Məhkəmə qərarları › İş №2-1(116)-338/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-338/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-338/2023 01.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1947-ci il tarixli 68 nömrəli doğum haqqında bərpa akt qeydində, Şəki rayon İHB-nın Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli ölüm haqqında akt qeydində ata adının “Abil”-dən “Əbil”-ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə müəyyən etdi İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1947-ci il tarixli 68 nömrəli doğum haqqında bərpa akt qeydində atasının adının “Abil”-dən “Əbil”-ə, Şəki şəhər İHB-nın Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli ölüm haqqında akt qeydində ata adının “Abil”-dən “Əbil”-ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı tələbini dəyişdirərək “xx.xx.1947-ci il tarixli 68 nömrəli doğum haqqında bərpa akt qeydində, Şəki rayon İHB-nın Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli ölüm haqqında akt qeydində ata adının “Abil”-dən “Əbil”-ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsi icraata qəbul edilmişdir İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının atası X2 xx.xx.2008-ci il tarixdə Şəki rayonu Baş Şabalıd kəndində vəfat etmişdir. Atasının ölüm haqqında və doğum haqqında akt qeydlərində, Şəki rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı ********* nömrəli şəxsiyyət vəsiqəsində adı “Abil” qeyd edilmişdir. Lakin iddiaçının və qardaşlarının sənədlərində və torpaq aktında atanın adı “Əbil” kimi qeyd edilmişdir. Cavabdeh Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının ölüm haqqında akt qeydinin səhvən qeyd olunmuş “Abil” adının “Əbil” ilə əvəz olunaraq düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 13 avqust 2022-ci il tarixli, 05/Q-1123/15 saylı imtina məktubu verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Şəki ŞRPŞ-i tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. - Şəki ŞRPŞ -i tərəfindən verilmiş AZE seriyalı 03120453 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1926-cı il tarixdə doğulmuşdur. - Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1967-ci il tarixli 84 nömrəli doğum haqqında akt qeydində iddiaçının atasının adı “Əbil” kimi qeyd edilmişdir. - Şəki rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1947-ci il tarixli 68 nömrəli doğum haqqında akt qeydində iddiaçının atasının adı “Abil” kimi qeyd edilmişdir. - xx.xx.2008-ci il tarixdə Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyi trəfindən tərtib edilmiş 35 nömrəli ölüm haqqında akt qeydində atasının adı “Abil” kimi qeyd edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddia tələbinə münasibət bildirərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Həmçinin, iddia əsaslıdır. Məhkəmə aşağıdakı qanunvericilik normalarının işin hallarına tətbiq edərək hesab edir ki,iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3.-cü bənddə vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsinə əsas olan hallardan biri olaraq göstərilmişdir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Məhkəmə işdə olan sənədləri araşdıraraq müəyyən edir ki, iddiaçının övladlarının “ata adı” qrafasında “Əbil” şəklində qeyd edilmişdir.İddiaçının ata adının “Əbil” deyil, “Abil” formasında qeyd olunması fonetik səslənmə fərqindən yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı

İddia təmin edilir. X1 xx.xx.1947-ci il tarixli 68 nömrəli doğum haqqında bərpa akt qeydində və Şəki Rayon İcra Hakimiyyəti Başçısının Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli ölüm haqqında akt qeydində “adı” qrafasında “Abil”dən “Əbil” ə dəyişiklik edilməsi öhdəliyi cavabdeh “X4 Xidmət Mərkəzi” ndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar