Məhkəmə qərarları › İş №2-1(116)-338/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-338/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-338/2020 02.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1970-ci ildə İmişli rayonu Cəfərli kəndində anadan olmuş və hazırda Yevlax şəhərində yaşayır. O, 08.06.1988-ci ildən 15.04.1990-cı ilədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Bundan sonra o, N nömrəli hərbi hissə komandirinin 19.01.1993-cü il tarixli N №-li əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Həmin hərbi hissə komandirinin 31.01.1993-cü il tarixli 24 nömrəli əmrində onun adı yanvar 1993-cü ildə Füzuli rayonu döyüş zonasında hərbi tapşırıqları yerinə yetirmiş şəxsi heyətin siyahısında qeyd edilmişdir. Həmin hərbi hissə komandirinin 26.02.1993-cü il tarixli 43 nömrəli əmri ilə o, çilingər vəzifəsinə təyin edilmişdir. Həmin hərbi hissə komandirinin 22.03.1993-cü il tarixli 54 nömrəli əmri ilə o, şəxsi heyətin siyahısından çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Yenə N nömrəli hərbi hissə komandirinin 31.03.1993-cü il tarixli 56 nömrəli əmrində onun adı mart 1993-cü ildə Füzuli rayonu döyüş zonasında hərbi tapşırıqları yerinə yetirmiş şəxsi heyətin siyahısında qeyd edilmişdir. Bundan başqa, o, N nömrəli hərbi hissə komandirinin 09.01.1994-cü il tarixli 3 nömrəli yoxlama əmri ilə şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Yuxarıda qeyd olunan hallarla bağlı iddiaçının НЗ seriyalı № ******* nömrəli hərbi biletində heç bir qeyd yoxdur. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 21.06.2019-cu il tarixli 1/İ-8493 nömrəli cavab məktubunda bildirmişdir ki, iddiaçının hərbi biletində N və N nömrəli hərbi hissələrdə xidməti barədə heç bir qeyd olmadığından xidmət dövrünü aylarla qeyd etməklə Mərkəzi Arxivə müraciət etməsi məqsədə uyğundur. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, 729, N və N nömrəli hərbi hissələrin tərkibində döyüşlərdə iştirak etmişdir. Cavabdeh iddiaya qarşı 22.01.2020-ci il tarixli 11/356 nömrəli etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, cavabdeh iddiaçıya müharibə veteranı adı verməkdən imtina etməmiş, ona yalnız Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etməyi və arxiv sənədlərini əldə etməyi tövsiyə etmişdir. Cavabdehin həmin məktubu imtina məktubu deyildir və aralıq inzibati aktdır. Cavabdeh məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdiyinə görə məhkəmə iclası onun iştirakı olmadan keçirildi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, НЗ seriyalı № ******* nömrəli hərbi biletdən görünür ki, X2 08.06.1988-ci ildən 15.04.1990-cı ilədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05.08.2019-cu il tarixli 9/2-10985 nömrəli məktubundan görünür ki, N nömrəli və N nömrəli hərbi hissə komandirlərinin bəzi əmrlərində iddiaçı barədə məlumatlar vardır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Cavabdeh iddiaya qarşı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və bunu belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıya müharibə veteranı adı verməkdən imtina etməmiş, ona yalnız Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etməyi və arxiv sənədlərini əldə etməyi tövsiyə etmişdir. Cavabdehin həmin məktubu imtina məktubu deyil və aralıq inzibati aktdır. Məhkəmə bununla bağlı aşağıdakıları bildirir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununda deyilir ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. (1.1-ci maddə) Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. (1.2-ci maddə) Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. (20.2-ci maddə) İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (24.1-ci maddə) İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (24.2-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.3-cü maddə) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4-cü maddə) Sadalanan normaların birgə təhlilindən görünür ki, inzibati icraat zamanı inzibati orqan xidməti vəzifəsinə görə işin bütün hallarını araşdırmalı, maraqlı şəxslərin təqdim etdiyi sübutlarla kifayətlənməməli və təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalıdır. Cavabdeh isə həmin normalara uyğun olaraq özü əlavə sübutlar toplamalı olduğu halda, bunu etməmiş və öz öhdəliyini iddiaçının üzərinə qoymağa çalışmışdır. Həm də burada ən maraqlısı odur ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçıya yenidən müraciət etməyi tövsiyə etdiyi orqan elə məhz həmin Nazirlik olmuşdur. Belə olan halda, cavabdehin iddiaçıya Mərkəzi Arxivə müraciət etmək barədə 21.06.2019-cu il tarixli tövsiyəsi aralıq inzibati akt deyil, hətta veteran adı və vəsiqəsi verməkdən imtina da deyil, iddiaçının müraciəti əsasında ümumiyyətlə araşdırma aparmaqdan imtina sayılır. Ona görə də məhkəmə cavabdehin etirazının dəlilləri ilə razılaşmadı və iddianı mümkün hesab etdi. Aşağıdakı hallara görə iddia əsassızdır. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində deyilir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin dördüncü bəndində deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədə xidmət etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur. İddiaçının İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçı cavabdehdən ona müharibə veteranı adı və vəsiqəsi verilməsini tələb etməkdə haqlı deyil. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar