Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-332/2020 26.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2, İddiaçı, üçüncü şəxs X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının 33 saylı 23 fevral 2008-ci il tarixli sərəncamının “X4 Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş 48 mənzilli binadan 1 otaqlı mənzil verilməsi” hissəsində düzəliş edilərək onun, yəni İddiaçı adının sərəncamın həmin hissəsinə salınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının 33 saylı 23 fevral 2008-ci il tarixli sərəncamının “X4 Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş 48 mənzilli binadan 1 otaqlı mənzil verilməsi” hissəsində düzəliş edilərək onun, yəni İddiaçı adının sərəncamın həmin hissəsində saxlanılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum oğlu X8 xx.xx.1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ona görə dövlət tərəfindən onun şəhid adı əbədiləşdirilmiş, ona və anası olan üçüncü şəxs X4 isə şəhid ailəsi statusu verilmişdir. Onlara dövlət tərəfindən şəhid ailələri üçün nəzərdə tutulmuş müxtəlif güzəştlər edilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə mənzillərin verilməsi barədə Cavabdeh başçısının 33 nömrəli, 23 fevral 2008-ci il tarixli Sərəncamı ilə onların ailəsinə Ağdaş şəhərində Qarabağ əlilləri və şəhid ailələri üçün inşa edilmiş Ağdaş şəhəri, H.Əliyev prospekti, 165 ünvanında yerləşən 48 mənzilli binadan 1 otaqlı mənzil verilmişdir. Dövlət tərəfindən şəhid ailələrinə 11000 manat birdəfəlik yardım verilməsi ilə bağlı üçüncü şəxs X5 ilə aralarında yaranmış vərəsəlik haqqında şəhadətnamə məhkəmə qaydasında mübahisələndirilən zaman ona məlum olmuşdur ki, Cavabdeh başçısının 33 nömrəli, 23 fevral 2008-ci il tarixli Sərəncamında şəhid ailəsi kimi yalnız üçüncü şəxs X3 adı qeyd edilmişdir. Yəni həmin mənzil şəhid ailəsi kimi yalnız üçüncü şəxs X4 verilmişdir. O, buna qəti etiraz edir və mərhum oğluna görə ona da onun atası kimi şəhid ailəsi statusu və vəsiqəsi verilmişdir. Ona görə də o, adının Cavabdeh başçısının qeyd edilən sərəncamına salınması xahişi ilə cavabdeh orqan Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh ərizəsində qeyd etdiyi mübahisə mülki mübahisəli olduğundan qanunvericiliyin tələbinə uyğun olaraq aidiyyatı məhkəməyə müraciət etməli olduğu bildirilməklə adı həmin sərəncama əlavə edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaya dair münasibətini onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının 33 saylı 23 fevral 2008-ci il tarixli sərəncamının “X4 Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş 48 mənzilli binadan 1 otaqlı mənzil verilməsi” hissəsində düzəliş edilərək onun, yəni İddiaçı adının sərəncamın həmin hissəsinə salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiaya əsasən Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi tərəfindən verilmiş sərəncamın icrası məqsədilə işə baxılmasına və iddiaya qarşı rayon İcra Hakimiyyətinin heç bir etirazı yoxdur. Üçüncü şəxs iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, o, 1969-cu ildə Ağdaş rayon sakini İddiaçı ilə rəsmi qaydada ailə həyatı qurmuşdur. Bu nikahdan 4 uşağı (3 oğlan, 1 qız) olmuşdur. 1988-ci ildə həmin şəxslə rəsmi olaraq ayrılmışdır. 1993-cü ildə oğlu X1 uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Cənab Prezidentin şəhid ailələri və Qarabağ əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün verdiyi sərəncamı əsas tutaraq ona da mənzil verilməsi üçün aidiyyatı orqan olan yaşadığı rayonun İcra Hakimiyyətinə rəsmi olaraq növbəyə durmaq üçün müraciət etmişdir. Cavabdeh başçısının 33 saylı 23 fevral 2008-ci il tarixli sərəncamı ilə Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş 48 mənzilli binadan ona da tək ana kimi bir otaqlı mənzil vermişlər. Bir müddət keçəndən sonra qızı X7 ailəsindən ayrıldığına görə evsiz qaldığı üçün o, da həmin evdə onu və övladlarını yerləşdirmişdir. 2012-ci ildə evi özəlləşdirərək qızının adına rəsmiləşdirmişdir. Hal-hazırda həmin mənzil rəsmi qaydada qızının adınadır. Özü və 3 övladı orada qeydiyyatdadır və orada yaşayırlar. Qanuna əsasən onun və qeyrilərinin həmin mənzildən iddiası və tələbi ola bilməz. İddiaçı iddia edir ki, həmin bir otaqlı mənzil ailəsinə verilmişdir. Əgər 1988-ci ildən rəsmi şəkildə ayrılmışsa, o, övladlarının qayğısına qalıb onları böyüdəndə, şəhid olmuş oğlunun cənazəsinə gələndə iddiaçı həmin vaxtı olmadığı kimi həyatının çox hissəsini Rusiyada, qalan hissəsini də evlənib boşandığı saysız-hesabsız qadınlarla keçirərkən indi hansı ailədən danışmaq olar? Onu da qeyd etmək istəyir ki, şəhid oğlu X6 əlavə pay şəklində ayrılmış 0,44 ha özəl pay torpağı atası (iddiaçı) İddiaçı verilmişdir. Üçüncü şəxs X5 İddiaçı həmin mənzildən pay verilməsini mümkünsüz hesab edilib, iddiasının əsassız sayılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iclasında iddiaçı 2007-ci ildən Ağdaşda yaşadığını, pay torpağının 2005- 2006-cı illərdə ona verildiyini və X5 ilə aralarında yaranmış vərəsəlik haqqında şəhadətnamə məhkəmə qaydasında mübahisələndirilən zaman, yəni xx.xx.2018-ci il tarixində Ağdaş Rayon Məhkəməsində iclasda iştirak etdiyini bildirib, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs etiraza uyğun izahat verib iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və 3-cü şəxsin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən görünür ki, iddiaçıya sərəncamda adının olmaması Ağdaş rayon məhkəməsində olan 2(014)-157/2019 nömrəli iş üzrə 11000 manat birdəfəlik yardım verilməsi ilə bağlı üçüncü şəxs X5 ilə aralarında yaranmış vərəsəlik haqqında şəhadətnamə məhkəmə qaydasında mübahisələndirilən zaman məlum olmuşdur. Həmçinin iddiaçı xx.xx.2018-ci il tarixində Ağdaş Rayon Məhkəməsində məhkəmə iclasda iştirak etdiyini bildirmişdir. Azərbaycan Respublikası İPM-nin: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçıya mübahisələndirdiyi sərəncamın olması xx.xx.2018-ci il tarixində məlum olmuşdur. xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etməklə (ərizə xx.xx.2019-cu il tarixində poçta verilmişdir.) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Bundan başqa müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının 33 saylı 23 fevral 2008-ci il tarixli sərəncamının “X4 Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş 48 mənzilli binadan 1 otaqlı mənzil verilməsi” hissəsində düzəliş edilərək onun, yəni İddiaçı adının sərəncamın həmin hissəsinə salınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-332/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-332/2020
26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver