Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-331/2024 18.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə , İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “A007689 nömrəli plan-ölçü sənədinin cizgisi nəzərə alınmaqla Göyçay rayonu Potu bələdiyyəsinin 31mart 2007-ci il tarixli 6 nömrəli qərarına əsasən satılmış, faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu Potu bələdiyyəsinin 31 mart 2007-ci il tarixli, 6 nömrəli qərarına əsasən ona həyətyanı məqsədi ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarış (plan-ölçü) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2322/2024 saylı qərardadı ilə Göyçay rayonu, Potu bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında tələbini dəqiqləşdirərək “A007689 nömrəli plan-ölçü sənədinin cizgisi nəzərə alınmaqla Göyçay rayonu Potu bələdiyyəsinin 31mart 2007-ci il tarixli 6 nömrəli qərarına əsasən satılmış, faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Göyçay rayonu Potu bələdiyyəsinin 31mart 2007-ci il tarixli 6 saylı qərarına əsasən iddiaçıya 0,10 ha torpaq sahəsi satılmışdır. İddiaçı, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı, tələb hüququnu sözügedən torpaq sahəsinin ona bələdiyyə qərarı ilə satılması, satılan torpaq sahəsinin dəyərinin ödənilməsi və satıldığı vaxtdan faktiki istifadəsində və sahibliyində olması ilə əsaslandırmışdır. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Göyçay rayonu, Potu kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə bağlı Göyçay rayonu, Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 nömrəli qərarı, Göyçay rayonu, Potu bələdiyyəsi və ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair aktı təqdim edilməmişdir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Üçüncü şəxs iddia tələbinə münasibətində aşağıdakıları qeyd etmişdir: - bildirilir ki, Göyçay rayonu Potukənd sakini Məsumova (Ömərova) Vüsalə Elman qızına istifadəsində olan və Potu kəndində yerləşən 0,10 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi həyətyanı məqsədi ilə Potu bələdiyyəsinin 31 mart 2007 - ci il 06 saylı qərarı ilə satılıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həmin alqı - satqı əsasında 12 iyul 2007 - ci il tarixli (A №- 007689 ) kadastr planı işləmiş və həmin kadastr planı dövlət torpaq kadastr kitabında 45 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi hal-hazırda Məsumova (Ömərova) Vüsalə Elman qızının istifadəsindədir və daş hasar daxilindədir. Həmin torpaq sahəsinə aid heç bir mübahisə halı yoxdur. Potu bələdiyyəsinin həmin torpaq sahəsinin Məsumova (Ömərova) Vüsalə Elman qızına satılmasına dair alqı - satqı protokolu, aktlar və torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay şöbəsi tərəfindən çəkilərək təsdiqlənmiş sxeminə aid bələdiyyədə qalan nüsxələri xx.xx.2011-ci il tarixində bələdiyyənin inzibati binasında baş verən yanğın nəticəsində yanmışdır. Ona görə də sənədlərin təsdiq edilmiş surətini Sizə təqdim edə bilmirik. Sənədlərin vətəndaşda olan yeganə nüsxəsi Məsumova (Ömərova) Vüsalə Elman qızı tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilmiş və onun əsasında kadastr planı alınmışdır. Məsumova (Ömərova) Vüsalə Elman qızının adına 0,10 ha həyətyanı torpaq sahəsi olması barədə kadastr planı Potu bələdiyyəsinə təqdim edilib və bələdiyyənin qeydiyyat kitabında qeydiyyata alınıb. Məsumova (Ömərova) Vüsalə Elman qızı həmin 0,10 ha torpaq sahəsinin vergisini hər il Potu bələdiyyəsinə ödəyir. Onun Potu bələdiyyəsinə heç bir vergi borcu yoxdur . Məsumova (Ömərova) Vüsalə Elman qızına dövlət orqanı (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) təsdiqedici sənəd ( vətəndaşın adına kadastr planı) verdiyi üçün, həmin plan əsasında çıxarış və texniki pasportun verilməsinə dair qərar qəbul edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, Göyçay Rayon DYMH-nin 27.12.18-ci il tarixli Arayışı, A№007689 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və həmin sənədin X6 kitabında qeydiyyata alındığı səhifənin surəti, cavabdehin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktubları və onlara əlavə edilmiş mütəxəssis rəyləri, mübahisəli ərazinin ortofoto xəritəsindən çıxarış. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi Göyçay rayonu Potu Bələdiyyəsinin 31 mart 2007-ci il tarixli, 6 nömrəli qərarı ilə iddiaçıya satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi üçüncü şəxsin xx.xx.2023-cü il tarixli məktubu, A007689 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və həmin sənədin X6 kitabında qeydiyyata alındığı səhifənin surəti ilə də təsdiq edilir. Cavabdehin iddiaya qarşı dəlili – Göyçay rayonu, Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 nömrəli qərarının, Göyçay rayonu, Potu bələdiyyəsi və ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair aktın təqdim edilməməsi ilə bağlı olmuşdur. Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir.. Məhkəmə “torpaqların alqı-satqısına dair aktın təqdim edilməməsi ilə bağlı” etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Məhkəmə “Göyçay rayonu, Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 nömrəli qərarının təqdim edilməməsi ilə bağlı” etirazın dəlilinə münasibətdə qeyd edir ki, arxiv nüsxəsi cavabdeh orqan tərəfindən təqdim edilmiş A007689 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 6 saylı qərarına istinad olunmuş, həmin sənəd cavabdeh orqanın hüquq varisi olduğu DT və XKnin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilmişdir. Sözügedən plan-ölçü sənədi tərtib edilərkən ilkin torpaqayrıma sənədlərinin mötəbərliyi yoxlanılmış və A007699 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 6 saylı qərarı ilə ayrılmış torpaq sahəsi olması təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, A007689 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi X6 kitabında xx.xx.2007-ci il tarixdə, 45 № ilə uçota alınarkən “torpaq sahəsinin ayrılması barədə sərəncamlar, qərar və bağlanmış əqdlər” qrafasında məhz Potu Bələdiyyəsinin 31 mart 2007-ci il tarixli, 6 nömrəli qərarı qeyd edilmişdir. Odur ki, həmin sənədin bir nüsxəsinin saxlanması həm də, cavabdeh orqanın vəzifəsi olmuşdur. Üçüncü şəxs iddia tələbinə münasibətində sözügedən torpaq sahəsinin iddiaçıya satılmasını təsdiq etmiş, müvafiq torpaqayırma sənədlərinin bələdiyyədə qalan nüsxələrinin xx.xx.2011-ci il tarixində bələdiyyənin inzibati binasında baş verən yanğın nəticəsində yandığı bildirmişdir. Göyçay rayon DYMH-nin xx.xx.2018-ci il tarixli arayışı ilə xx.xx.2011-ci il tarixdə Potu bələdiyyəsinin inzibati binasında yanğın hadisəsinin baş verməsi və ümumi sahəsi 680 kv. Olan binanın 580 kv.m hissəsinin tamamilə yanaraq məhv olması müəyyən olunur. Odur ki, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinin ayrılması ilə bağlı zəruri sənədlərin məhv olması iddiaçının ziyanına şərh oluna və onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya səbəb ola bilməz. Yuxarıda qeyd edildiyi kimi hazırkı cavabdehin hüquq varisi olduğu DTXK-nin Göyçay rayon şöbəsi A007689 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini tərtib edərkən hüquqi əsas olaraq Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 6 saylı qərarına istinad etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, torpaq sahəsinin fiziki şəxsə ayrılması yalnız hüquqi əsaslarla – bələdiyyə qərarı ilə (hazırkı işə münasibətdə) həyata keçirildiyindən torpağın ölçülməsi və planının hazırlanması bu qərarın icrası üçün növbəti mərhələ hesab olunmalıdır. Məhz bu mərhələdə hüquqi olaraq təsbit edilmiş sərhədlər fiziki olaraq naturada müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndinə əsasən (iddia olunan torpaq sahəsi iddiaçıya ayrılarkən qüvvədə olmuşdur) torpaq ...satılması barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 8 fevral tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən "Torpaq sahəsinin planı və ölçüsü"nün Təsvirinin 1-ci bəndinə əsasən bu sənədin qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən sənəd olması göstərilmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 0,12 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan torpaqlar (həyətyanı sahə) uqodiyalı olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı ilə X2 ayrılmış 1000.0 kv.metr torpaq sahəsinə tərtib edilmiş **********0016 kadastr nömrəli “Torpaq sahəsinin planı və Ölçüsü sənədi”ndə əks olunan koordinatlar “sürüşmə” ilə kənar əraziyə düşməklə bir hissəsi digər şəxslərə məxsus fərdi yaşayış evinin üzərinə düşür. Məhkəmə tərəfindən iddiaçının faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsinə münasibətdə ona satılmış 0,10 ha torpaq sahəsinin hansı qaydada tamamlanması barədə məlumat, o cümlədən A007689 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin cizgisi və koordinatları əsasında mübahisəli ərazinin ortofoto xəritəsindən çıxarış cavabdeh orqanda alınaraq öyrənilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə iddia olunan 0,10 ha torpaq sahəsinin faktiki istifadə olunan 0,12 ha torpaq sahəsinə münasibətdə iddiaçı ilə razılaşdırılmış yerləşmə sxemi təqdim edilmişdir (faktiki istifadə olunan 0.12 ha torpaq sahəsinin şimalından 0,02 ha azaldılmaqla). Məhkəmə tərəfindən A007689 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin cizgisi və koordinatları sözügedən ərazinin ortofoto xəritəsi ilə müqayisəli yoxlanılmış və müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyəti A007689 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin cizgisində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğundur (mütəxəssis rəyində **********0016 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatların “sürüşmə” ilə kənar əraziyə düşməsi qeyd edilmişdir). Göründüyü kimi torpaq sahəsi ayrılarkən qüvvədə olan qanunvericiliyin tələbinə görə torpaq sahəsinin planı və ölçüsü sənədinin yalnız müvafiq hüquqi əsaslar olduqda tərtib edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh orqan isə sözügedən sənədi hazırlamaqla faktiki olaraq torpaq sahəsinin bələdiyyə qərarı əsasında iddiaçıya ayrılmasını təsdiq etmiş və X4 müvafiq qeydiyyat aparmışdır. Odur ki, faktiki olaraq cavabdeh orqan tərəfindən müvafiq plan-ölçü sənədi hazırlanarkən yoxlanılmış və hüquqi qiymətləndirmə aparılmış ilkin torpaqayırma sənədinin yenidən iddiaçıdan tələb edilməsini (eyni zamanda həmin qərarın bir nüsxəsinin cavabdehin özündə saxlanılmalı olması nəzərə alınmaqla) məhkəmə ədalətli hesab etmir. Məhkəmə A007699 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini, həmin sənədin X4 qeydiyyatını kompleks şəkildə qiymətləndirərək hesab edir ki, müvafiq qeydiyyatın aparılmasına hüquqi əsas olaraq Göyçay rayonu Potu bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 6 saylı qərarı göstərildiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə A007689 nömrəli plan-ölçü sənədinin cizgisi nəzərə alınmaqla Göyçay rayonu Potu bələdiyyəsinin 31mart 2007-ci il tarixli 6 nömrəli qərarına əsasən satılmış, faktiki istifadədə olan 0,10 ha torpaq sahəsi üzərində (faktiki istifadə olunan 0.12 ha torpaq sahəsinin şimalından 0,02 ha azaldılmaqla) İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.