Məhkəmə qərarları › İş №2-1(116)-335/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-335/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-335/2024 30.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “ona təyin edilmiş əlilliyin üçüncü dərəcədən ikinci dərəcəyə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2-ci qrup əlilliyin təyin edilməsi və əlillik dərəcəsinə görə iddiaçıya ödənilən müavinətin 2023-cü ilin yanvar ayından deyil, məhz forma 88 sənədinin göndərildiyi tarixdən- 2022-ci ilin avqust ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, ona təyin edilmiş üçüncü dərəcə əlilliyin təyinat tarixinin xx.xx.2023cü il qeyd edilməsi və əlilliyin səbəb əlaqəsinin “ümumi xəstəlikdən”-“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı yenidən xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, ona təyin edilmiş əlilliyin üçüncü dərəcədən ikinci dərəcəyə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” baradə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı, Birinci Qarabağ müharibəsi zamanı Yevlax rayon Hərbi Komissarlığının (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax şöbəsi) çağırışı əsasında 1992-ci ilin yanvarından iyul ayının 29-dək (başından ağır qəlpə yarası aldığı müddətək) döyüşlərdə iştirak etmişdir. Daha sonra açıq beyin əməliyyatı keçirmiş, beyin daxili qəlpələrin çıxarılması yaşmağına təhlükə yaradacağı üçün heç zaman çıxarılmayacağına qərar verilmişdir. 1993-cü ilin mart ayında Bakı şəhərində Hərbi Həkim Hospitalında Komissiyanın rəyindən sonra ona aldığı bu hərbi travma ilə əlaqədar müddətsiz olaraq 2-ci qrup əlillik təyin olunmuşdur. Daha sonra mədəsində yaranan narahatçılıqla əlaqədar xaricə ölkəyə müalicəyə getmişdir. Müalicəsiylə əlqədar uzun müddət Rusiya Federasiyasında yaşamış və orada mədə əməliyyatı zamanı mədəsinin 75% hissəsi götürülmüşdür. 2008-ci ildə isə Rusiyanın Omsk şəhərində böyrəyində baş verən ağır fəsadlarla əlqədar keçirilən tibbi əməliyyat zamanı sol böyrəyi çıxarılmış və bununla bağlı ona 2-ci qrup əlillik təyin edilmişdir. Bu prosesdən sonra iddiaçıya ömürlük qan təzyiqi diaqnozu qoyulmuşdur. Bu təzyiqlə əlaqədar bağırsağında problemlər yaranmışdır ki, nəticədə damar partlamasına görə növbəti tibbi əməliyyatda 1,5 m bağırsaq çıxarılmışdır. Daha sonra o uzun müddət davam edən bu qan təzyiqi ilə əlaqədar 2016-cı ildə insult xəstəliyi keçirmiş və ömrünün sonunadək dərmanlara məhkum olmuşdur. İddiaçı, Azərbaycan vətəndaşı kimi ailəsiylə birlikdə 2021-ci ildək Rusiya dövlətində yaşamış, 2021-ci ildə Azərbaycana qayıtmış və həmin ildə əlillikdən hansı səbəblə imtina verildiyi üçün aidiyyəti üzrə dəfələrlə Yevlax rayon Mərkəzi xəstəxanasına, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yazılı və şifahi müraciətlər etmişdir. Süründürməçilikdən sonra 2022-ci ilin avqustunda yəni, müraciətindən 1 il sonra Yevlax rayon Mərkəzi xəstəxanasından əlilliyinin təyin edilməsi üçün aidiyyəti üzrə forma 88 sənədi göndərilmişdir. Uzun müddət heç bir cavab ala bilmədiyi üçün o şəxsən 2022-ci ilin dekabr ayında Bakı şəhərində X2 müraciət etmişdir. Bu zaman ona bildirilmişdir ki, Yevlax rayon Mərkəzi Xəstəxanası müalicə və müayinələrinin dəqiq vaxtını qeyd etməməsi səbəbindən ona əlilliyin təyin edilməsi mümkün olmamışdır. Nəhayət baş verən süründürməçilikdən bezdiyi üçün 2023-cü ilin yanvar ayından təkar olaraq Bakı şəhərində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə şəxsən müraciət etmiş və bildirilmişdir ki, fevral ayında Agentlik tərəfindən aparılan komissiyada iştirak etməlidir. xx.xx.2023-cü ilin fevral ayında Agentlikdə əyani müayinədə olmuşdur. Və ona 3-cü qrup əlillik təyin edilmişdir. Bu məsələ ilə bağlı iradını bildirərək, ona 3-cü qrup deyil əslində 2-ci qrup əlilliyin təyin edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə rəsmi məktub ünvanlamış və ona cavab məktubunda bildirilmişdir ki, “Əlilliyin müəyyən olunması meyarları”na dair 6.1.6 bəndinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizm funksiyalarının 50% pozulmasına görə 3cü qrup əlillik təyin olunmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 30 nəfər vətəndaşların müarciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 27). Yevlax rayon sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. (ESDAS **********6). Daha sonra yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 02.11,1992-ci il tarixli 4068 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Kəllənin odlu silah nüfuz etməyən kor qəlpə yaralanması nəticəsində alın sümüyünün basılmış sınığı, bas-beyin əzilməsi və subaraxnoidal qansızma, sol əlin və sağ baldırın yumşaq toxumalarının dəlib keçən qəlpə yaralanması (xx.xx.1992). Əməliyyatlar: 1) Alnın yumşaq toxumalarından qəlpənin çıxarılması 2) Alın nahiyəsinin yaralarının birincili cərrahi işlənməsi, kəllənin dekompresion trepanasiyası. basılmış sümük hissələrinin yə kəllədaxili hematomanın ləğvi. Mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması alın sümüyünün postrepanasion deffekti 2 x1,5 sm” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı, xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Baş ağrılarından, ürək bulanmasından, əsəbilikdən, fasiləli bütün bədənə yayılan əsmələrdən, yaddaş zəifliyindən şikayətlənmiş, sol böyrəyinin olmadığını bildirmişdir. Emosional labillik anamnezdə impulsiv davranış elementləri izlənilmiş, kobud üzvi ocaqlı nevroloji patologiya izlənilməmişdir” kimi qeyd olunmuş, müalicə potensialının tükənmədiyini nəzərə alıb, Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısı, yaddaş zəifliyi, gözündə qaralmalardan şikayətlənmişdir. Anamnezində erməni öldürdüyünə görə Rusiya Federasiyasında 10 il yarım məhkumluq həyatı yaşadığını, 2007-ci il tarixində sol böyrəyin götürülməsini, 200 ildə kolostoma qoyulmasını ifadə etmişdir. Baxış zamanı sol bazunun aşağı 1/3-də çap alının sol tərəfində 2x3 sm ölçüdə sümük defekti, sol körpücük üzərində əməliyyat çapığı total laparotomiya, sol tərəfli nefrektomiya əməliyyatının çapığı, sağtərəfli stoma çapığı, hər iki qasıq nahiyəsində əməliyyat çapığı izlənmişdir. Müayinə zamanı əlillik təyinatına əsas verən nevroloji defisit aşkarlanmamış, qıcolma tutmaları haqqında məlumat verməmişdir. Təqdim olunmuş, Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki Urol Xəstəxanasının xx.xx.2022-21,07.2022-ci il tarixli Səhhətin müayinə aktında diaqnoz “Vahid qalmış sağ böyrək (2007-ci il sol tərəfli nefrektomiya)” kimi qeyd olunmuş və klinik, instrumental və laborator müayinə nəticələrində xroniki böyrək çatışmazlığı əlaməti müəyyən edilməmişdir. Yevlax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli Baş beyin nativ Kompüter tomoqrafiya müayinəsinin nəticəsi "Baş beyin yarımkürələrinin alın payları və beyincik hemisferlərinin atrofiyası. Baş beyin yarımkürəsinin alın payının ensefalomalyasiyası. Alın sümüyünün sol yarısında trepanasiyadan sonrakı mənzərə” kimi qeyd edilmiş, əlillik təyinatına əsas vermişdir. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli X3 müayinəsinin nəticəsi “Soltərəfli nefrektomiya” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafic olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddia ərizəsində qeyd edilən 2022-ci il avqust ayında iddiaçı barəsində əlillik alt sisteminə hər hansı bir göndəriş daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu, Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələri (xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003); Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarı; “Yevlax rayon Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktubları. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da, onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati aktın dəyişdirilməsini və ya yeni akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixdə ona orqanizmin funksiyalarının 50% pozulması ilə 2 il müddətinə üçüncü dərəcəli əlillik təyin etməkdə səhvə yol vermişdir. İş materiallarında olan, iddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişlə müəyyən olunur ki, ona “baş beynin diffuz travması, Keçirilmiş ağır dərəcəli qapalı kəllə beyin travması, Baş beyinin əzilməsindən sonra davamlı qalıq əlamətləri, dəqiqləşdirilməmiş beyin infarktı, Keçirilmiş vertebro bazilyar hövzəsində işemik insultdan sonrakı vəziyyət-dizartriya, Digər dəqiqləşdirilmiş cərrəhi müdaxilədən sonrakı vəziyyətlər, Sol böyrəyin nefroektomiya əməliyyatından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Göründüyü kimi iddiaçı, ona səhiyyə müəssisəsi tərəfindən qoyulmuş diaqnozu mübahisələndirmir. Yəni, qoyulmuş diaqnozun düzgünlüyü ilə bağlı mübahisə yoxdur. Cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına”-Əlavənin 6.1.6-ci bəndində (vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə) nəzərdə tutulmuş xəstəliyə uyğunluğunu müəyyən edərək onun 2 il müddətinə orqanizmin funksiyalarının 50% pozulması qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”-nın hansı bəndinin əhatə dairəsinə düşməsi ilə bağlı müvafiq diaqnozu qoymuş səhiyyə müəssisəsinə sorğular göndərilmişdir. “Yevlax rayon Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublarında iddiaçıya qoyduğu diaqnozun istinad olunan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin hansı bəndinə aid olması ilə bağlı konkret məlumat verə bilməmiş, sonuncu məktubunda iddiaçıya səhhəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 50% orqanizimin funksiyalarının pozulması ilə 6.1.1 və 6.1.5 bəndlərə əsasən "Baş beyin diffuz travması, Keçirilmiş ağır dərəcəli qapalı kəllə beyin travması Baş beyin əzilməsindən sonra davamlı qalıq əlamətləri (S06.2), Dəqiqləşdirilməmiş beyin infarktı( İ63.9), Keçirilmiş vertebro bazilyar hövzəsində işemik insultdan sonrakı vəziyyət-dizartriya. (G45) Digər dəqiqləşdirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyətlər, Sol böyrəyin nefroektomiya əməliyyatdından sonrakı vəziyyət” (Z98.8) diaqnozları üzrə İİİ dərəcəli əlillik təyin edildiyini bildirmişdir. Göründüyü kimi səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin müvafiq bəndləri ilə müqayisələndirərək onun xəstəliyinin hansı bəndin əhatə dairəsinə düşməsini müəyyən edə bilmir, iddiaçıya sağlamlıq vəziyyətinə uyğun olaraq ona İİİ dərəcəli əlillik təyin edilməsi ilə bağlı cavabdeh orqanın mövqeyi ilə razılaşır. Eyni zamanda iddiaçı, ona qoyulmuş diaqnozun “Əlilliyin müəyyən olunması meyarlarına”-Əlavənin məhz ikinci dərəcəli əlilliyin təyininə əsas verən bəndinə uyğun olmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Məhkəmə araşdırması zamanı da, iddiaçıya qoyulmuş diaqnozların ikinci dərəcəli əlilliyin təyininə əsas verməsi müəyyən edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “ona təyin edilmiş əlilliyin üçüncü dərəcədən ikinci dərəcəyə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar