Məhkəmə qərarları › İş №2-1(116)-3378/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3378/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3378/2025 18.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Günel Soltan qızının sədrliyi, Məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının və JN-647 F saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsızlığının tanınması və onların qanunsuz sayılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının, 14 yanvar 2005-ci il tarixdə Basqal qəsəbə sakini X5 adına DTXK İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647F saylı kod (********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsızlığının tanınması və onların qanunsuz sayılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, 2004-cü ildə İsmayıllı rayonunun Zeyvə (hazırda Basqal) bələdiyyəsinin qərarına əsasən həmin ərazidə 0,12 ha torpaq sahəsi almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüququm xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Onun həyətyanı torpaq sahəsi bir tərəfdən X14, əks tərəfdən isə Bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə həmsərhəddir. Qonşularından biri atası X8, digəri isə fərdi yaşayış evini hündür daş divarla hasara almış şəxsdir. 3 tərəfdən X14 torpaq sahələri ilə qonşu olan atası X7 məxsus torpaq sahəsinə yeganə yol onun mülkiyyətində olan torpaq sahəsindən keçir. 11 fevral 2025-ci il tarixdə ailə üzvünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona İsmayıllı icra və probasiya şöbəsindən e-icra bildirişi daxil olduğu üçün məlum olmuşdur ki, həmin ərazidə ona məxsus torpaq sahəsi ilə X16 ilə həmsərhəd olan hissədə dəmir dirəklər üzərində quraşdırılmış dəmir darvazanın və çəkdirdiyi metal tor setkanın sökülməsinə dair X3 atası X7 qarşı iddia ərizəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-102/2024 saylı qətnaməsi qəbul edilmişdir. Həmin vaxta qədər heç bir məhkəmədən hər hansı mübahisə barədə ona bildiriş gəlmədiyindən bunu təəccüblə qarşıladı və öyrənmişdir ki, iş üzrə o, yox, cavabdeh kimi cəlb edilmiş atası X8 iştrak etsə də ona heç bir məlumat verilməmişdir. Bundan sonra vəkili vasitəsilə mülki işin materialları ilə tanış olarkən məlum olmuşdur ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 N2-İİ qərarına istinad olunaraq 14 Yanvar 2005-ci il tarixdə Basqal qəsəbə sakini X5 adına DTXK İsmayıılı rayon şöbəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılmış və onun adına JN - 647 F saylı (kod ********) Şəhadətnamə tərtib edilmişdir. Həmin "ərazi" xx.xx.2005-ci ildə X1 və onun adına DTXK İsmayıılı rayon şöbəsi tərəfindən xx.xx.2005-ci ildə JN-851F saylı (kod ********) Şəhadətnamə verilmişdir. Sonuncu, 2021-ci ildə məhkəmədə atası İkram Kərimova qarşı iddia qaldıraraq, həyətyanı sahəyə meşə ərazisindən vəhşi heyvanların girişinin məhdudlaşdırılması üçün tor məftildən çəkilmiş setkanın bir hissəsinin sökülməsini xahiş etmişdir. Halbuki, sökülməsi məhkəmə qətnaməsi ilə nəzərdə tutulan, dəmir dirəklər üzərində quraşdırılmış dəmir darvaza və tor məftildən çəkilmiş setka ona məxsus torpaq sahəsində yerləşməklə onun mülkiyyətindədir. Mülki iş materiallarından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 №-li qərarına əsasən 14 yanvar 2005-ci il tarixdə Basqal qəsəbə sakini X5 adına DTXK İsmayıılı rayon şöbəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılmasına dair JN-647F saylı (kod ********) Şəhadətnamənin verilməsi kobud qanun pozuntuları ilə həyata keçirilmişdir. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 N:-li qərarını və həmin qərara əsasən xx.xx.2005-ci il taixli İsmayıllı rayonu, Basqal qəsəbəsi sakini X5 adına DTXK-nın İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. İddiaçı iddia etdiyi İsmayıllı rayonu, Basqal Qəsəbəsi ərazisində yerləşən 0.12 ha torpaq sahələrinə dair İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 N:-li qərarının, həmin qərara əsasən xx.xx.2005-ci il taixli İsmayıllı rayonu, Basqal qəsəbəsi sakini X5 adına DTXK-nın İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN647 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin etibarsızlığının tanıması və onların qanunsuz hesab edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Eyni zamanda bildirilir ki, İsmayıllı rayonu, Basqal qəsəbəsi sakini X5 adına DTXK-nın İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında verilmiş 0.12 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli, 4-Ə-2-382 saylı notarial alqı-satqı müqaviləsi əsaında X2 və DTXK-nın İsmayıllı rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə X3 adına verilmiş JN- 851 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib edilmişdir. JN-647 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin tərtib edilməsinə əsas olmuş sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”-nin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılmır. Bu səbəbdən də qeyd olunan sənədləri məhkəməyə təqdim etmək tərəflərindən mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3 İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Bənd 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Bənd 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Bənd 16.4.İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Bənd 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. III. MƏHKƏMƏNİN MÖVQEYİ: İddia ərizəsinə əsasən iddiaçı hüquqi marağını İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının və JN-647 F saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsızlığının tanınması və onların qanunsuz sayılması kimi ifadə etmişdir. İddia ərizəsinin məzmunundan və əlavə edilən sənədlərdə görünür ki, iddiaçının hüquqi marağı X5 adına verilmiş JN-647F saylı kod (********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilməsindən ibarətdir. İddiaçı müddətlə bağlı məhdudiyyətdən yayınmaq məqsədi ilə iddianı “Qərar və Şəhadətnamələrin etibarsızlığının tanınması” kimi qeyd etmişdir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi bir neçə mümkünlük şərtini yerinə yetirmir. İlkin olaraq iddiaçı bir iddia ərizəsində bir cavabdehə qarşı, iki ayrı iddia növündə olan tələbini birləşdirmişdir. Belə ki, iddia ərizəsinin “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının ləğv edilməsinə” dair hissədə iddia tələbi “mübahisələndirmə” iddia növündədir. X5 adına DTXK İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647F saylı kod (********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının əsasına verildiyi halda, JN- 647F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” DTXK-nin İsmayıllı rayon şöbəsi tərəfindən verilmişdir. Mümkünlüyü ilkin şərti iddiaçının sözügedən qərarın və şəhadətnamənin etibarsızlığının tanınmasına dair iddia tələbinin irəli sürməsi üçün subyektiv hüququnun mövcud olmamasıdır. Hazırkı iş materiallarına əsasən iddiaçının belə bir subyektiv hüququ mövcud deyildir. Belə ki, iddiaçı iddia tələbinin əsas arqumenti olaraq mübahisəli torpaq sahəsinin X16 torpaqlarına aid olması ilə əsaslandırır ki, bu halda iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ həmin inzibati orqana mənsubdur. Hazırda iddiaçının etibarsız sayılmasını arzu etdiyi “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının qəbulundan 27 ilə yaxın müddət keçmişdir. İnzibati orqanın mübahisələndirilən qərarı qəbul olunan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Göründüyü kimi İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının mübahisələndirilməsi imkanı itirildiyindən onun əsasında X5 adına verilmiş DTXK İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş JN-647F saylı kod (********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin mübahisələndirilməsi də mümkün deyildir. Qeyd etmək lazımdır ki, bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı ilə bağlı iddia “müəyyən etmə və ya tanınma haqqında” iddia növünə aiddir və iddia, tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.” Odur ki, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək iddiaçıya qeyd edir ki, “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının etibarsızlığı ilə bağlı iddia tələbinin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bu isə iddia tələbinin qeyri-mümkün sayılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarının və JN-647 F saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin etibarsızlığının tanınması və onların qanunsuz sayılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar