Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3367/2024 21.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, iddiaçı X3, cavabdeh orqanın nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X3 cavabdeh “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə qarşı “24 aprel 2023-cü il tarixdə vəfat etmiş mərhum qardaşı – X4 ölüm haqqında tibbi şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X9 cavabdeh Yevlax Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “24 aprel 2023-cü il tarixdə vəfat etmiş mərhum qardaşı – X4 ölüm haqqında tibbi şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının qardaşı X7 24 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı evdə vəfat etmişdir. Bu barədə "Yevlax Rayon Mərkəzi Xəstəxanası" PHŞ Təcili və X5 Stansiyası tərəfindən 24 mart 2024-cü il tarixli xəbərdarlıq vərəqəsi verilmişdir. Mərhum qardaşı X4 ölüm haqqında şəhadətnamə alınması məqsədi ilə onun ölümünə dair tibbi şəhadətnamə verilməsi barədə müraciəti “Yevlax Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən təmin edilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə Yevlax Rayon Qeydiyyat şöbəsi tərəfindən mərhum qardaşı X4 ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-2104/2024 nömrəli 12 avqust 2024-cü il tarixli qərardadı ilə tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etdiyi halda aidiyyəti üzrə hüquqi şəxsin hərəkətindən Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. "Yevlax Rayon Mərkəzi Xəstəxanası'’ publik hüquqi şəxsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə veriməsinə dair tələbi təmin edilmədiyi üçün iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd edir ki, ünvan 3 ünvanında müvəqqəti qeydiyyatda olmuş xx.xx.1966-cı il təvəllüdlü X7 üçün “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili X5 Stansiyasına çağırış daxil olmuşdur. Daxil olmuş çağırış üzrə təcili yardım briqadası vətəndaşın yaşamış olduğu ünvana göndərilmişdir. Təcili yardım briqadası çatanadək, artıq ölüm baş vermişdir. Həkimin verdiyi məlumata əsasən, ölümün baş vermə səbəbi “Ölümün digər qeyri-dəqiq göstərilmiş və naməlum səbəbləri” olmuşdur. X2 xarici vətəndaş olduğundan və müvəqqəti olaraq ünvan 4 ünvanına qeydiyyatda olduğu üçün barəsində tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamənin verilməsində problem yaranır. Məlumat üçün bildirilir ki, Ailə həkimin verdiyi məlumata əsasən X2 bu günədək ailə həkiminə müraciət etməmiş, müvəqqəti qeydiyyatda olduğu ünvana getmiş lakin vətəndaş haqqında heç bir məlumat əldə edə bilməmişdir. Ailə həkiminin bildirdiyinə görə X2 xəstəliyi barəsində heç bir tibbi sənəd (epikriz, xəstəliyinə dair müayinə vərəqəsi) olmadığından və ölən günədək vətəndaşı görmədiyi üçün ölüm haqqında tibbi şəhadətnaməni tərtib edə bilmədiyini bildirmişdir Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan məhkəmə iclasında etirazla eyni məzmunlu çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Yevlax rayon TTTYS-nin xx.xx.2023-cu il tarixli xəbərdarlıq vərəqəsi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” Bənd 4.1. “ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X5 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-nin həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. … 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X1 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. … Bənd 5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Təlimat: Bənd 3. Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X5 Stansiyasının (bundan sonra – TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyri-yaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. Bənd 4. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 195. Ölümün dövlət qeydiyyatına alınması qaydası 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 195.2. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.5-1. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. 8.6. Ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. https://eqanun.az/framework/2426 8.14. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. İş materiallarından görünür ki, iddiaçının mərhum qardaşı X3 24 aprel 2023-cü il tarixdə vəfat etməsinə dair işdə mövcud olan yeganə sənəd Yevlax rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Təcili və X5 Stansiyasının (bundan sonra – TTTYS)-nın xx.xx.2023cu il tarixli xəbərdarlıq vərəqəsidir. İddiaçının, cavabdeh orqana qarşı tələbi mərhum qardaşı barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlıdır. İstinad olunan “Qaydalar”ın tələbləri baxımından ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Hazırkı mübahisə üzrə “xəbərdarlıq vərəqəsi”nə əsasən iddiaçının qardaşının ölüm faktının həkim gələnə qədər baş verdiyi məlum olsa da, ölümün səbəbi müəyyən edilmir. Göründüyü kimi ambulator tibb müəssisəsi tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi üçün ölümün baş vermə səbəbi məlum olmalıdır. İddiaçının təqdim etdiyi sənədlər (yalnız “Xəbərdarlıq vərəqəsi”) ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün kifayət deyil. Çünki ölüm səbəbi məlum olmadığı üçün ambulator tibb müəssisəsinin şəhadətnamə verməsi qanunvericiliyə ziddir. Yəni, TTTYS tərəfindən təqdim olunan “Xəbərdarlıq vərəqəsi” ölüm faktını təsdiqləsə də, ölümün baş vermə səbəbi barədə məlumat vermir. Buna görə də, ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İddiaçıya izah olunur ki, hazırkı iddia tələbinə münasibətdə irəli sürdüyü tələb əsassız olsa da, mərhum qardaşının ölüm faktının müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında) aidiyyəti üzrə ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddiaçı X3 cavabdeh “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə qarşı “24 aprel 2023-cü il tarixdə vəfat etmiş mərhum qardaşı – X4 ölüm haqqında tibbi şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-3367/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3367/2024
21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver