Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-34/2021 08.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı “Mingəçevir bələdiyyəsinin 04 sentyabr 2019-cu il tarixli, 14/1 saylı qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı MMC-nin direktoru X4 cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı (üçüncü şəxs: 11 saylı Ərazi Vergilər Departamenti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir bələdiyyəsinin 25 fevral 2019-cu il tarixli, 14/1 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 09.10.2019-cu il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 11 saylı Ərazi Vergilər Departamentinin 03.07.2018-ci il tarixli **********15317 nömrəli qərarına əsasən iddiaçı "İddiaçı” MMC-də yanvar 2015 - mart 2018 dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 04.07.2018-ci il tarixdə başlanmış və 24.07.2018-ci il tarixdə bitmişdir. Səyyar vergi yoxlamasının nəticəsi 24.07.2018-cu il tarixli **********156003 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında Mingəçevir Bələdiyyəsi tərəfindən 04.09.2019-cu il tarixli 14/1 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya cəmi 117429 manat mədən vegisi hesablanmışdır. Aşağıda göstərilənlərə əsasən iddiaçı, barəsində qəbul edilmiş 04.09.2019-cu il tarixli 14/1 nömrəli Qərarı tamamilə əsassız və qanunsuz hesab edir. İlk öncə qeyd edilir ki, vergi orqanı tərəfindən cəlb edilmiş "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin verdiyi ekspert rəyi əsassızdır və həmin rəydə mədən vergisi ilə bağlı düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, ekspert rəyi verilərkən mənbə qismində yalnızca elektrik enerjisi sərfiyyatı əsas götürülmüş və bu zaman hasilat zamanı faktiki mal itkisi və enerji itkisi düzgün şəkildə və həcmdə nəzərə alınmamışdır. Bunda əlavə hasilat zamanı istifadə olunan avadanlıqların iş gücü düzgün şəkildə qiymətləndirilməmişdir. Həmçinin vergi orqanı tərəfindən rəy verən ekspertin qoyulan suallar üzrə xüsusi biliyə malik olması yoxlanılmamışdır. Verilən rəydən aydın olur ki, ekspertin bu sahədə xüsusi biliyi olmamışdır. Göründüyü kimi vergi orqanı ekspert rəyindən hesablama zamanı mənbə qismində istifadə edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Bundan başqa cavabdeh Mingəçevir bələdiyyəsi tərəfindən 04.09.2019-cu il tarixli 14/1 nömrəli qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi cavabdeh bələdiyyə orqanı iddiaçıya 2015-ci il və 2016-cı ilin yanvar-sentyabr ayları üzrə mədən vergisi hesablayarkən vergi qanuncericiyində nəzərdə tutulmuş 3 illik müddəti ötürmüş və beləliklə iddiaçının xeyrinə olan halları nəzərə almamışdır. Bundan əlavə cavabdeh Mingəçevir bələdiyyəsi mübahisələndirilən qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. İddiaçıya 14.07.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq, iddia ərizəsinə əlavə edilən cavabdehin qərarının tarixi 04.09.2019-cu il olmasına baxmayaraq, texniki səhv olaraq iddia tələbində qərarın tarixi 25.02.2019-cu il göstərilmişdir. Bu səbəblə iddiaçıdan dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil 21.08.2020-ci il tarixli dəqiqləşdirilmiş iddia ərizəsini əlavə edərək göndərmiş və “Mingəçevir bələdiyyəsinin 04 sentyabr 2019-cu il tarixli, 14/1 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 21.08.2020-ci il tarixli, 2-1(116)-168/2020 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddia tələbinə rəsmi münasibət (etiraz) bildirməmişdir. Cavabdeh orqan Mingəçevir bələdiyyəsi məhkəməyə ünvanladığı 17.06.2020-ci il tarixli, 779 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçı tərəfindən bələdiyyəyə qum-çınqıl hasilatı üzrə mədən vergisi bəyannamələri təqdim edilməmişdir. Belə ki, tələb olunan 117429.0 manat mədən vergisi Vergilər Nazirliyi tərəfindən aparılmış yoxlamanın nəticəsi üzrə bələdiyyənin xeyrinə hesablanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Mingəçevir bələdiyyəsinin 04.09.2019-cu il tarixli, 14/1 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin 23.08.2019-cu il tarixli, 1-132 nömrəli tövsiyyə məktubu və bələdiyyə üzvlərinin rəyləri nəzərə alınaraq, “xxxx” MMC-yə 353702.50 manat, İddiaçı MMC-yə 117429.0 manat, “xxxx” MMC-yə 4624.17 manat, “Cahangir-93” firmasına 22040.0 manat, “Gülövşə” firmasına 44705.0 manat, sahibkar X1 23952.89 manat mədən vergisi borcları hesablanaraq təsdiq edilmişdir. İş materiallarında olan “vergi ödəyicisinin uçota alınması haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı MMC ********** nömrəli VÖEN-lə qeydiyyata alınmışdır. İş materiallarında olan Vergilər Nazirliyinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışından görünür ki, İddiaçı MMC-nin əvvəlki təmsilçisi X6 olmuş, hazırkı təmsilçisi isə X3r. Şəki İnzibati Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2-1(116)-168/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmış və hazırkı işin icraatı ekspert rəyi məhkəməyə təqdim edilənə qədər dayandırılmışdır. Mərkəz tərəfindən 21.04.2021-ci il tarixdə 9/5674 nömrə ilə tərtib edilmiş ekspert rəyi Şəki İnzibati Məhkəməsinə 05.05.2021-ci il tarixdə daxil olmuş və məhkəmənin 05.05.2021-ci il tarixli, 2-1(116)-34/2021 nömrəli qərardadı ilə işin icraatı təzələnmişdir. Təqdim olunan 21.04.2021-ci il tarixli, 9/5674 nömrəli ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən mühasibat uçotunda istehsal həcminin mütəxəssis rəyində göstərilən qaydada müəyyən olunması nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilir ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş 10.07.2018-ci il tarixli mütəxəssis rəyi ilə İddiaçı MMC üzrə istehsal edilmiş tikinti qumunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, enerji sərfiyyatı əsasında tikinti qumunun istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəliəsində nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilir ki, rəyin tədqiqi hissəsində göstərilənləri nəzərə alaraq səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 1.828,51 manat məbləğində sadələşdirilmiş verginin, 1913.28 manat məbləğində ƏDV-nin və 123.429.00 manat məbləğində mədən vergisinin az hesablanmasının düzgünlüyü müəyyən olunmur. Qeyd edilir ki, iş materiallarında olan mədən vergisi bəyannamələrinə əsasən İddiaçı MMC tərəfindən 6000 manat məbləğində mədən vergisinin ödənilməsi müəyyən edilir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar 04.09.2019-cu ildə qəbul olunmuş, iddiaçı 02.10.2019-cu ildə poçt vasitəsi ilə iddia ərizəsini məhkəməyə göndərmişdir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və qismən əsaslıdır. Məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair 21.04.2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: -Xammal və materiallar; -Qaytarılmış tullantılar; -Texniki məqsədlər üçün yanacaq enerji və su; -İstehsal fəhlələrinin əsas əmək haqqı; -İstehsal fəhlələrinin əlavə əmək haqqı; -Sosial sığortaya ayırmalar; -Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; -Ümumi sex xərcləri; -Ümumi zavod xərcləri; -Zay məhsul və itkilər; -Sair istehsalat xərcləri; Beləliklə, istehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq “xxxx” MMC tərəfindən verilmiş 10.07.2018-ci il tarixli mütəxəssis rəyində müəssisə üzrə faktiki istehsal edilmiş tikinti qumu məhsullarının faktiki maya dəyəri yanlız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Yəni mühasibat uçotunda istehsal həcminin mütəxəssis rəyində göstərilən qaydada müəyyən olunması nəzərdə tutulmamışdır. “xxxx” MMC tərəfindən verilmiş 10.07.2018-ci il tarixli mütəxəssis rəyi ilə iddiaçı üzrə istehsal edilmiş tikinti qumunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, enerji sərfiyyatı əsasında tikinti qumunun istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi kimi hazırkı iddiaçıya məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində tikinti qumunun istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu, dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, başqa, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Belə ki, Azərbaycan Respublikasının Vergi Məsəlləsinin 12.3-cü maddəsində göstərilir ki, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Bu baxımdan məhkəməsi hesab edir ki, sərf olunan elektrik enerjisi vergitutma obyekti hesab edilmədiyindən, onun əsasında hesablanmış əlavə vergi də qanuni sayıla bilməz. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını bu Məcəllə ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün müddətində əsas olmadan təqdim etmədikdə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərən ərazi. Həmin Məcəllənin 67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicislərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, mövcud qanunvericilik (AR Vergi Məcəlləsinin 67-ci maddəsi) səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da stifadə edilməsi nəzərdə tutulmuşdur. Hansı ki, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər. Həmçinin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara söykənən mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmi müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışdır. Sadalananlar belə nəticəyə gəlməyə əsas verir ki, mübahisələndirilən 04 sentyabr 2019-cu il tarixli qərar qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və sonda əsassız vergi məbləği (mədən vergisi) hesablanmışdır. Beləliklə, cavabdeh mübahisələndirilən 04.09.2019-cu il tarixli 14/1 №-li qərarı qəbul edərkən maddi hüquq normalarının tələblərini pozaraq, iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, Mingəçevir bələdiyyəsinin 04 sentyabr 2019-cu il tarixli, 14/1 saylı qərarı qismən – iddaçıya aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Mingəçevir bələdiyyəsinin 04 sentyabr 2019-cu il tarixli, 14/1 saylı qərarı İddiaçı MMC-yə aid hissədə ləğv edilir. İddia tələbi qalan hissədə təmin edilmir. Ekspert rəyinin verilməsinə çəkilən xərc cavabdehə aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 145 manat cavabdeh Mingəçevir bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifat kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2, Kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-34/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-34/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver