Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-331/2025 04.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “AN 013957 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının Ucar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən ayrılmış 457 kv.m torpaq sahəsinə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X1 verilən AN 013957 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının ona Ucar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən (sərhədləri: şimaldan məhəllə əhəmiyyətli küçə, cənubdan, qərbdən və şərqdən vətəndaşların həyətyanı sahələri olmaqla ölçüləri: 28.6m x 16 m olan) ayrılmış 457 kv.m torpaq sahəsinə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya Ucar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması məqsədilə şəhərin 13-cü məhəlləsindən sərhədləri: şimaldan məhəllə əhəmiyyətli küçə, cənubdan, qərbdən və şərqdən vətəndaşların həyətyanı sahələri olmaqla ölçüləri: 28,6 m x 16 m olan ümumi sahəsi 457 kv.metr torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində normaya uyğun mənzil tikintisinə icazə verilmişdir. Ucar bələdiyyəsinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli 303 saylı məktubundan görünür ki, yuxarıda qeyd edilən Sərəncamla ona ev tikintisi üçün ayrılmış 457 kv.m torpaq sahəsi Ucar bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsi ayrıldıqdan sonra o, mütəmadi olaraq torpaq vergisini ödəmişdir. İddiaçı qanuni əsaslarla adına ayrılaraq mülkiyyətinə verilən həmin 457 kv.metr torpaq sahəsindən təyinatına uyğun olaraq tikinti işləri aparmış, ev bünövrəsi tikmiş, maddi imkansızlıq ucbatından evin tikintisi yarımçıq qalmışdır. İddiaçı istifadəsində və sahibliyində olan həmin torpaq sahəsində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı daha əvvəl həmin torpaq sahəsinə çıxarış verilmədiyi üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1641/2023 nömrəli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardadda məhkəmə izah edilmişdir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə AN 013957 (2385A) “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi üçün cavabdeh orqana müraciət edilməlidir. AN 013957 (2385A) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi X1 aiddir və həmin sənəddə ona 1223 kv.m torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. İddiaçı bununla əlaqədar Ucar bələdiyyəsinə və Arxiv idarəsinin Ucar rayon şöbəsinə müraciət etmiş, həmin idarələrdən ona bildirilmişdir ki, islahat zamanı X1 450 kv.metr torpaq sahəsi ayrılıb. X1 verilən AN 013957 (2385A) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin ölçüsü 450 kv.m yox 1223 kv.m olaraq dəyişdirilərək göstərilib və o, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etmişdir. Bunun nəticəsində iddiaçı Ucar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə ona verilən ümumi sahəsi 457 kv.m torpaq sahəsinə sənəd ala bilmir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Ucar şəhəri 20 Yanvar küçəsində yerləşən 0,0457 hektar həyətyanı torpaq sahəsi ilə bağlı yaranmış mübahisəli məsələnin araşdırmasına köməklik göstərilməsi barədə ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Ucar şəhəri 20 Yanvar küçəsində yerləşən 0,0457 ha həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir. Aparılan araşdırma zamanı Ucar şəhəri 20 Yanvar küçəsində yerləşən 0,0457 ha həyətyanı torpaq torpaq sahəsinə dair DTXK tərəfindən X1 verilmiş plan və ölçü sənədinin olması məlum olmuşdur. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Ucar rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu, Ucar rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 84 nömrəli arxiv çıxarışı, Ucar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 303 nömrəli və xx.xx.2024cü il tarixli, 203 saylı məktubları, Ucar bələdiyyəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinə dair sxem, A013957 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiqlənmiş surəti, Ucar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992ci il tarixli 40 nömrəli Sərəncamı, Ucar Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu, cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından görünür ki, iddiaçıya Ucar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün 457 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin konkret yeri göstərilməmiş, qonşu torpaq sahələri ilə bağlı ümumi ifadələrdən istifadə edilmişdir: 13-cü məhəllədən şimaldan yol, şərqdən, qərbdən və cənubdan qonşu. Ucar bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı sxem tərtib edilmiş, bundan sonra iddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnu qeydə aldırmaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh orqan sözügedən torpaq sahəsinə dair başqa şəxsin adına plan-ölçü sənədinin tərtib edilməsi və həmin torpaq sahəsinin aqrar islahat komissiyasının qərarına əsasən digər şəxsə verilmiş torpaq sahəsi olması əsası ilə imtina cavabı vermişdir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinin hansı qaydada müəyyən edilməsi ilə bağlı bələdiyyə sorğu verilmişdir. Ucar bələdiyyəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsinin yerləşmə vəziyyəti torpaqayrıma sərəncamı və torpaq sahəsinin yerləşdiyi ərazinin faktiki vəziyyətinə baxış keçirilməklə təsdiq edilmişdir. Göründüyü kimi torpaq sahəsinin yerləşmə vəziyyətinə dair sxem təqdim edən bələdiyyə həmin sxemi iddiaçının faktiki istifadəsinə və qonşu torpaq sahələri ilə bağlı ümumi ifadələrin yer aldığı torpaqayırma sərəncamına əsasən tərtib edildiyini bildirir. Yəni, faktiki olaraq bələdiyyə heç bir əsaslanma olmadan, hər hansı oriyentrə istinad etmədən iddiaçının ona təqdim etdiyi torpaq sahəsinə münasibətdə sxem tərtib etmişdir. Məhkəmə tərəfindən müvafiq torpaq sahəsini ayrımış orqana - Ucar rayon İH-nə torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı sorğu verilmiş, sonuncu, xx.xx.2024cü il tarixli cavab məktubunda ayrılmış torpaq sahəsinə dair sənədlərin Ucar rayon İH-də mövcud olmadığını bildirmişdir. Bununla da, faktiki olaraq nə iddiaçı, nə də torpaq sahəsini ayıran orqan ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətini müəyyən etməyə imkan verən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İcraat materiallarında olan mütəxəssis rəyi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə vəziyyətinin müəyyən edilməsinin mümkünsüzlüyü, lakin iddia olunan torpaq sahəsinin (naturada istifadə olunan 0,0542 ha) A013957 №-li plan-ölçü sənədi ilə üst-üstə düşməsi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ucar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında (2.7) nəzərdə tutulsa da, sözügedən sərəncamla iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin məhz iddia olunan torpaq sahəsi olması sübuta yetirilmir. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4- daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5- daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “AN 013957 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının Ucar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 40 nömrəli Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün şəhərin 13-cü məhəlləsindən ayrılmış 457 kv.m torpaq sahəsinə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.