Məhkəmə qərarları › İş №2-1(116)-34/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-34/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-34/2024 30.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin cavabdeh qarşı “cavabdeh X15 tərəfindən Ağdaş rayonunun Binələr kəndi ərazisində Ağdaş-Ləki (R-14) avtomobil yolunun 9-cu km hissəsində yolun sağ tərəfində dövlət mülkiyyətində olan avtomobil yolunun qorunma (mühafizə) zolağının 12,2 metrliyində inşa etdiyi ət satışı dükanının öz hesabına sökülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən Ağdaş rayonunun Binələr kəndi ərazisində Ağdaş-Ləki (R-14) avtomobil yolunun 9-cu km hissəsində, yolun sağ tərəfində dövlət mülkiyyətində olan avtomobil yolunun qorunma (mühafizə) zolağının 12,2 metrliyində inşa etdiyi ət satışı dükanının öz hesabına sökülməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Ağdaş rayonu Binələr bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2003-cü il tarixli 14 saylı protokoluna əsasən Binələr kənd sakini X6 ət satışı üçün mağazanın tikintisi məqsədilə bələdiyyə mülkiyyətində olan 0,01 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra, yerli icra hakimiyyətindən tikinti işlərinin aparılmasına müvafiq qaydada icazə alınmadan həmin ərazidə cavabdeh tərəfindən ət satışı dükanı inşa olunmuşdur. Kənd sakinlərinin Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə, Milli Məclisinə və müxtəlif dövlət orqanlarına etdikləri çoxsaylı müraciətlərindən sonra, Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq araşdırmalar aparılmışdır. Müəyyən olunmuşdur ki, cavabdehə məxsus ət satışı dükanı Ağdaş Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi və digər aidiyyəti dövlət orqan və qurumları ilə müvafiq qaydada razılaşdırılmadan, respublika əhəmiyyətli Ağdaş-Ləki avtomobil yolunun 9-cu km-də yolun sağ tərəfində, yolun oxundan 12,2 metr məsafədə inşa olunmuşdur. Eyni zamanda, həmin tikili qonşuların divarına bitişik inşa olunmaqla, orada heyvanların kəsimi qüvvədə olan sanitariya normaları kobud şəkildə pozulmaqla həyata keçirilir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, cavabdehə məxsus obyekt tikinti norma və qaydalarına (o cümlədən, 2013-cü ilədək qüvvədə olan “AzDTN 1.6-1. Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydalar”ına), respublika əhəmiyyətli avtomobil yolunun qorunma (mühafizə) zolaqlarının qəbul edilmiş ölçülərinə və ümumiyyətlə şəhərsalma-tikinti qanunvericiliyinin tələblərinə zidd olaraq özbaşına tikinti kimi inşa olunmuşdur. Cavabdehə həmin özbaşına tikilinin sökülməsi təklif olunsa da, o buna məhəl qoymamışdır. Bundan sonra, Rayon İcra Hakimiyyəti müvafiq qaydada Ağdaş Rayon Məhkəməsində X7 və X8 qarşı iddia qaldırmış, 1-ci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, lakin Şəki Apellyasiya Məhkəməsi və Ali Məhkəməsinin Mülki kollegiyası tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsini əsas tutaraq, iddia tələbi təmin edilməmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, 2003-cü ildə o sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiyindən bununla bağlı ət dükanı açmaq üçün torpaq sahəsi ayırmaq barədə Ağdaş rayonu Binələr Bələdiyyəsinə mütaciət etmişdir. Bələdiyyənin xx.xx.2003-cü il tarixli qərarı ilə bələdiyyə torpağına aid sahədən ona ət satışı üçün mağaza tikintisinə 0.01 hektar torpaq sahəsi ayrılmışdır.O həmin sahədə abadlıq işləri aparib, müvafiq təşkilatlardan müsbət rəylər alındıqdan sonra ət dükanını tikmişdir. Ayrılmış sahədə ət dükanını tikilməsi heç kimin hüquqlarını pozmur. 2004-cü ildən başlayaraq ət dükanın arxa hissəsindəki torpaq sahəsini qanunsuz olaraq zəbt edərək ev tikmiş X17 və onun ailə üzvləri hər cür qeyri qanuni vasitələr ilə müxtəlif instansiyalara müraciət edərək həmin ət dükanının sökülməsini tələb etmişlər. Lakin onların tələbi qanunsuz olduğu üçün müxtəlif instansiyalar tərəfindən rədd edilmış, sonda isə məhkəmə qətnaməsi ilə rədd edilmışdir. Belə ki, X17 2004-cü ildə həmin ət dükanını sökülməsi tələbi ilə Ağdaş rayon məhkəməsində mənə qarşı iddia qaldırmış, məhkəmə 04 fevral 2004-cü il tarixli 2-44/2004 saylı qətnaməsi ilə mənim həmin torpaq sahəsini qanuni əsaslarla əldə etdiyini və ət dükanının tikintisi zamanı heç bir qanun pozuntusu olmaması qərarına gələrək, iddia əsassız olduğu üçün rədd edilmişdir. Məhkəmənin həmin qətnaməsindən iddiaçı tərəfindən müxtəlif instansiyalara şikayət edilməsinə baxmayaraq şikayətləri təmin edilməmişdir. Ağdaş rayon Məhkəməsinin 04 fevral 2004-cü il tarixli 2-44/2004 saylı qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməmiş, qanuni qüvvəsini almışdır. X9 mübahisə pretmeti olan ət dükanı ilə qonşuluqda yerləşən yaşayış sahəsində onun faktiki olaraq yaşayan qohumlarının müxtəlif orqanlara, o cümlədən də Ağdaş Rayon İcra Hakimiyyətinə etdikləri şikayətlərdən sonra Ağdaş Rayon İcra Hakimiyyəti ona, yəni X10 və oğlu X11 qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2)- 269(014/202 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.Qətnamədən narazı qaldığımızdan apellyasiya şikayəti vermişik. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1890/2021 saylı, 29 oktyabr 2021ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Ağdaş rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Ağdaş Rayon İcra Hakimiyyətinin cavabdehlər X16 və X12 qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. İş üzrə iddiaçı Ağdaş Rayon İcra Hakimiyyəti və vəkili Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1595/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edimiş, Şəki Apellyasiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə iddiaçı Ağdaş Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh və X12 qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Ağdaş rayonu Binələr bələdiyyəsi tərəfindən ət dükanı tikdirmək məqsədi ilə qanuni əsaslarla ona satılmış torpaq sahəsinin və üzərində inşa edilmiş tikilinin qanuniliyinə artıq məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, məhkəmə qətnaməsi ilə torpaq sahəsinin ona ayrılması və üzərində inşa olunmuş tikili qanuni hesab edilmişdir. Belə ki, tikil i qanuni yolla əldə edilmiş torpaq sahəsi üzərində inşa olunduğundan, avtomobil yolunun mühafizə zolağında, yəni Dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edilmədiyindən və qonşu divarında inşa olunmadığından məhkəmənin həmin qətnaməsi ilə tikili özbaşına tikili hesab edilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh etiraz məktubunun məzmuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Ağdaş rayon Binələr Bələdiyyəsinin ümumi iclasının 14 saylı protokolundan görünür ki, bələdiyyə mülkiyyətindən Binələr kənd sakini X13 ət satışı üçün mağaza tikintisinə 0.01 ha torpaq sahəsi ayrılmışdır.

2. 09.12.2019-cu il tarixli, 03-Q-00015 nömrəli Azərbaycan Respublikası Qida X4 Məhsulları Sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarışdan görünür ki, cavabdehə məxsus ət satışı dükanı qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt qida təhlükəsizliyi qeydiyyatına alınmışdır.

3. Dövlət Enerji-nəzarət İdarəsi Mingəçevir Regional Sektorunun xx.xx.2010-cu il tarixli 03-10/6-4 nömrəli aktındn görünür ki, X13 məxsus Ləki qəsəbəsi, Binə kəndinin ərazisində yerləşən ət köşkü istismara yararlıdır.

4. Ağdaş rayon Güvəkənd Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 58 nömrəli arayışından görünür ki, Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin sahəsi olan Binələr kəndinin ərazisində yerləşən X3 istifadəsində olan ət dükanının yerləşdiyi torpaq sahəsi ümumi istifadədə olan torpaq kateqoriyalarına aid deyil. Həmin sahə yaşayış məntəqəli torpaq sahəsidir və bələdiyyənin qərarı və keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi və xəritəsi ilə 2003-cü ildə həmin ərazi X1.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi Ağdaş rayon X14 xidmətinin xx.xx.2003-cü il tarixli İ/2-166 nömrəli məktubundan görünür ki, X13 Ağda.- Pirəzə yolunun sağ tərəfində mağaza binasının tikintisinə Ağdaş rayon X20 orqanı heç bir etiraz etmir.

6. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon Şöbəsinin məktubundan görünür ki, Şöbə 0.01 ha torpaq sahəsinin mağaza tikintisi üçün satılmasına etiraz etməmişdir.

7. Ağdaş Rayon Məhkəməsinin 2(014)-269/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ağdaş rayon İcra Hakimiyyətinin cavabdehlər X16 və X12 qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin təmizlənməsi” tələbinə dair iddiası təmin edilmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1890/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-269/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilmiş, cavabdehlərin apellyasiya şikayəti təmin edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1595/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1890/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin kassasiya şikayəti qismən təmin edilmişdir.

10. Agentliyin Baş Dövlət Tikinti Müfəttəşliyinin xx.xx.2022-ci il tarixli aktının surəti

11. Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkəti Yol İstismar İdarəsinin xx.xx.2003-cü il tarixli 82 nömrəli arayışından görünür ki, X7 0.01 ha torpaq sahəsinin ayrılmasına mağaza tikintisi üçün torpaq sahəsi ayrılan zaman Nazirlər Kabinetinin 17 noyabr 1989-cu il tarixli 461 saylı qərarı və “Avtomobil yolları haqqında” qanun nəzərə alınaraq torpaq sahəsi ayrılsın və ondan sonra tikinti quraşdırma işlərinin aparılması şərti ilə razılıq verilmişdir.

12. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli 11- 1/2-103xx-xx/2023 nömrəli məktubu.

Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı cavabdehin yolun mühafizə zonasında inşa etdiyi ət satışı dükanının öz hesabına sökülməsi barədə qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir.İş materiallarına əsasən müəyyən edilir ki,tərəflər arasında hazırkı tələblə bağlı mülki icraat qaydasına məhkəmə çəkişməsi olmuşdur,nəticə etibarı ilə iddiaçının tələbindən cavabdeh məlumatlı olduğundan iddia tələbi mümkünlük şərtinə cavab verir.Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin : 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il Fərmanına əsasən Məcəllənin 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması” Qaydası : 1.1. Bu Qayda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 92.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri (bundan sonra – tikinti işləri) zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir. 1.2. Bu Qaydanın əsas məqsədi tikinti işləri zamanı sifarişçi və podratçı tərəfindən qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin (bundan sonra – normativ sənədlər) tələblərinə riayət olunmasını təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuların qarşısının vaxtında alınması və aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirməkdən ibarətdir. 1.4. Bu Qaydaya uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X5 Agentliyi (bundan sonra - Agentlik) və Tikintidə X5 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən qorunma (mühafizə) zolağı - təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir. Həmin Qanunun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki,sökülməsi iddia olunan torpaq sahəsi cavabdehə müvafiq qaydada ayrılmışdır.Həmin torpaq sahəsinin ayrılması aparılmış məhkəmə araşdırması çərçivəsində öz təsdiqini tapmışdır. Belə ki, Ağdaş rayon Güvəkənd Bələdiyyəsinin (“Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması” haqqında 30 may 2014-cü il tarixli Qanuna əsasən Binələr və Güvəkənd bələdiyyələrinin əhatə etdiyi Binələr, Davudlu, Əmirarx və Güvəkənd kəndlərində Güvəkənd bələdiyyəsi yaradılmışdır) xx.xx.2022-ci il tarixli 58 nömrəli arayışından görünür ki, Ağdaş rayonu Güvəkənd bələdiyyəsinin sahəsi olan Binələr kəndinin ərazisində yerləşən X3 istifadəsində olan ət dükanının yerləşdiyi torpaq sahəsi ümumi istifadədə olan torpaq kateqoriyalarına aid deyil. Həmin sahə yaşayış məntəqəli torpaq sahəsidir və bələdiyyənin qərarı və keçmiş torpaq və xəritəçəkmə rəyi və xəritəsi ilə 2003-cü ildə həmin ərazi X1. İddiaçının hazırkı iddia tələbinə əsasən istinad etdiyi cavabdeh tərəfindən ət dükanının Ağdaş rayonunun Binələr kəndi ərazisində Ağdaş-Ləki (R-14) avtomobil yolunun 9-cu km hissəsində, yolun sağ tərəfində dövlət mülkiyyətində olan avtomobil yolunun qorunma (mühafizə) zolağının 12,2 metrliyində inşa etdiyinə dair sübutu əsassızdır.Belə ki,tikinti obyektinin inşa edildiyi ərazi yaşayış məntəqəsi olduğundan yolun mühafizə zolağı nəzərdə tutulmamışdır. Verilmiş sorğuya cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli 11-1/2-103xx-xx/2023 nömrəli məktubundan görünür ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudları daxilində yerləşən avtomobil yollarının qorunma (mühafizə) zolaqları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu səbəbdən, sözügedən qeyri-yaşayış obyektinin (ət satışı dükanı) yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı müəyyən edilmir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin cavabdeh X13 qarşı “cavabdeh tərəfindən Ağdaş rayonunun Binələr kəndi ərazisində Ağdaş-Ləki (R-14) avtomobil yolunun 9-cu km hissəsində yolun sağ tərəfində dövlət mülkiyyətində olan avtomobil yolunun qorunma (mühafizə) zolağının 12,2 metrliyində inşa etdiyi ət satışı dükanının öz hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar