Məhkəmə qərarları › İş №2-1(116)-332/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-332/2021

01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-332/2021 01.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin hərəkətlərinin qeyri-qanuni hesab edilməsi, iş stajlarına görə əlavə kompensasiyanın hesablanaraq cavabdeh təşkilatdan tutulub ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin hərəkətlərinin qeyri-qanuni hesab edilməsi, iş stajlarına görə əlavə kompensasiyanın hesablanaraq cavabdeh təşkilatdan tutulub ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4163/2020 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2020-ci il tarixində məhkəmənin dəftərxanasına daxil olmuşdur. İddia ərizəsində qeyd olunmuşdur ki, iddiaçı uzun müddət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müxtəlif vəzifələrdə çalışmışdır. Xidmət etmə vaxtı başa çatdıqda isə təqaüdə çıxmışdır. Lakin xidmət etdiyi dövrlərdə yığılıb qalmış kompensasiyaları ala bilməmişdir. Bu məqsəd ilə cavabdeh təşkilata məktub ünvanlamış, lakin cavabdeh təşkilat məktubuna hal-hazırki vaxtadək cavab verməmişdir. Cavabdeh etirazında bildirmişdir ki, Bayramov X1 Rayon Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsindən polis serjantı rütbəsi ilə “öz arzusuna görə“ xx.xx.2014-cü il tarixindən DİO-dan xaric edilmişdir. Həmin ildə İddiaçı xidmət illərinə görə əlavə 30 faiz, 2-ci məharət dərəcəsinə görə əlavə 25 faiz, pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 24 il, 02 ay, 22 gün, imtiyazlı hesablama ilə 32 il, 08 ay, 09 gün təşkil etmişdir. İddiaçı iddia tələbinə etiraz edərək bildiririk ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əsasən əməkhaqqı (vəzifə və rütbə maaşları, xidmət illərinə və məharət dərəcəsinə görə əlavə, ərzaq payı əvəzinə kompensasiya) ilə yanaşı hüquqi baxımdan ona şamil olunan ödənişlər verilmişdir. İş materiallarında olan 14/1057-028114 nömrəli Pensiyaçının uçot vərəqi və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 14/1057 nömrəli Qərarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən 472.10 manat pensiya təyin edilmişdir. İş materiallarında olan Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli Qərardan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə pensiya təyin olunmuş, pensiyanın yenidən hesablanması zamanı təminat xərcliyində dəyişiklik olunmuş vəzifə maaşı 345.00 manat, rütbə maaşı 115.00 manat, xidmət illərinə görə əlavə 138.00 manat, ərzaq payına görə 64.00 manat, məharət dərəcəsinə görə 86.25 manat, təminat xərcliyinin cəmi 748.25 manat, yenidən hesablanmış pensiya məbləği isə 623 manat 87 qəpik hesablanmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heçbir məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı verilmədiyi üçün məhkəməyə iddia vermişdir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət xüsusiyyətlərindən asılı olaraq, məharət dərəcəsinə, şifrlə daimi işləməyə, post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrdə atlara və ləvazimatlara qulluğa, ayıltma məntəqəsində işləməyə, sürücü əməkdaşlara dərəcəyə görə, xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyanlara gündəlik yemək xərci əvəzinə, vəzifədən azad edilərək müvəqqəti sərəncamda saxlanmaya, xidmətdən tərxis olunmaya görə, xəstəlik, təhsil, məzuniyyət vaxtı verilən əlavələr, ödənişlər və respublika qanunvericiliyində nəzərdə tutulmuş digər əlavələr, müavinətlər, ödənişlər verilir. 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqqların; kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları bu qərarın 1 nömrəli əlavəsinə müvafiq müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi” Qaydalarına əsasən; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq, təminat xərcliyi və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir:

1. Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı məbləğdə ödənilir: 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə - 30 faiz

2. Məharət dərəcəsinə görə verilən əlavə, vəzifə maaşına hesablanaraq aşağıdakı məbləğdə ödənilir: 2) Sıravi və kiçik rəis heyətinə mənsub şəxslərə; usta məharət dərəcəsinə görə - 25 faiz

8. Xidmətdən tərxis olunmaya görə ödəniş xüsusi rütbəsi olan əməkdaşlara aşağıdakı məbləğdə və qaydada ödənilir: a) pensiya almaq hüququ olan yaş həddi, səhhəti və ya ştat ixtisarı ilə əlaqədar xidmətdən tərxis olunanlara vəzifə və rütbə maaşlarının beş aylıq məbləğində, başqa əsaslara görə tərxis edilənlərə isə (barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərara əsasən tərxis edilənlər istisna olmaqla) vəzifə və rütbə maaşlarının iki aylıq məbləğində; b) pensiya almaq hüququ olmadan tərxis edilən xidmət müddəti dörd ildən az olanlara aylıq vəzifə və rütbə maaşlarının yarısı məbləğində, xidmət müddəti dörd il və daha çox onlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində.

9. Müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və ya xəstə ailə üzvünə qulluğa görə xəstəlik vərəqəsi əsasında xidmətdən azad edilən, yaxud xəstəlik məzuniyyətində olan xüsusi rütbəli əməkdaşlara qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, altı aydan artıq olmamaq şərtilə xəstəlik gününədək aldıqları təminat xərcliyi saxlanılır. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və digər dövlətlərin ali və orta ixtisas xüsusi polis tədris müəssisələrində əyani təhsil alanlara: sıravi və kiçik rəis heyətinə mənsub əməkdaşlara daxil olandan əvvəl son iş yerindəki vəzifə və xüsusi rütbə maaşları, fasiləsiz xidmət illərinə və məharət dərəcəsinə görə əlavə haqlar ödənilir; orta ümumtəhsil məktəbini bitirmiş vətəndaşların sıralarından qəbul edilənlərə respublikada ali və orta ixtisas tədris müəssisələri üçün müəyyən edilmiş məbləğdə təqaüd ödənilir.

11. Daxili İşlər Nazirliyinin ibtidai hazırlıq kursuna çağırılmış əməkdaşlarına həmin müddətdə təyin olunduğu vəzifə maaşı və ərzaq payı və ya ərzaq payı əvəzinə pul kompensasiyası, təkmilləşdirmə və ixtisas artırmağa çağırılmış əməkdaşlara isə işlədiyi vəzifə üzrə aldıqları təminat xərcliyi ödənilir.

12. Daxili İşlər Nazirliyinin və respublikanın digər ali məktəblərində qiyabi təhsil alan əməkdaşlara imtahan sessiyası müddətində işlədikləri vəzifə üzrə aldıqları təminat xərcliyi saxlanılır.

13. Növbəti və qısamüddətli məzuniyyət dövründə əməkdaşlara sonuncu tutduğu vəzifə üzrə müəyyən edilmiş məbləğdə təminat xərcliyi ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Əməkdaşlara məzuniyyət dövründə ildə bir dəfə respublika daxilində nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyat ilə gedişin dəyəri miqdarında ödənilir. Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. İstifadə olunmamış məzuniyyət əvəzi verilən kompensasiya yalnız xidmətdən tərxis olunmuş əməkdaşlara vəzifə və xüsusi rütbə maaşları əsasında müəyyənləşdirilir.

14. Yüksəkliyə görə əlavə qanunvericiliklə müəyyən olunmuş məbləğdə vəzifə, xüsusi rütbə maaşlarından, fasiləsiz xidmət illərinə və məharət dərəcəsinə görə əlavə haqlardan hesablanır.

15. Digər əlavə haqlar və ödənişlər qanunvericiliklə müəyyən olunmuş məbləğdə vəzifə maaşından hesablanır.

16. Daxili İşlər Nazirliyinin əməkdaşlarına müavinətlərin verilməsi Azərbaycan Respublikasının qanunvericiliyə ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir. İddiaçıya yuxarıda göstərilən qaydalara uyğun xidmət illərinə görə əlavə 30 faiz, məharət dərəcəsinə görə əlavə 25 faiz hesablanmışdır. Həmçinin ərzaq payına görə onun təminat xərcliyinə 64 manat əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun pozulması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı prosessual xərcləri tələb etmədiyindən dövlət rüsumundan ibarət məhkəmə xərci iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin hərəkətlərinin qeyri-qanuni hesab edilməsi, iş stajlarına görə əlavə kompensasiyanın hesablanaraq cavabdeh təşkilatdan tutulub ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar