Məhkəmə qərarları › İş №2-1(116)-331/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-331/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-331/2020 25.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “Qurtqaşen rayon Mədəniyyət evi üzrə 01.07.1976-cı ildən 21.03.1979-cu il tarixədək sürücü, 22.03.1979-cu ildən 01.01.2006-cı ilədək 49(7) saylı hərbi ticarət bölməsində sürücü işlədiyi müddətin iş stajına daxil edilməsi və hüququ yarandığı 02.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur. Qəbələ rayon Mədəniyyət mərkəzinin 29.05.2018-ci il tarixli 10 nömrəli arayışına əsasən Qutqaşen rayon Mədəniyyət evi üzrə 01.07.1976-cı ildən 21.03.1979-cu il tarixədək sürücü, Qəbələ rayon dövlət arxivinin 30.05.2018-ci il tarixli 121 nömrəli arxiv arayışına əsasən 22.03.1979-cu ildən 30.08.2006cı ilədək 49(7) saylı hərbi ticarət bölməsində sürücü işləmişdir. O, Qəbələ rayon dövlət arxivinin 30.05.2018-ci il tarixli 121 nömrəli arxiv arayışının ona məxsus olması, Qutqaşen rayon Mədəniyyət evi üzrə 01.07.1976-cı ildən 21.03.1979-cu il tarixədək sürücü və 22.03.1979-cu ildən 30.08.2006-cı ilədək 49(7) saylı hərbi ticarət bölməsində sürücü işləməyinə dair hüquqi faktın müəyyən edilməsi barədə iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 12.07.2018-ci il tarixli 2(025)-1146/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilsə də, Şəki Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(107)-2441/2018 nömrəli qərardadı ilə işə Şəki İnzibati Məhkəməsində baxılmalı olduğundan Qəbələ Rayon Məhkəməsinin 12.07.2018-ci il tarixli 2(025)-1146/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Buna görə o hazırki iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Qeyd edildiyi kimi, o işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin cavabdeh şöbənin iddiaçıya ünvanladığı 27.09.2018-ci il tarixli cavab məktubunda müraciəti təmin edilməsindən imtina edilmiş və buna əsas kimi göstərilmişdir ki, “Əmək Pensiyaları haqqında’' Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəmiləşdiriləmsi, baxılması və Saxlanılması Qaydalarının 5.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanları qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı məhkəmənin 25.02.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Qurtqaşen rayon Mədəniyyət evi üzrə 01.07.1976-cı ildən 21.03.1979-cu il tarixədək sürücü, 22.03.1979-cu ildən 01.01.2006-cı ilədək 49(7) saylı hərbi ticarət bölməsində sürücü işlədiyi müddətin iş stajına daxil edilməsi və hüququ yarandığı 02.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. İddiaçının izahatı: İddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya münasibəti: İddiaçı 1976-2006-cı illərdə iş dövrü əmək kitabçasında qeyd olunmadı üçün, həmin dövrün pensiya hesablanarkən ümumi iş stajın na daxil edilməsi «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1-ci bəndi ilə ziddiyyət təşkil edir və bu səbəbdən sosial sığorta stajına daxil edilməməlidir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh imtina məktubunun əsli, 27.09.2019-cu il tarixli 138 nömrəli DSMF-nin Qəbələ Rayon Şöbəsində pensiya təyin edən komissiyanın qərarının əsli, 30.05.2018-ci il tarixli 121 nömrəli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivinin arxiv arayışının əsli, 29.05.2018-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirli X3 və Turizm İdarəsi Qəbələ Rayon Mədəniyyət Mərkəzi arayışının surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, Azərbaycan Respublikası Adından Şəki Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(107)-2441/2018 nömrəli qərardadın əsli, 17.12.2019-cu il tarixli **********5 nömrəli DSMF-nin Qəbələ rayon şöbəsinin məktubu, 13.12.2019-cu il tarixli və 13.12.2019-cu il tarixli aktlar aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 01.07.1976-cı il tarixdən 21.03.1979-cu il tarixədək Qutqaşın rayon Mədəniyyət evi üzrə sürücü işləməsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirli X3 və Turizm İdarəsi Qəbələ Rayon Mədəniyyət Mərkəzi arayışının 29.05.2018-ci il tarixli 10 nömrəli arayışı ilə öz təstiqini tapmışdır. 22.03.1979-cu il tarixdən 30.08.2006-cı il tarixədək hərbi ticarət bölməsində sürücü işlədiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivinin 30.05.2018-ci il tarixli 121 nömrəli arxiv arayışı ilə öz təstiqini tapmışdır. Həmin sənəd iddiaçının iş stajını təsdiq edir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının Qurtqaşen rayon Mədəniyyət evi üzrə 01.07.1976-cı ildən 21.03.1979-cu il tarixədək sürücü, 22.03.1979-cu ildən 01.01.2006-cı ilədək 49(7) saylı hərbi ticarət bölməsində sürücü işlədiyi müddətin iş stajına daxil edilməsi və hüququ yarandığı 02.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək cavabdehin üzərinə öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə X2 Qurtqaşen rayon Mədəniyyət evi üzrə 01.07.1976-cı ildən 21.03.1979-cu il tarixədək sürücü, 22.03.1979-cu ildən 01.01.2006-cı ilədək 49(7) saylı hərbi ticarət bölməsində sürücü işlədiyi müddətin iş stajına daxil edilməsi və hüququ yarandığı 02.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar