Məhkəmə qərarları › İş №2-1(116)-34/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-34/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-34/2020 18.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Qax rayon filialına qarşı "1972-ci ildən 1977-ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində əyani təhsil aldığı 5 il müddətin əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması", cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Xüsusi X3rşı "pensiya təyinatının dəyişdirilməsi, 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, yaranmış fərqin onun pensiyasına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü ildə Qax rayonu İlisu kəndində anadan olmuş, hazırda Qax şəhərində yaşayır. O, xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-planlama, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı ixtisası üzrə tam kursu bitirmiş və ona mühəndis-geoloq ixtisası verilmişdir. O, Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsinin X2 xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək böyük texnik-geoloq, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək mühəndis, xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək geoloq, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək böyük geoloq vəzifələrində işləmişdir. Bundan sonra o, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək Ukrayna SSR "Pavloqraduqol" İstehsalat Birliyinin "Ternovskaya" şaxtasında yeraltı işlərdə tam iş günündə məşğul olan dağ-mədən fəhləsi işləmişdir. Bundan sonra o, xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilədək RSFSR "Yakutskgeologiya" X8 Kəşfiyyat Ekspedisiyasında geoloq vəzifəsində işləmişdir. Daha sonra o, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək Qax Rayon Ovçular Cəmiyyətinin sədri, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək Qax Rayon "Kənd- Kimya" Birliyinin sədri, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək "xxxxxxxxxxxxx" ASC-nin idarə heyətinin sədri, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxxxxxxxxxxx" ASC-də menecer, xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək "xxxxxxxxxxxxxxx" MMC-də (sonrakı adı - "xxxxxxxxxx" MMC) baş direktor vəzifələrində işləmişdir. İddiaçıya xx.xx.2016-cı ildə əlilliyə görə əmək pensiyası təyin edilmiş, həmin vaxt onun əmək kitabçası üzrə olan iş stajının 17 il 6 ay hissəsi sosial sığorta stajına daxil edilmiş, xx.xx.1993-cü ildən sonra işlədiyi müddət isə daxil edilməmişdir. İddiaçı xx.xx.2017-ci ildə 63 yaşına çatdığı üçün onun əmək pensiyası həmin tarixdən etibarən əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. O, pensiya təyin edilərkən nəzərə alınmayan iş stajı ilə əlaqədar məhkəməyə müraciət etmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Qax Rayon "Kənd-Kimya" Birliyində, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək "xxxxxxxxxxxxx" ASC-də, xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Qax Kimya ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi DSMF-nin Qax rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra icra edilmiş, göstərilən müddətlər iddiaçının sosal sığorta stajına daxil edilmiş, onun pensyası xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək yenidən hesablanmaqla 1050,37 manat artım fərqinin ödənilməsinə başlanmışdır. Bundan başqa, İddiaçı DSMF-nin Qax rayon şöbəsinə ərizə ilə müraciət edərək 1972-ci ildən 1977-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsini, eləcə də xx.xx.2011-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin sonuncu özünün xx.xx.2018-ci il tarixli 32/227 nömrəli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, iddiaçıya xx.xx.2016-cı ildə 2-ci qrup əlil kimi əmək pensiyası təyin olunmuşdur. İddiaçının xx.xx.2006-cı ilədək topladığı 17 il 6 ay sosial sığorta stajı vardır. Həmçinin güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il ümumi sığorta stajına malik olmadığına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericliyin tələblərinə görə mümkün deyildir. Bundan başqa, iddiaçının təhsil dövrünün sosial sığorta stajı hesablanarkən nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğundur. Bundan sonra İddiaçı cavabdeh DSMF-nin Qax rayon şöbəsinə qarşı hazırkı iddia ərizəsi ilə müracət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşı xx.xx.2011-ci ildə tamam olmuşdur və 12 il 9 ay 19 gün güzəştli stajı vardır. Cavabdeh DSMF-nin Qax rayon şöbəsi iddiaya qarşı xx.xx.2019-cu il tarixli etirazında bildirmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1200/2018 nömrəli, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli2- 1(107)-693/2018 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-1094/2019 nömrəli qərarlarına əsasən iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Qax rayon kənd kimya birliyi idarəsində, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək Qax rayon kənd kimya ASC-də və xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Qax Kimya ASC-də işlədiyi müddətlər iddiaçının sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2016-cı ildən pensiyası yenidən hesablanmışdır. İddiaçının əmək kitabçası üzrə işlədiyi dövrlər nəzərə alınmaqla sosial sığorta stajı 26 il 07 ay müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 direktorunun xx.xx.2019-cu il tarixli əmrinə əsasən, xx.xx.2019-cu ildən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X7 İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılmışdır. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli sərəncamı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Qax rayon şöbəsi həmin Fondun X7 İdarəsi ilə əvəz edilmişdir. Bundan sonra Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli protokol qərardadı ilə təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi tələbinə görə Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Qax rayon şöbəsi cavabdeh qismində cəlb edilmişdir. Cavabdehlərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər. Bu səbəbdən də işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, B-İ seriyalı 009766 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-planlama, faydalı qazıntı yataqların axtarışı və kəşfiyyatı ixtisası üzrə tam kursu bitirmiş və ona mühəndis-geoloq ixtisası verilmişdir. - İşdə olan, ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsinin X2 xx.xx.1977ci ildən xx.xx.1979-cu ilədək böyük texnik-geoloq, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək mühəndis, xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək geoloq, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək böyük geoloq, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək Ukrayna SSR "Pavloqraduqol" İstehsalat Birliyinin "Ternovskaya" şaxtasında yeraltı işlərdə tam iş günündə məşğul olan dağ-mədən fəhləsi, xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilədək RSFSR "Yakutskgeologiya" X8 Kəşfiyyat Ekspedisiyasında geoloq, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək Qax Rayon Ovçular Cəmiyyətinin sədri, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək Qax Rayon "Kənd-Kimya" Birliyinin sədri, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək "xxxxxxxxxxxxx" ASC-nin idarə heyətinin sədri, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxxxxxxxxxxx" ASC-də menecer, xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək "xxxxxxxxxxxxxxx" MMC-də (sonrakı adı - "xxxxxxxxxx" MMC) baş direktor işləmişdir. - İşdə olan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2-1(84)-1200/2018 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Qax rayon kənd kimya birliyi idarəsində, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək Qax rayon kənd kimya ASC-də və xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Qax Kimya ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaranmış fərqin xx.xx.2016-cı ildən hesablanması qərara alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Qax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il 2-1(84)-1200/2018 nömrəli, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(107)-693/2018 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)- 1094/2019 nömrəli qərarlarına əsasən iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Qax rayon kənd kimya birliyi idarəsində, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək Qax rayon kənd kimya ASC-də və xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Qax Kimya ASC-də işlədiyi müddətlər iddiaçının sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2016-cı ildən pensiyası yenidən hesablanmışdır. İddiaçının əmək kitabçası üzrə işlədiyi dövrlər nəzərə alınmaqla sosial sığorta stajı 26 il 07 ay müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İddia iki hissədən ibarətdir: - 1972-ci ildən 1977-ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində əyani təhsil aldığı illərin əmək stajına daxil edilməsi; - 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi. Məhkəmə iddianın birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək, o cümlədən iddiaçının təhsil aldığı müddətdə qüvvədə olmuş "Dövlət pensiya təminatı" haqqında SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçı həmin Qanunun qüvvəyə mindiyi vaxtdan ali təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək hüququna malikdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında, o cümlədən xx.xx.2006-cı ildən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunda iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən is stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Belə olan halda, iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə iddianın ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin iddiaçının 57 yaşına çatdığı zaman, yəni xx.xx.2011-ci ildə qüvvədə olan redaksiyasında deyilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinəəsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görəəvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işlədiyi zaman yaşa və staja görə tələbləri müəyyən edən Qanun "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu olmuşdur. Həmin Qanunun "Əmək şəraitinə görə güzəştli pensiyalar" adlanan 13-cü maddəsinin 1-ci hissəsində deyilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ""Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər vəəlavələr edilməsi barədə" Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 1-ci bəndinəəsasən, bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan normalara uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı: - 52 yaşına çatdığı tarixə azı 20 il iş stajına və 1 nömrəli siyahısı üzrə azı 10 il staja, yaxud da - 57 yaşına çatdığı tarixə azı 25 il iş stajına və 2 nömrəli siyahısı üzrə azı 12 il 6 ay staja malik olmalıdır. Müəyyən edildi ki, iddiaçı həm ümumi iş stajına, həm də yaşa görə tələblərə cavab verir. Lakin malik olduğu güzəştli iş stajının müddəti ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün kifayət etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı"nın "İ.Dağ-mədən işləri" bəndinin (10100000) "1.Dağmədən işləri" (1010100a) "yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr" nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı"nın "İ.Dağ-mədən işləri" bəndinin (20101000) "1.Açıqda dağ-mədən işləri və yer səthində işlər" (2010100b- 20591) geoloqlar, sahə geoloqları və (2010100b-22177) "istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər" nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının Ukrayna SSR "Pavloqraduqol" İstehsalat Birliyinin "Ternovskaya" şaxtasında xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək işlədiyi yeraltı işlərdə tam iş günündə məşğul olan dağ-mədən fəhləsi 1 №-li Siyahıya, Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsinin X2 xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək işlədiyi böyük texnik-geoloq, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək işlədiyi mühəndis, xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək işlədiyi geoloq, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək işlədiyi böyük geoloq, RSFSR "Yakutskgeologiya" X8 Kəşfiyyat Ekspedisiyasında xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilədək işlədiyi geoloq vəzifələri isə 2 №-li Siyahıya uyğundur. İddiaçının əmək kitabçasında göstərilmişdir ki, o, Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsinin X2 işlədiyi müddətdə çöl işlərində yalnız xx.xx.1977ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək işləmiş, qalan vaxtlarda isə kameral şəraitdə işləmişdir. Onun Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsinin X2 çöl işlərində işlədiyi müddətlərin cəmi 5 il 1 ay 17 gün təşkil edir. İddiaçının "Yakutskgeologiya" X8 Kəşfiyyat Ekspedisiyasında xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilədək geoloq vəzifəsində işlədiyi müddət 4 il 2 ay 20 gündür. Bu müddətləri topladıqda 9 il 4 ay 7 gün təşkil edir ki, bu vəzifələr 2 №-li Siyahıya uyğundur. İddiaçının 1 №-li Siyahı üzrə işlədiyi müddət xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək cəmi 11 ay 6 gündür. Həm 1 nömrəli, həm də 2 nömrəli Siyahılar üzrə iddiaçının işlədiyi müddətlərin cəmi 10 il 3 ay 13 gün təşkil edir. Məhkəmə qeyd edir ki, həmin müddətin hamısı 1 nömrəli Siyahıda nəzərdə tutulmuş peşələrə aid olsaydı, iddiaçı 52 yaşına çatdığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edərdi. Lakin bu müddətin əksər hissəsi 2 nömrəli Siyahıda nəzərdə tutulmuş vəzifələrə aid olduğuna görə və həmin Siyahı üzrə tələb olunan güzəştli staj azı 12 il 6 ay olduğuna görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermir. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, onun Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsinin X2 xx.xx.1977-ci ildən xx.xx.1985-ci ilədək işlədiyi müddət bütövlükdə, yəni çöl şəraitində, yaxud kameral şəraitdə işləməsindən asılı olmayaraq, onun güzəştli stajına daxil edilməlidir. Lakin məhkəmə bununla razılaşmır və qeyd edir ki, əvvəla, iddiaçının əmək kitabçasında hər dəfə çöl işlərinə getdiyi və qayıtdığı tarixlərin qeyd edilməsi təsadüfi və məqsədsiz deyil. Bu qeydlərin aparılmasının məqsədi işçinin həm çöl işlərində olduğu, həm də kameral şəraitdə işlədiyi müddətin dəqiq hesabatının aparılmasından ibarətdir. Digər tərəfdən, iddiaçının işlədiyi mühəndis və geoloq vəzifələrinin göstərildiyi 2 №-li Siyahının 20101000 kodlu bəndinin adında (Açıqda dağ-mədən işləri və yer səthində işlər) da məhz açıqda aparılan dağ-mədən işləri və yer səthində aparılan işlər nəzərdə tutulmuşdur. İşçilərin kameral şəraitdə işi nə açıqda aparılan dağmədən işləri, nə də yer səthində aparılan işlər kimi qəbul oluna bilməz. Bundan başqa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə sorğu edilərək alınmış xx.xx.2020-ci il tarixli 18/114 və 18/115 nömrəli arayışlarda iddiaçının keçmiş X2 1977-1985-ci illərdə çöl işləri üzrə staj günləri 1977-ci ildə 99 gün, 1978-ci ildə 203 gün, 1979-cu ildə 204 gün, 1980-ci ildə 236 gün, 1981-ci ildə 230 gün, 1982-ci ildə 243 gün, 1983-cü ildə 100 gün, 1984-cü ildə 124 gün olmuşdur. Göründüyü kimi, həmin arayışlarda da iddiaçının güzəştli stajı kimi yalnız bilavasitə çöl şəraitində işlədiyi günlər nəzərə alınmışdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının kifayət qədər güzəştli stajı olmadığına görə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə tələbi təmin edilə bilməz. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçının xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Qax rayon filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar