Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-337/2025 16.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məmmədli Jalə Rahim qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı vergi ödəyicisi kimi 8 sentyabr 2015-ci tarixdə müvafiq vergi orqanında uçota alınmışdır, əsas fəaliyyət növü “sair ərzaq məhsullarının pərakəndə satışı”dır. İddiaçıya məxsus Ucar rayonu, Pirkənd kəndində yerləşən təsərrüfat subyektində – qarışıq mallar mağazasında operativ vergi nəzarətinin həyata keçirilməsi barədə Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 16 iyun 2022-ci il tarixdə **********3149 nömrəli qərar qəbul edilmişdir. Operativ vergi nəzarəti tədbiri 29 iyun 2022-ci il tarixdə keçirilmiş və tədbirin nəticələri üzrə akt tərtib edilmişdir. Akta əsasən obyektdə 216.751,57 manat məbləğində malın olmadığı müəyyən edilmişdir. Bundan sonra 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicisi kimi iddiaçıya 11 yanvar 2023-cü il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlər tələb edilmişdir. İddiaçı tərəfindən müvafiq sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyindən, 9 saylı Ərazi Vergilər İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsaslanaraq, 2022-ci ilin iyun ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə 39.015,80 manat vergi hesablanması barədə 24 yanvar 2023-cü il tarixli **********931600 nömrəli qərar qəbul etmişdir. Vergi orqanı tərəfindən 24 yanvar 2023-cü il tarixli həmin qərarla hesablanmış vergi məbləği azaldılaraq dəqiqləşdirmələr aparılmış və 2022-ci ilin iyun ayı ƏDV bəyannaməsi üzrə 33.063,80 manat vergi məbləği hesablanması barədə 1 avqust 2023-cü il tarixli **********697200 nömrəli yeni qərar qəbul olunmuşdur. Vergi ödəyicisi İddiaçı inzibati şikayətlə Dövlət Vergi Xidmətinə müraciət edərək, Xidmətin 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 avqust 2023-cü il tarixli **********697200 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Dövlət Vergi Xidmətinin 14 avqust 2023-cü il tarixli **********145000 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmiş və 9 saylı Ərazi Vergilər İdarəsinin 1 avqust 2023-cü il tarixli **********697200 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinə və Xidmətin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “İnzibati şikayətin təmin edilməməsi haqqında” 14 avqust 2023-cü il tarixli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 avqust 2023-cü il tarixli qərarların ləğv edilməsi tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı 2022-ci ilin iyun ayında vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyətini dayandırmşdır. Məlumat verilmədən cavabdeh tərəfindən o, ƏDV qeydiyyatına götürülmüş və ona qanunsuz olaraq 39.015,28 manat vergi məbləği hesablanmışdır. Bundan başqa, ondan həmin dövrün gəlir vergisini də ödəmək tələb olunur. İddiaçı 1 avqust 2023-cü il tarixli qərardakı məbləğlə razılaşmır və cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinin həmin qərarını, eləcə də Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında 14 avqust 2023-cü il tarixli qərarını mübahisələndirir. Cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsi iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki, iddiaçının obyektində keçirilmiş 29 iyun 2022-ci il tarixli operativ vergi nəzarəti tədbirinin nəticəsinə əsasən 216.751,57 manat məbləğində malların obyektdə olmadığı müəyyən edilmişdir ki, bu hal Vergi Məcəlləsinin 67.15 və 155.1-ci maddələrinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat hesab edilmişdir. Qeyd edilən kənarlaşma ilə bağlı fərdi sahibkara vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 11 yanvar 2023-cü il tarixli məktub göndərilərək müvafiq sənədlər (bəyannamə, əsaslandırılmış izahat və s.) tələb edilsə də, vergi ödəyicisi tərəfindən hər hansı sənəd təqdim olunmadığından, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2022-ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsi üzrə 39.015,80 manat vergi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********931600 nömrəli 24 yanvar 2023-cü il tarixli qərar qəbul olunmuş və bu qərar vergi ödəyicisinə göndərilmişdir. Bundan sonra həmin qərara əsasən vergi orqanı tərəfindən əvvəl qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 yanvar 2023-cü il tarixli **********931600 nömrəli qərarla hesablanmış 39.015,80 manat vergi məbləği azaldılaraq dəqiqləşmələr aparılmış və 2022-ci ilin iyun ayı ƏDV bəyannaməsi üzrə 33.063,80 manat vergi məbləği hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********697200 nömrəli 1 avqust 2023-cü il tarixli qərar qəbul olunmuş və bu qərar vergi ödəyicisinə göndərilmişdir. Fərdi sahibkar tərəfindən 2022-ci il ərzində elektron qaimə fakturalar əsasında hər hansı mal, iş və xidmətlərin təqdim edilmədiyi, müvafiq dövr ərzində 78.000,6 manat (ƏDV-siz) dəyərində (o cümlədən iyun ayında 9.782,2 manat) müxtəlif ərzaq məhsulları və tütün məmulatlarının əldə edildiyi, idxal və ixrac əməliyyatlarının aparılmadığı aşkar edilmişdir. Bundan əlavə vergi orqanı tərəfindən 20 iyun 2022-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək fərdi sahibkarın Ucar rayonunun Pirkənd kəndində yerləşən “qarışıq mallar mağazası”nda keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə əsasən 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin “Əlavə 1” hissəsinin mallar sətrində dövrün sonuna 211.657,57 manat mal qalığının olduğu, 1 yanvar 2022-ci il tarixdən 29 iyun 2022-ci il olan dövr ərzində 57.976,06 manat dəyərində malın əldə edildiyi, 2022-ci ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində 10.000 manat dövriyyə məbləğinin bəyan edildiyi və 29 iyun 2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən 44.050 manat dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. Nəticədə nəzarət tədbiri keçirilən dövrün sonuncu gününə 216.751,57 manat dəyərində malların vergi ödəyicisinin təsərrüfat subyektində mövcud olmadığı aşkar olunmuş və bu barədə vergi ödəyicisinə 4 iyul 2022-ci il tarixli bildiriş göndərilmişdir. 2022-ci il ərzində fərdi sahibkarın bank hesabına hesabın möhkəmləndirilməsi təyinatı üzrə 29.491,7 manat vəsaitin (o cümlədən iyun ayı üzrə 6.901 manat) mədaxil olduğu, ƏDV-nin depozit hesabına hər hansı vəsaitin daxil olmadığı, onlayın kassa məlumatlarına əsasən müvafiq dövr ərzində 4.446,98 manat dəyərində (o cümlədən iyun ayında 2.459,43 manat) satış əməliyyatlarının aparıldığı müəyyən edilmişdir. Həmçinin, fərdi sahibkarın 8 oktyabr 2022-ci il tarixdən fəaliyyətinin dayandırılmasına baxmayaraq, 28 iyun 2022-ci il tarixdən etibarən ƏDV qeydiyyatına alındığı və operativ vergi nəzarəti tədbiri keçirilən dövrə 216.751,57 manat dəyərində mal qalığının vergi ödəyicisinin təsərrüfat subyektində aşkar edilmədiyi əsas götürülərək kameral vergi yoxlaması ilə vergi orqanı tərəfindən 2022-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 33.063,8 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisinin ƏDV bəyannanməsi üzrə 2022-ci ilin iyun ayı üçün 39.015,28 manat hesablanmış vergi məbləğinin ləğv edilməsi ilə əlaqədar 15 may 2023-cü il və 27 iyul 2023-cü il tarixli inzibati şikayətləri Dövlət Vergi Xidmətinin 14 avqust 2023-cü il tarixli **********145000 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə təmin edilməmişdir. Vergi orqanı tərəfindən keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən və dəyəri 200.000 manatdan yuxarı olan malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə, təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilməklə ƏDV-yə cəlb olunur və vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə hesablanır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparılır. Vergi ödəyicisinin hazırkı iddianı qaldırması vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğlərini ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Qeyd olunaları nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : İddianın mümkünlüyü: İddia qismən mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: (32.2.1) barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; (32.2.2) barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); (32.2.3) şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Göründüyü kimi, inzibati prosessual qanunvericilik normalarına görə inzibati şikayətlərə baxılması üzrə şikayət instansiyası tərəfindən qəbul edilmiş “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarlar mübahisələndirmə haqqında iddianın predmeti kimi çıxış edə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia “cavabdeh Dövlət Vergi Xidmətinə qarşı inzibati şikayətin təmin edilməməsi haqqında 14 avqust 2023-cü il tarixli **********145000 nömrəli qərarın ləğv edilməsi” hissəsində mümkünsüzdür. İddianın digər cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 1 avqust 2023-cü il tarixli **********697200 nömrəli qərarının ləğv edilməsi hissəsinə gəldikdə isə, məhkəmə iddiaya həmin hissədə mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, iddia müddəti və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia həmin hissədə mümkün sayılmalıdır. Məhkəmə iddianın “cavabdeh Dövlət Vergi Xidmətinə qarşı inzibati şikayətin təmin edilməməsi haqqında 14 avqust 2023-cü il tarixli **********145000 nömrəli qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmaması barədə qərar qəbul etmişdir. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 9.2-ci maddəsinə görə bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunmalıdır ki, Şəki İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərardadı ilə hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərardadı ilə iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərardadı ilə işin baxılması üçün ərazi üzrə məhkəmə aidiyyətinə görə Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materialları Şəki İnzibati Məhkəməsinə daxil olduqdan sonra məhkəmənin 22 aprel 2024-cü il tarixli qərardadı ilə İPM-in 9.2-ci maddəsinə istinadən iş ona baxmaqda səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Ali Məhkəməyə göndərilmişdir. X3 Kollegiyasının 3 iyul 2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddianın əsaslılığı: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********697200 1 avqust 2023-cü il tarixli qərarın ləğv edilməsi tələbinə dair iddiası mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin **********697200 1 avqust 2023-cü il tarixli qərarı qanuna ziddir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin maddənin ikinci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.13) malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. Həmin Məcəllənin 58.8-ci maddəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olan tələblərinə görə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: - (58.8.1) pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; - (58.8.2) malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; - (58.8.3) bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında. Həmin Məcəllənin 72.1-ci maddəsinə görə bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 177.2-ci maddəsinə görə ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Göründüyü kimi, vergi qanunvericiliyi vergi nəzarətini vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirlərinə ayırmaqla təsnifatlaşdırır. Öz növbəsində vergi yoxlamaları səyyar və kameral vergi yoxlamalarına bölünür, operativ vergi nəzarəti isə növlərə ayrılmasa da, bir neçə müvafiq məsələlərdə qanunvericiliyə riayət olunma vəziyyətinə nəzarəti əhatə edir. Operativ vergi nəzarətinin əhatə dairəsinə malların aidiyyəti sənədlər əsasında alınmasına, elektron qaimə-faktura əsasında təqdim edilməsinə və s. nəzarət də daxildir və göstərilən məsələlər üzrə qanunvericiliyin tələblərinin riayət olunmaması halları aşkar olunduqda, nəticə olaraq vergi ödəyicilərinə münasibətdə maliyyə sanksiyası tətbiq edilir. Kameral vergi yoxlamasının nəticələri üzrə isə vergi orqanı vergi ödəyici tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarını müəyyən etdikdə, onun barəsində əlavə vergi məbləğlərinin hesablanması barədə qərar qəbul edir. Vergi nəzarəti formalarının bu növləri təkcə nəticə etibarilə deyil, həm də icraatın aparılması halları və qaydasına görə də fərqli icraatlardır. Əlavə dəyər vergisinə münasibətdə kameral vergi yoxlamasının müvafiq sənədlərin, o cümlədən vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur. Vergi Məcəlləsinə görə vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi üzrə bəyannamə hər hesabat dövründən sonrakı ayın 20dən gec olmayaraq təqdim edilməlidir. Vergi Məcəlləsinin müvafiq müddəalarının məzmunu belə deməyə əsas verir ki, vergi nəzarətinin forması kimi kameral vergi yoxlaması nisbətən dar çərçivəli üsuldur. Bu formanın həyata keçirilməsini qanunvericilik normaları müvafiq hərəkət və müddətlərlə məhdudlaşdırır. Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə görə kameral vergi yoxlamasının keçirilməsi üçün müddətin başlanğıcı müvafiq bəyannamənin verilməsi ilə şərtləndirilir. Bu isə o deməkdir ki, həmin yoxlama sözügedən bəyannamə təqdim edilmədikdə keçirilə bilməz, yaxud bəyannamənin təqdim olunması üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra 30 iş günü ərzində keçirilə bilər. Vergi Məcəlləsinin 83.4-cü maddəsi də məzmununa görə vergi orqanının qanunvericiliyə uyğun vergiləri hesablayıb bu barədə bildiriş göndərilməsini vergi bəyannaməsinin verilməsi və (və ya) əvvəlki hesablamada səhvin olması ilə şərtləndirir. Hazırkı işin hallarında 2022-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi üzrə bəyannamənin 20 iyul 2022-ci il tarixdən sonrakı vaxtda, yəni qanunla müəyyən olunmuş tarixdən gec təqdim edilməsi ilə bağlı hər hansı xüsusat müəyyən edilmir. İddiaçının həmin dövr üçün sonradan dəqiqləşmiş bəyannamə təqdim etməməsi də işin mübahisəsiz halına aiddir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı mübahisənin halları üzrə operativ vergi nəzarəti ilə müəyyən edilmiş hal əsas götürülməklə 6 aydan artıq vaxt keçdikdən sonra kameral vergi yoxlamasına başlamaq və bu yoxlama çərçivəsində həmin halla bağlı zəruri sənədlər və əsaslandırılmış izahat tələb olunması Vergi Məcəlləsi ilə kameral vergi yoxlamasının keçirilmə qaydasına tamamilə ziddir. Bu, yoxlamanın həm “yerlərə getmədən”, həm də “keçirilmə müddəti” kriteriyaları ilə uyğunsuzluq təşkil edir. İnzibati orqan olaraq vergi orqanı vergi nəzarəti formalarını seçməkdə sərbəst olsa da, opeeratov vergi nəzaəri tədbirini və yoxlamanı müvafiq müddətdə başa çatdırmalı və onun nəticəsinin rəsmiləşdirilməsini təmin etməli idi. Halbuki, hazırkı iddiaçının sahibkarlıq fəaliyyəti üzrə vergi orqanının ziddiyyətli xüsusat kimi qiymətləndirdiyi hal, ona kameral vergi yoxlamasının keçirilməsindən 6 aydan artıq vaxt əvvəldən məlum olmuşdur. Bununla da, cavabdeh orqan 24 yanvar 2023-cü il tarixli **********931600 nömrəli qərarı qəbul edərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, «İnzibati icraat haqqında» Qanunun 11 və 48.1-ci maddələrinin tələbləri pozulmuşdur. Bundan sonra sözügedən 24 yanvar 2023-cü il tarixli **********931600 nömrəli qərarla hesablanmış 39.015,80 manat vergi məbləği azaldılaraq dəqiqləşdirmələr aparılmaqla 2022-ci ilin iyun ayı ƏDV bəyannaməsi üzrə 33.063,80 manat vergi məbləği hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********697200 nömrəli 1 avqust 2023-cü il tarixli qərar qəbul olunsa da, sonuncu qərarın qəbulu üçün hansı normaya istinadən bu dəqiqləşmənin aparılmasını müəyyən etmək olmur. Sübutetmə yükü daşıyan cavabdeh orqan 1 avqust 2023-cü il tarixli qərarın qəbulu əsasını təqdim edə bilməmişdir. Vergi ödəyicinin əlavə bəyannamə verməsi barədə xüsusat müəyyən olunmur. Vergi orqanlarının fəaliyyətində formalaşmış inzibati praktika nəzərə alınmaqla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 avqust 2023-cü il tarixli **********697200 nömrəli qərar qəbul olunarkən 24 yanvar 2023-cü il tarixli **********931600 nömrəli qərarın özü də qüvvəsini itirmiş olur. Lakin qeyd olunmalıdır ki, hər bir halda “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 yanvar 2023-cü il tarixli qərar qanunsuz olduğu halda, vergi orqanının onun əsasında dəqiqləşmə aparmaqla qəbul etdiyi 1 avqust 2023-cü il tarixli qərar da qanunsuz sayılmalıdır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 58.2ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (maddə 61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; (maddə 61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; (maddə 61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; (maddə 61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh inzibati orqanın 1 avqust 2023-cü il tarixli **********697200 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Bununla da məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisi kimi hazırkı İddiaçı münasibətdə apardığı kameral vergi yoxlamasının nəticələri üzrə qəbul etdiyi 1 avqust 2023-cü il tarixli **********697200 nömrəli qərar vergi qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən, qanunsuzdur. Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (1 avqust 2023-cü il tarixli **********697200 nömrəli qərar) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaranır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanların məcmusunda məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 avqust 2023-cü il tarixli **********697200 nömrəli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 1 avqust 2023-cü il tarixli **********697200 nömrəli qərarı ləğv edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: ünvan 4
Məhkəmə qərarları › İş №2-1(116)-337/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-337/2025
16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver