Məhkəmə qərarları › İş №2-1(116)-34/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-34/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-34/2022 04.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “25 ildən çox istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “25 ildən çox istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir şəhərində yerləşən, mülkiyyətçisi və rəhbəri olduğu “Ümid” kiçik müəssisinə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 03.01.1997-ci il tarixli 04 nömrəli Sərəncamı ilə torpaq sahəsi ayrılmışdır. Müəssisəsi bu günədək fasiləsiz olaraq fəaliyyət göstərir. Müəssisə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və müvafiq Şəhadətnamə tərtib edilmişdir. İddaçı istifadəsində olan torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı məhkəməyə 02.03.2022-ci il tarixdə AZ4500/********** nömrəli teleqram ünvanlayaraq cavabdeh orqanla aralarında yaranmış hazırkı mübahisənin həll olunması imkanı yarandığını qeyd etmiş və iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının teleqramını iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmək istəyir. Belə ki, iddiaçının teleqramına əsasən müəyyən edilir ki, tərəflər arasında yaranmış hazırkı mübahisənin məhkəmədən kənar həll edilməsi imkanı yaranmış və bu səbəblə iddiaçı hazırkı iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “25 ildən çox istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar