, xx.xx.2017-ci ildə hidroaqreqat maşinisti vəzifəsinə keçirilmişdir. Bu günə kimi də həmin vəzifədə işləyir. Ümumiyyətlə iddiaçı 1982-ci ildən hidroaqreqat maşinisti vəzifəsində çalışır. İşlədiyi müəssisənin adının dəyişdirilməsi, birləşmə və ayrılma nəticəsində vəzifəsinin adında dəyişiklər etmişlər. İddiaçının əmək kitabçası üzrə bütün vəzifələri güzəştli müddətlərə daxildir. Qeyd olunanlara əsasən iddiaçı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********1 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi tahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti ərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan xx.xx.2003-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində “X9 Stansiyası” ASC-də elektromexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) bəndin içərisində quraşdırılması və yaxud aşağı byefin minimum səviyyəsindən aşağıda yerləşdirilməsi hidroelektrik stansiyaları və maşın zallı hidroelektrik stansiyaları bəndində (24.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 7 ay (xx.xx.2012-xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********6 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin güzəştli sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin güzəştli sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olması üçün normanın məzmununda göstərilmiş şərtlər mövcud olmalıdır:

1. Sığortaolunanlar qanunla tələb edilən yaş həddinə çatdıqda (kişilər 60 yaş, qadınlar 55 yaş);

2. Sığortaolunanlar qanunla tələb edilən ümumi sosial sığorta stajına malik olduqda (kişilər 25 il, qadınlar 20 il);

3. Sığortaolunanlar qanunla tələb edilən güzəştli sosial sığorta stajına malik olduqda (kişilər 12 il 06 ay, qadınlar 10 il);

4. Sığortaolunanların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və güzəştli hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İşin mübahisələndirilən halı İddiaçı güzəştli stajının 12 il 6 aydan az (9 il 7 ay (xx.xx.2012-xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) olmasından ibarətdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “1982-ci ildən 1995-ci ilədək, 2002-ci ildən 2003-cü ilədək, 2017-ci ildən 2022-ci ilədək “hidroaqreqat maşinisti” kimi, 2012-ci ildən 2017-ci ilədək “elektrik montyoru” kimi işlədiyi illər nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci ildə anadan olmuş iddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İddiaçıya məxsus xx.xx.1982-ci ildə doldurulmuş ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1982-ci ildə X2 1-ci qrup hidroaqreqat maşinisti vəzifəsində qəbul edilmiş; xx.xx.1984-cü ildən 2-ci qrup hidroaqreqat maşinisti ixtisası verilmiş; xx.xx.1985-ci ildə 4-cü dərəcə hidroelektrik stansiyası avadanlıqlarının təmiri üzrə çilingər ixtisası verilmiş; xx.xx.1988-ci ildən 3-cü qrup hidroaqreqat maşinisti ixtisası verilmiş; xx.xx.1995-ci ildən öz xahişi ilə işdən azad olunmuşdur; xx.xx.1997-ci ildən Şəki EŞ-də elektrik montyoru vəzifəsinə qəbul olunmuşdur; xx.xx.2001-ci ildən “Gəncəelektrikşəbəkə” ATSC-nin sərəncamına keçirilib; xx.xx.2002-ci ildən ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2002-ci ildən ƏM-in 63-cü maddəsinin 1-ci hissəsinə əsasən 3-cü dərəcə ilə hidroaqreqat maşinisti kimi Mingəçevir SES silsiləsinin şəxsi heyətinin tərkibinə daxil edilib; xx.xx.2003-cü ildə "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli, AÜ/091 saylı əmri ilə Mingəçevir SES silsiləsinin təşkilati hüquqi forması dəyişdirilərək Mingəçevir SES silsiləsi MMC-yə çevrilmişdir; xx.xx.2003-cü ildə Mingəçevir SES silsiləsi MMC-nin tabeliyində olan Şəki kiçik SES-in mülkiyyət forması dəyişdiyi, yeni hüquqi statuslu "xxxx" ASC yarandığı üçün Mingəçevir SES silsiləsi MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2003-cü il tarixdən "xxxx" ASC-nin yeni ştat strukturuna uyğun olaraq elektromexanik vəzifəsinə təyin olunmuş; xx.xx.2012-ci ildə Şəki SES ASC-də elektrik montyoru vəzifəsinə keçirilmiş; xx.xx.2017-ci ildə Şəki SES ASC-də hidroaqreqat maşın zalına xidmət üzrə 5-ci dərəcə elektrik montyoru vəzifəsinə keçirilmiş; xx.xx.2020-ci ildən ƏM-in 68-ci maddəsinin “a” bəndinə əsasən vəzifədən azad olunmuşdur; xx.xx.2020-ci ildən "xxxx" MMC-də hidroaqreqat maşın zalına xidmət üzrə elektrik montyoru vəzifəsinə təyin edilmişdir. İddia ərizəsinə əlavə olunmuş: “X5 Şəbəkəsi” MMC-nin xx.xx.2022-ci il tarixli, 121/01-05-05 nömrəli arayışından qeyd olunur ki, İddiaçı xx.xx.1982-ci il tarixli 155 saylı əmrlə xx.xx.1982-ci il tarixdən X3 Şəki şəhər şəbəkə rayonuna 1-ci qrup hidroaqreqat maşinisti vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixli 229 saylı əmrlə xx.xx.1984-cü il tarixdən 2-ci qrup hidroaqreqat maşinisti ixtisası verilmişdir. xx.xx.1985-ci il tarixli 133 saylı əmrlə xx.xx.1985-ci il tarixdən 4-cü dərəcə hidroelektrik stansiya avadanlıqlarının təmiri üzrə çilingər ixtisası verilmişdir. xx.xx.1988-ci il tarixli 177 saylı əmrlə İİİ qrup hidroaqreqat maşinisti ixtisası verilmişdir. xx.xx.1995-ci il tarixli 163 saylı əmrlə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (ş/ərizəsi) əsasən xx.xx.1995-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. “X9 Stansiyası” ASC-nin xx.xx.2022-ci il tarixli, 02 nömrəli arayışında qeyd olunur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə), “X9 Stansiyası" ASC-də də xx.xx.2003-cü il tarixdən (Əmr N:2, §-4) elektromexanik, xx.xx.2012-ci il tarixdən (Əmr N:4, §-5) elektrik montyoru, xx.xx.2017-ci il tarixdən (Əmr N:15, §-4) 5-ci dərəcə elektrik montyoru (hidroaqreqat maşın zalına xidmət üzrə) işləmiş, xx.xx.2020-ci il tarixdən (Əmr N:2, §-4) ərizəsinə əsasən işdən azad edilmişdir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) stajı 16 il, 6 ay, 22 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri - hidroelektrik stansiyasının hidroaqreqat maşinisti, hidroqreqat maşın zalına xidmət üzrə elektrik montyoru olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-13660 və 2140200a-19840 vəzifə kodlarına uyğundur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 41 nömrəli arayışında qeyd olunur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə), “ASK Şəki SES" MMC-də xx.xx.2020-ci il tarixdən (Əmr N:04-2020, §-9) 5-ci dərəcə elektrik montyoru (hidroaqreqat maşın zalına xidmət üzrə) işləyir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) staji 2 il, 4 ay, 25 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri - hidroelektrik stansiyasının hidroaqreqat maşın zalına xidmət üzrə elektrik montyoru olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-19840 vəzifə koduna uyğundur. Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” AR Qanunun qüvvəyə mindiyi xx.xx.2022 tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən, “axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ”nun olması nəzərdə tutulurdu. Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş mətninə əsasən isə “axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”. İş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2022-ci il tarixli imtinasına əsasən müəyyən edilmişdir ki, imtina iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə və ona əlavə ediliş sənədlərə cavab olaraq verilmişdir. İmtina cavabı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə iş stajına malik olmaması əsası ilə verilsə də, cavabdeh tərəfindən iddiaya etirazda iddianın təmin olunmasını istisna edən əsas qismində həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi də göstərilmişdir. İddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhədliyinin cavabdehin üzərinə qoyulması xahiş edildiyindən məhkəmə hesab edir ki, işin hallarına münasibətdə Qanunun 9.1-ci maddəsinin iddiaçının müraciət etdiyi dövrdə qüvvədə olan mətni tətbiq edilməlidir. Normanın tələbinə görə isə xx.xx.2022-ci il tarixdə artıq şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi aradan qalxmışdı. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, xx.xx.2022-ci il tarixdə kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: Şəxs siyahıda nəzərdə tutulan peşələrdə işləməli, bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Normanın tələbindən də göründüyü kimi, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin tələb olan 60 yaşı tamam olduqdan sonra cavabdehə müraciət etmiş, artıq xx.xx.2022-ci il tarixdə onun müraciətinə güzətşi iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək X2 hidroaqreqat maşinisti işləmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 02 nömrəli güzəşti arayışa əsasən, iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi elektromexanik, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi elektrik montyoru vəzifəsində ümumi iş stajı 16 il 6 ay 22 gün hidroelektrik stansiyasının hidroaqreqat maşinisti, hidroqreqat maşın zalına xidmət üzrə elektrik montyoru olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-13660 və 2140200a-19840 vəzifə kodlarına uyğundur. Göstərilən vəzifə AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı hissəsinin 24.2-ci bəndinin a yarımbəndində göstərilən hidroaqreqat maşinisti vəzifəsinə uyğun olmaqdadır. Həmçinin iddiaçının “ASK Şəki SES" MMC-də xx.xx.2020-ci il tarixdən 5-ci dərəcə elektrik montyoru (hidroaqreqat maşın zalına xidmət üzrə) işlədiyi müəyyən edilmişdir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) staji 2 il, 4 ay, 25 gün təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 41 nömrəli güzəştli arayışa əsasən müəyyən edilmişdir ki, işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri - hidroelektrik stansiyasının hidroaqreqat maşın zalına xidmət üzrə elektrik montyoru olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 402000 bəndinin, 214000 yarımbəndinin, 2140200a-19840 vəzifə koduna uyğundur. Odur ki, cavabdeh tərəfindən iddiaçının müxtəlif illərdə işləmiş olduğu eyni vəzifənin müəyyən müddətinin güzəştli staja hesablanıb, digər qisminin isə nəzərə alınmaması əsassız olmuşdur. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. Beləliklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 1982-ci ildən 1995-ci ilədək, 2002-ci ildən 2003-cü ilədək, 2017-ci ildən 2022-ci ilədək “hidroaqreqat maşinisti” kimi, 2012-ci ildən 2017-ci ilədək “elektrik montyoru” kimi işlədiyi illər nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar