Məhkəmə qərarları › İş №2-1(116)-3361/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3361/2024

25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3361/2024 25.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (yaşayış yeri: Bakı şəhəri, Təbriz küçəsi, ev 10, mənzil 3; ixtisası: hüquqşünas; vəzifəsi: Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi Nümayəndə (yaşayış yeri: Qəbələ rayonu, Zarağan kəndi; ixtisası: əmtəəşünas; vəzifəsi: DVX 10 saylı ƏVİ-nin böyük dövlət vergi müfəttişi) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Ramana qəsəbəsi, Südçülük sovxozu massivi, Ə.Vahid küçəsi, ev 38B) cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə (yerləşdiyi yer: Qəbələ şəhəri, H.Əliyev prospekti 117) qarşı «iddiaçının ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-47/2016 saylı iş üzrə 9 sentyabr 2016-cı il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinmiş, 2 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddianın tam təmin edilməsi və 459.569,37 manat pulun X1 tutularaq dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. Bundan sonra Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək, "xxxx" MMC-nin müvafiq borcunun ödənilməsini təmin etmək məqsədilə icra qurumunun rəhbəri kimi hazırkı İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6246/2021 saylı iş üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş və "xxxx" MMC-nin 15 dekabr 2020-ci il tarixə dövlət büdcəsinə olan 120.433,9 manat məbləğində vergi, Dövlət Sosial Müdafiə Fonduna 62,50 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə icra qurumunun rəhbəri, xx xxxxxxx 1977-ci ildə Ermənistan Respublikası, Quqark rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra İddiaçı vəkili vasitəsilə cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək, onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmişdir. Həmin İdarənin 2 fevral 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra adıçəkilən şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. Qeyd olunanlar Vergi Məcəlləsinin 1.4, 23.1.15-3 və 24.1.2-1-ci maddələri ilə tənzimlənir. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Xidmətin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı «iddiaçının ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərardadı ilə Dövlət Vergi Xidmətinin işdə cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı mövqeyini belə əsaslandırır ki, "xxxx" MMC-nin rəhbəri olduğu ona Bakı Kommersiya Məhkəməsində müvafiq mübahisə ilə bağlı məhkəmə bildirişini aldıqdan sonra məlum olmuşdur. Onun MMC-nin qanuni təmsilçisi olması X2 istəyi olmuşdur. Sonuncu bu məqsədlə onun şəxsiyyət vəsiqəsinin surətini almış, lakin iddiaçı bu məsələyə cidd yanaşmamış və bir müddət sonra bu halı unutmuşdur. İddiaçı "xxxx" MMC-nin fəaliyyətində və idarə olunmasında iştirak etməmişdir. M.Ə.Məmmədcanovun faktiki rəhbəri olduğu bir neçə müəssisənin ümumilikdə 459.569,37 manat, o cümlədən də "xxxx" MMCnin 121.767,87 manat vergi borcunu büdcədən yayındırdığı Yasamal Rayon Məhkəməsində baxılan cinayət işi üzrə icraatda sübuta yetirilmiş və 9 sentyabr 2016-cı il tarixli hökmlə büdcədən yayındırılmış həmin məbləğin M.Ə.Mmmədcanovdan tutulması qərara alınmışdır. Məhkəmə tərəfindən tam təmin edilmiş mülki iddia məbləğinin təqsirləndirilən şəxsdən alınmasının təmin edilməsi üzrə tədbir görülməsi əvəzinə, onun (hazırkı iddiaçının) hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Cavabdeh iddiaya etiraz edir və onun təmin olunmamasını məhkəmədən xahiş edir. Bakı Kommersiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi əsasında "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 120.433,9 manat, DSMF-yə 62,50 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün MMC-nin icra qurumunun rəhbəri İddiaçı ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Sonradan İddiaçı İdarəyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli hökmü ilə M.Ə.Məmmədcanovun Vergi Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək, qeyd olunan cinayəti törətdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu əsas gətirmiş və barəsində tətbiq edilmiş məhdudiyyətin götürülməsini xahiş etmişdir. Ona bildirilmişdir ki, məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra onun götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. Vergi orqanı vergi borcunun ödənilməsinin təmin edilmə üsulu kimi qanunla verilmiş hüququndan istifadə etməklə hüquqi şəxsin icra qurumunun rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmiş və məhkəmə ərizəni təmin etmişdir. Lakin hazırda ölkədən getmə hüququ məhdudlaşdırılan şəxsin rəhbəri olduğu MMC tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilmədiyindən, məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxmamışdır. İddiaçı hazırda da hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin direktoru vəzifəsini icra edir. "xxxx" MMC üzrə 9 sentyabr 2016-cı il tarixli hökmlə M.Ə.Məmmədcanovun CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinməsi heç də əsasların aradan qalxması demək deyildir. MMC-nin icra qurumunun rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasında məqsəd MMCnin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir. Qeyd olunan məqsədə nail olunması həmin şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olan əsasların aradan qalxması anlamına gəlir. Lakin "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi, belə bir hal baş verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmaqla işə mahiyyəti üzrə qiymət verilməlidir. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qəbələ rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi Qəbələ şəhəri, H.Əliyev prospekti 117 ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdeh inzibati orqanın yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın iddiaçının ölkədən gedişinə qoyulmuş məhdudiyyətin götürülməsindən imtinası qanuna zidd sayılmalı və iddiaçının hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.1.2-1-ci maddəsinə görə vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə görə xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə eyni əməllər: (213.2.1) mütəşəkkil dəstə tərəfindən törədildikdə, (213.2.2) külli miqdarda törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə 25 avqust 2000-ci il tarixli 387 nömrəli Fərmanının 3-cü bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 215.5ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılır. «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qeyd olunan qanunvericilik normaları hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını vergi orqanının müraciəti üzrə məhkəmə qətnaməsi əsasında mümkün saysa da, məhdudlaşdırma əsası aradan qalxdığı halda, onun götürülməsini vergi orqanının vəzifəsi kimi müəyyən edir. Hazırkı işin hallarına görə "xxxx" MMC-nin faktiki rəhbəri kimi X1 qurumun 121.767,87 manat borc məbləğinin tutulması Yasamal Rayon Məhkəməsinin 9 sentyabr 2016-cı il tarixli hökmü ilə qərara alındıqdan və həmin hökm qanuni qüvvəyə mindikdən 5 il sonra Bakı Kommersiya Məhkəməsində vergi orqanının həmin borcun ödənilməsini təmin etmək məqsədilə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində olan məlumatlara əsasən MMC-nin rəhbəri kimi qeyd olunan hazırkı İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəsi təmin edilmişdir. Göründüyü kimi, hazırkı İddiaçı "xxxx" MMC-nin rəhbəri kimi təqdim olunması formal xarakter daşıyır. Vergi Məcəlləsinin müvafiq normasının mahiyyəti baxımından həmin MMC-nin rəhbəri kimi formal qeydiyyatda olan və müvafiq vergi və digər ödənişlərin ödənilməsindən yayınmada təqsiri olmayan şəxsin ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə başqa şəxs bu öhdəliklərin yerinə yetirilməsindən yayınmağa görə məhkum olunduqda və həmin borcun sonuncudan mülki iddia qaydasında tutulması qərara alındıqda, götürülməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, cinayət prosessual qanunvericiliyə görə Cinayət Məcəlləsinin 213-cü maddəsi üzrə cinayət işinin istintaqı vergi orqanı tərəfindən aparılmış və hazırkı iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə müvafiq məhkəməyə ərizə vergi orqanı tərəfindən verilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçıya münasibətdə tətbiq olunmuş məhdudiyyətin götürülməsini təmin etməməkdə haqlı olmamışdır. Buna görə də məhkəmə iddiaçının tələbini əsaslı hesab edir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar