Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-339/2022 27.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayon İcra Hakimiyyəti Başçısının 09 iyul 1997-ci il tarixli 126 saylı sərəncamına əsasən Zərdab şəhərinin 8-ci məhəlləsindən, Azərbaycan küçəsi istiqamətindən, “Şəhidlərin Xatirə parkı”nın qərb tərəfindən boş sahədən sahibkar mağaza tikintisi üçün verilmiş 20 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsində iddiaçının tikdirdiyi mağaza üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zərdab rayon İcra Hakimiyyəti Başçısının 09 iyul 1997-ci il tarixli 126 saylı sərəncamına əsasən Zərdab şəhərinin 8-ci məhəlləsindən, Azərbaycan küçəsi istiqamətindən, “Şəhidlərin Xatirə parkı”nın qərb tərəfindən boş sahədən sahibkar mağaza tikintisi üçün verilmiş 20 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsində iddiaçının tikdirdiyi mağaza üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, Zərdab rayon İcra Hakimiyyəti Başçısının 09 iyul 1997-ci il tarixli 126 saylı Sərəncamına əsasən Zərdab şəhərinin 8-ci məhəlləsindən, Azərbaycan küçəsi istiqamətindən, “Şəhidlərin xatirə parkı”nın qərb tərəfindən boş sahədən sahibkar mağaza tikintisi üçün 20 kv.metr torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi xx.xx.1997-ci il tarixli akta əsasən ona təhvil verilmiş və o, həmin torpaq sahəsində mağaza tikmişdir. Zərdab rayon İHB Aparatının memarlıq və tikinti şöbəsinin müdiri, baş memar tərəfindən həmin tikintiyə icazə verilməsi barədə rəy verilmiş, obyektin layihəsi təsdiq edilmişdir. Obyektin tikintisi xx.xx.2000-cı il tarixdə başlanmış, xx.xx.2001-ci il tarixdə başa çatmış və tikintinin başa çatması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə tərtib edilmiş istismara qəbul aktı təsdiq edilmişdir. İddiaçı həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onlara təqdim olunmuş sənədlərdə Zərdab Rayon İcra Hakimiyyəti Başçısının tikilinin inşa edilməsinə icazəsi barədə qərarının olmamasını əsas gətirərək, qeydiyyatdan imtina etmişdir. Halbuki, həmin tikili xx.xx.2001-ci il tarixdə artıq tam mövcud olmuş və xx.xx.2020-ci il tarixdə istismara qəbul edilmişdir. Artıq Zərdab Rayon İcra Hakimiyyəti Başçısının tikilinin inşa edilməsinə icazəsi barədə qərarının alınması mümkün deyildir. Çünki, əvvəlki tarixə Zərdab Rayon İcra Hakimiyyəti hər hansı qərar verə bilməz. Bununla belə bildirir ki, yuxarıda da göstərdiyi kimi, Zərdab rayon İHB Aparatının memarlıq və tikinti şöbəsinin müdiri, baş memar tərəfindən həmin tikintiyə icazə verilməsi barədə rəy verilmiş, həmin tikili xx.xx.2001-ci il tarixdə artıq tam mövcud olmuş və xx.xx.2020-ci il tarixdə istismar aktı təsdiq edilmişdir. Bu müddət ərzində heç bir inzibati orqan tikintinin qanunsuz olması barədə ona heç bir irad bildirməmişdir. Eyni zamanda həmin tikinti ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Tikintilərini Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair şəhadətnamə verilmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli iddia tələbinə etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Zərdab Rayon İcra Hakimiyyəti başçısının qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə sərəncamının ərizəyə əlavə olunmadığı məlum olmuşdur. Həmçinin, ayrılmış torpaq sahəsinin yerinin dəqiq müəyyən edilməsi üçün vacib olan koordinatlar qeyd olunan sxem və ya digər texniki sənəd vətəndaşın ərizəsinə əlavə olunmamış və tikintiyə dair verilmiş istismara qəbul aktı müvafiq orqanlar tərəfindən təsdiq edilməmişdir. Sözügedən torpaq sahəsindən götürülən koordinatlar elektron baza məlumatlarında yoxlanılan zaman həmin torpaq sahəsinin DWJ faylında ictimai tikili, elektron uçot layında isə dövlət mülkiyyəti kimi qeyd olunduğu məlum olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 126 saylı sərəncamının çıxarışından görünür ki, Zərdab şəhərinin 8-ci məhəlləsindən, Azərbayan küçəsi istiqamədindən, “Şəhidlərin xatirə parkı”nın qərb tərəfindənki bu sahədən sahibkar mağaza tikintisi üçün X2 20 (iyirmi) kv.metr torpaq sahəsi ayrılması, həmin torpaq sahəsindən ölçülüb verilməsi RİHB-aparıtının memarlıq və tikinti işləri hesabına və RİHBnın şəhər üzrə nümayəndəliyinə həvalə edilməsi qərara alınmışdır. - Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair 003637 qeydəalınma nömrəsi xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, Zərdab şəhəri, 8ci məhəllə, Azərbaycan küçəsi istiqamətində sahibkarlıq (mağaza) binasına informativ və statistik xarakterli 90501014-3-2501-003637/0721 nömrəli kod verilmişdir. - xx.xx.1997-ci il tarixli aktdan görünür ki, Zərdab rayon İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 126 saylı sərəncamı ilə Azərbaycan küçəsi istiqamətindən torpaq sahəsin şəhər sakini İddiaçı mağaza tikintisi üzrə təhkim edilmişdir. - qeyri-yaşayış binasının layihəsindən görünür ki, müvafiq sənəd xx.xx.2011-ci il tarixli L-11-022 qeydiyyat nömrəli lisenziya verilmiş “X6 X3 Turizm Energi Sanayi və Ticarət Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş, Zərdab rayon İH-nin Memarlıq və Tikinti şöbəsinin möhürü ilə təsdiq edilmişdir. - Tikinti başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktından görünür ki, şəhərin 8-ci məhəlləsinə, Azərbaycan küçəsi istiqamətində yerləşən mağaza istismara tam hazırdır. - Zərdab Rayon İcra Hakimiyyəti memarlıq və tikinti şöbəsinin xx.xx.2013-cü il tarixli 275 nömrəli arayışından görünür ki, Zərdab şəhər sakini İddiaçı Zərdab Rayon İcra Hakmiyyəti Başçısının 09 iyul 1997-ci il tarixli 126 saylı sərəncamı ilə şəhərin 8-ci məhəlləsində, Azərbaycan küçəsi istiqamətində sahibkarlıq fəaliyyəti məqsədilə 20 kv.metr torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq şəhərin planına əsasən ticarət sahəsi kimi nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsindən yeraltı telefon, qaz, kabel xətlər küçmir. Tikinti işlərinə 1998-ci il tarixdə başlanılmış və 1999-cu il tarixdə başa çatmışdır. Tikinti işləri təsdiq olunmuş layihə əsasında aparılmışdır. İnşa olunmuş obyekt şəhərsalmanın əsas anlayışlarından olan qırmızı, tənzimləmə xətlərini pozmur. Obyekt memarlıq cəhətdən şəhərin görünüşünə xələl gətirmir. Obyekt tikinti norma və qaydalarına cavab verməklə tam yararlıdır. Zərdab şəhər sakini İddiaçı inşa etdiyi tikilinin qeydiyyata alınması məqsədəuyğun hesab edilmişdir. - Zərdab Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 01/1165 nömrəli məktubundan görünür ki, Zərdab şəhər sakini İddiaçı Nuru oğluna Zərdab Rayon İcra Hakimiyyəti Başçısının 09 iyul 1997-ci il tarixli 126 saylı sərəncamına əsasən mağaza tikintisi üçün ayrılmış 20 kv.m torpaq sahəsi üzrə qeyri-yaşayış binasının tikintisi üçün icazə sənədi verilməmişdir. - Ö/004183 №-li xx.xx.2020-ci il tarixli istismara hazırlıq aktından görünür ki, tikintinin başlanması tarixi – xx.xx.2000-ci il, qurtarması isə xx.xx.2001-ci il qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Şəhidlərin Xatirə parkı”nın qərb tərəfindən boş sahədən sahibkar mağaza tikintisi üçün verilmiş 20 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsində iddiaçının tikdirdiyi mağaza üzərində mülkiyyət hüququnun dövlət qeydiyyata alınmasına nail olmaqdır. Cavabdehin təqdim etdiyi məlumatlardan bəlli olur ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzrə mülkiyyət növü elektron uçot məlumatlarında “Dövlət”olaraq qeyd edilmişdir. İddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, həmin torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi yalnız, qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi yolu ilə mümkün olduğundan iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmamışdır. Məhkəmə iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 126 saylı sərəncamına münasibətdə qeyd edir ki, müvafiq sərəncam iddiaçının sözgedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranma əsası kimi nəzərdən keçirilə bilməz. Belə ki, Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 126 saylı sərəncamının qəbul edildiyi vaxt (xx.xx.2000-ci il) qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş, “Yerli icra hakimiyyəti orqanları haqqında” Əsasnamənin 28-ci maddəsinin 1-ci bəndində - müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyəti kimi qeyd edilmişdir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyasının 4-cü maddəsində Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqlarının torpaq bazarının obyekti ola bilməsi qeyd edilmişdir. “Torpaq Məcəlləsinin” mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyasının 86-cı maddəsində (Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri) qeyd edilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları alqı-satqı obyekti ola bilər. Yuxarıda sadalanan normalardan göründüyü kimi, qanunverici dövlət mülkiyyətində olan torpaq sahələri üzərində yalnız istifadə və icarə hüquqlarını alqı-satqı obyekti kimi tanımış və yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsini istifadəyə vermək səlahiyyətini birmənalı olaraq təsbit etmişdir. Odur ki, müvafiq sərəncam iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması əsası kimi nəzərdən keçirilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. xx.xx.2020-ci il tarixli istismara hazırlıq aktı əsasında müəyyən edilir ki, həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının tikintinin başlanması tarixi – xx.xx.2000-ci il, qurtarması isə xx.xx.2001-ci il olmuşdur. Yəni, sözügedən tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2001-ci ildə) inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Göründüyü kimi iddiaçının, sözgedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirilməlidir. İş materiallarından görünür ki, iddia olunan qeyri-yaşayış sahəsi ilə bağlı yalnız, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 126 saylı sərəncamı və tikilinin istismara qəbul aktı mövcuddur. Həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə baxmayaraq, torpaq sahəsi üzərində qeyri-yaşayış binasının inşa edilməsinə icazə barədə qərar qəbul edilməmişdir. Müvafiq icazənin verilməməsi Zərdab Rayon İcra Hakimiyyətinin xx.xx.2021ci il tarixli 01/1165 nömrəli məktubunda da birmənalı olaraq qeyd edilmişdir. Zərdab Rayon İcra Hakimiyyəti memarlıq və tikinti şöbəsinin xx.xx.2013-cü il tarixli 275 nömrəli arayışı isə tikiliyə icazə sənədi kimi qəbul edilə bilməz. Belə ki, arayışın məzmunundan görünür ki, qeyd olunan məlumatlar istismara qəbul aktında qeyd edilmiş məlumatların tamamlanmasına xidmət edir. İşdə olan qeyri-yaşayış binasının layihəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq layihə xx.xx.2011-ci il tarixdə lisenziya almış şirkət tərəfindən tərəfindən tərtib edilmişdir. Yəni, iddiaçının hazırda təqdim etdiyi layihə, müvafiq tikili inşa edilərkən mövcud olmamış və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamış, tikilinin inşasından ən azı 10 il sonra tərtib edilmişdir. Halbuki yuxarıda istinad olunan qanunvericiliyin tələbinə görə tikili inşa edilməzdən əvvəl layihə tərtib edilməli, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalı idi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulan şərtlər tam həcmdə yerinə yetirilmədiyindən cavabdehin orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayon İcra Hakimiyyəti Başçısının 09 iyul 1997-ci il tarixli 126 saylı sərəncamına əsasən Zərdab şəhərinin 8-ci məhəlləsindən, Azərbaycan küçəsi istiqamətindən, “Şəhidlərin Xatirə parkı”nın qərb tərəfindən boş sahədən sahibkar mağaza tikintisi üçün verilmiş 20 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsində tikdirdiyi mağaza binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-339/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-339/2022
27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver