Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-339/2025 25.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri köhnə-karxana yolu Azsantexmontaj Çinar bağçılıq yoldaşlığı tərəfindən ayrılmış 600 kv.m ölçüdə bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri köhnə-karxana yolu Azsantexmontaj Çinar bağçılıq yoldaşlığı tərəfindən ayrılmış 600 kv.m ölçüdə bağ sahəsinə dair onun hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-339/2025 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Mingəçevir şəhəri köhnə-karxana yolu Azsantexmontaj Çinar bağçılıq yoldaşlığı tərəfindən ayrılmış 600 kv.m ölçüdə bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - xx.xx.2006-cı il tarixli arayışa əsasən Mingəçevir “Azsantexquraşdırma” trestinin CMD-nin nəzdində olan 4 saylı bağ sahəsi 1986-cı ildə Rafael adlı şəxsin istifadəsində olmuş və 1990-cı ildə X5 verilmişdir. Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakimiyyətinin nəznində Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən verilmiş “vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki Pasportuna"’ əsasən 1981-ci ildə Mingəçevir şəhəri köhnə-karxana yolu Azsantexmontaj Çinar bağçılıq yoldaşlığı ərazisində 600 kv.m ölçüdə bağ sahəsi ayrılmışdır. Pasporta əsasən 17 yanvar 2006-cı ildən İddiaçı sahibliyində və istifadəsindədir. Qeyd edilən “vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki Pasportunda qonşu bağlar və torpaqlar da qeyd edilmişdir. Belə ki, A-dan B-yə kimi Gülnaz, B-dən V-yə kimi Elxan, Vdən Q-yə kimi Qəribov İkram adlı şəxslərə məxsus olan torpaq sahələri ilə qonşu olmuşdur. Q-dən A-ya kimi isə qoruyucu zolaq-yolla sərhəddir. Texniki Pasportda sahənin planı, bağ sahəsinin yerləşdiyi yerin sxemi öz əksini tapmışdır. Torpaq sahəsinin ayrılması ilə bağlı sənədlərin əldə edilməsi üçün Azərbaycan Respublikası Dövlət X3 da, müraciət etmiş və filialın xx.xx.2024-cü il tarixli məktubuna əsasən filialda mühafizə olunan Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 14 avqust 1986-cı il tarixli 241 saylı qərar ilə Azsantexquraşdırmaya bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. İddiaçı, bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciətin təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının adının Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Azsantexmontaj idarəsinin “Çinar” bağçılığının adlı siyahısında qeyd edilməməsi ilə əsaslandırmışdır. Üçüncü şəxs Mingəçevir bələdiyyəsi iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Azsantexmontaj idarəsinin “Çinar” bağçılığının adlı siyahısının surəti, cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı, Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən verilmiş “vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki Pasportu”. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, çıxarışın və planölçü sənədinin verilməsinə nail olmaqdır. İddiaçı hesab edir ki, bağ təsərrüfatının texniki pasportu sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması üçün hüquq müəyyənedici sənəd qismində qəbul edilməlidir. Təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddia olunan torpaq sahəsi Azsantexmontaj idarəsinin “Çinar” bağçılığına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarında yerləşməklə, yaşayış məntəqələri təyinatlı, bələdiyyə mülkiyyətinə aid ərazidir. Yuxarıda qeyd edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin konkret siyahısı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı tərəfindən təqdim edilmiş Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən verilmiş “vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki Pasportu” istinad olunan maddi hüquq normasında nəzərdə tutulmadığından, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri köhnə-karxana yolu Azsantexmontaj Çinar bağçılıq yoldaşlığı tərəfindən ayrılmış 600 kv.m ölçüdə bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.