Məhkəmə qərarları › İş №2-1(116)-333/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-333/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-333/2023 05.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi ilə İddiaçı cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdehin 03 iyun 2022-ci il tarixli imtina aktının ləğv edilməsi və iddiaçıya M.Ə.Sabir kolxozu tərəfindən verilmiş və müvəqqəti dövlət qurumları tərəfindən təsdiq edilmiş Qəbələ rayonu Həmzəli kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı hüquqların qeydiyyata alınmasını, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 03 iyun 2022ci il tarixli imtina aktının ləğv edilməsi və iddiaçıya M.Ə.Sabir kolxozu tərəfindən verilmiş və müvəqqəti dövlət qurumları tərəfindən təsdiq edilmiş Qəbələ rayonu Həmzəli kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasını, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-333/2023 nömrəli qərardadı ilə Qəbələ rayon Cığatelli Bələdiyyəsi şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin 03 iyun 2022-ci il tarixli imtina aktının ləğv edilməsi və iddiaçıya M.Ə.Sabir kolxozu tərəfindən verilmiş və müvəqqəti dövlət qurumları tərəfindən təsdiq edilmiş Qəbələ rayonu Həmzəli kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçı Qəbələ rayonunda yaşayır. O, X1 oğlu və vərəsəsidir. 1991-ci ilin 12 oktyabrda iddiaçının atasına M.Ə.Sabir adına X7 Ümumu yığıncağının qərarı ilə Qəbələ rayonu Həmzəli kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi verilib. Kolxozun xx.xx.1991-ci il tarixli 05 nömrəli ümumi iclasının protokolundan çıxarışından da görünür ki, kolxozdan həyətyanı torpaq sahəsi alan şəxslərdən biri iddiaçının atası olub. xx.xx.1991-ci ildə M.Ə.Sabir adına kolxozun rəhbər şəxslərinin imzası ilə Akt tərtib edilmişdir.İddiaçı cavabdehə müraciət edərək atasının mülkiyyət vərəsəsi kimi qeyd edilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə imtina məktubu vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, iddiaçının iddia etdiyi 0.10 ha torpaq sahəsində Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış, torpaq sahəsinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron (DWJ) baza məlumatlarında və arxiv məlumatlarında istifadə olunaraq araşdırılarkən müəyyən olunmuşdur ki, 0.10 ha torpaq sahəsi yaşayış məntəqələri torpaqlarından kənarda yerləşir. Həmçinin iddia olunan torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki olaraq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluq mövcuddur. Qeyd olunan səbəblərdən də müraciətin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur - X8 rayon filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür k, M.Ə.Sabir adına kolxozun 12 oktyabr 1991-ci il tarixli qərarı və 05 nömrəli ümumi iclas protokolu təsdiq edilmiş surəti, - Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyətinin başçısının 622 nömrəli məktubu, Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin 623 nömrəli məktubundan görünür ki, 0.10 ha həyətyanı torpaq sahəsində tikintiy icazə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2923/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi X3 faktiki istifadəsində olan 0.0908 ha torpaq sahəsi TEKUİS-ə əsasən Qəbələ rayonu Həmzəli kənd inzibati ərazi dairəsi sərhədləri daxilində kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aid, uqodiyası çoxillik əkmələr olmaqla Cığatelli bələdiyyəsinin mülkiyyətindədir. M.Ə.Sabir kolxozu tərəfindən verilmiş və müvəqqəti dövlət qurumları tərəfindən təsdiq edilmiş Qəbələ rayonu Həmzəlli kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə dair üzərində məkan göstəriciləri olan sənədlər (plan, ölçü, şəhadətnamə) təqdim edilmədiyinə görə İddiaçı iddia etdiyi torpaq sahəsinin X3 faktiki istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşməsini müəyyən etmək mümkün deyildir. İddiaçı iddia etdiyi X3 faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, M.Ə.Sabir adına kolxozun 12 oktyabr 1991-ci il tarixli qərarı və 05 nömrəli qərarına əsasən 0.0908 ha torpaq sahəsi X2 ayrılmışdır.Təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü 0.0908 ha olmaqla ayrılmış torpaq sahəsindən azdır. Cavabdeh iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yaşayış məntəqələrindən kənarda olması və dövlət mülkiyyəti kimi göstərildiyi əsası ilə tələbin icrasılndan imtina etmişdir.Lakin,məhkəmə araşdırması zamanı əldə olunan mütəxəssis rəyinə əsasən iddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində saxlanıldığı, habelə,digər subyektlərə məxsus torpaq sahəsi ilə hər hansı üst-üstə düşmə halının olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, M.Ə.Sabir kolxozu tərəfindən verilmiş və Qəbələ rayonu Həmzəli kəndi ərazisində yerləşən 0.0908 ha həyətyanı torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ qeydiyyata alınaraq elektron arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə M.Ə.Sabir kolxozunun xx.xx.1991-ci il tarixli qərarı ilə mərhum X2 ayrılmış, Qəbələ rayonu Həmzəli kəndi ərazisində yerləşən 0.0908 ha həyətyanı torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnun qeydiyyata alınaraq elektron arayışın (çıxarışın) verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar