Məhkəmə qərarları › İş №2-1(116)-336/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-336/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-336/2022 02.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Zaqatala şəhərində (keçmiş Zaqatala rayonu, Qazangül qəsəbəsində) yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Zaqatala şəhərində (keçmiş Zaqatala rayonu, Qazangül qəsəbəsində) yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, 09 iyun 1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Zaqatala rayonu, Qazangül qəsəbəsində (hazırda - Zaqatala şəhəri) yerləşən, X2 məxsus yarımçıq tikilini və həmin tikilini yerləşdiyi 0,06 ha torpaq sahəsini sonuncudan almışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********92 nömrəli imtina məktubunda qeyd etmişdir ki, X4 tərəfindən notariat qaydada təsdiq edilmiş 09 iyun 1995-ci il tarixli, 3M-92 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Zaqatala rayonu X6-Zavodunda 600 kv.m torpaq sahəsində yerləşən tikinti sahəsi 6 kv.m, tikintinin hündürlüyü 0,7 m olan yarımçıq tikili İddiaçı satılmışdır. Lakin həmin 0,06 ha həyətyanı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 12 avqust 2000-ci il tarixli, 86 saylı qərarı ilə digər şəxsin mülkiyyətinə verilmiş və həmin qərara əsasən JN-125F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Qeyd olunanlara əsasən müraciətin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********81 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə əldə olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan, Zaqatala şəhəri (keçmiş Zaqatala rayonu, Qazangül qəsəbəsi) ünvanında yerləşən JN-125F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsinin naturada ölçüləri 0,0559 ha olmaqla yaşayış məntəqələri torpaqlarına aid fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış ərazidir. Həmin torpaq sahəsinin istifadəçisi İddiaçı, mülkiyyətçisi isə X3r. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-336/2022 nömrəli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq idddiaçıya xx.xx.2022-ci il tarixli yardım məktubu göndərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə teleqram ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəblərə görə iştirak edə bilməyəcəyini bildirmiş və iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin hallarının araşdırılması zamanı müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş JN-125F saylı kod 40201004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə mübahisəli torpaq sahəsini xx.xx.1995-ci il tarixdə iddiaçı alqı-satqı müqaviləsi əsasında alsa da, mübahisəli torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 86 saylı qərarı ilə X1 mülkiyyətinə verilmişdir. Şəhadətnamə tərəflər arasında bağlanmış xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsindən sonra tərtib edilmişdir. Bu səbəblə iddiaçı ilk növbədə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni, həmçinin onun verilməsinə əsas olmuş müvafiq Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirməlidir. Yalnız şəhadətnamənin verilməsinə əsas olmuş qərar ləğv olunduqdan sonra müvafiq şəhadətnamə inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilə bilər. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış, qanunvericiliyin tələbləri izah edilmiş, münasibət bildirməsi təklif olunmuş və bunun üçün ona vaxt verilmişdir. İş materiallarında olan xəbərnaməyə əsasən müəyyən olunur ki, hüquqi yardım məktubu iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə alınmış, lakin məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmiş, yardımda göstərilənlərə bağlı öz mövqeyini ifadə etməmiş, müvafiq dəqiqləşmələr aparmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə üçüncü şəxsin adına tərtib edilmiş JN-125F saylı kod 40201004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni mübahisələndirməli, ondan sonra torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında adına qeydə alınmasını tələb etməlidir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Zaqatala şəhərində (keçmiş Zaqatala rayonu, Qazangül qəsəbəsində) yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar