Məhkəmə qərarları › İş №2-1(116)-340/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-340/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-340/2022 12.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X12, üçüncü şəxslər X7, X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “İşıq və qaz xəttləri keçməyən torpaq sahəsindən olmaqla İddiaçı, X13, X6 və X1 adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, işıq və qaz xəttləri keçməyən torpaq sahəsindən olmaqla İddiaçı, X13, X6 və X1 adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 26 sentyabr 1996-cı il tarixli qərarı ilə Zaqatala rayonu “İ.Qayıbov” adına kolxozunun aqrar islahatı proqramının və kompleks yerquruluşu layihəsinin təsdiq edilmişdir. Zaqatala rayonu Çobankol bələdiyyəsi tərəfindən verilən arayışda İddiaçı, X8, X4 və X3 hər birinə 0,34 ha olmaqla ümumilikdə 1,36 ha torpaq sahəsi ayrılmışdır. Lakin 0,61 ha torpaq sahəsinin və 0,09 ha ölçülü torpaq sahələrinin kadastr blankları çap olunmadığına görə iddiaçıya və ailə üzvlərinə təqdim olunmamışdır. Hal-hazırda iddiaçı və ailə üzvlərinin istifadəsində olan 0,61 ha torpaq sahəsinin orta hissəsindən yüksək gərginlikli 2 növ işıq xətti keçir. Həmçinin yerin orta hissəsində yerin altından da magistral qaz xətti keçir. Nəticədə iddiaçı və ailə üzvləri torpaq sahəsinin 0,40 ha torpaq sahəsindən istifadə edə bilmirlər. Odur ki, həmin xəttlərin keçmədiyi torpaq sahəsindən olmaqla iddiaçıya müvafiq olaraq torpaq sahəsinin çıxarışı və plan və ölçü sənədinin verilməsi üçün o, cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 29.10.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ünvan 1i ünvanında yerləşən 0,61 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti keçir. Buna görə də İddiaçı ərizəsinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ona 22.09.2021-ci tarixli, **********20 nömrəli məktub göndərilmişdir. Mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər 18 saylı Zaqatala Ərazi İdarəsində aşkar edilməmişdir. Lakin həmin 0,61 ha torpaq sahəsinin (DWJ və DBF) elektron məlumat bazası mövcuddur. Qeyd olunan məlumatlar elektron daşıcılarda olduğundan həmin məlumat bazasından edilmiş çıxarışların təqsdiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan Elektrik Şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinə qeyd olunan qaydalara uyğun olaraq mühafizə zonaları nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, dövlətin obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 12.05.2022-ci il tarixli 2-1(116)-340/2022 nömrəli qərardadı ilə X13 və X6 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıdan Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddia tələbini dəqiqləşdirmək məqsədilə faktiki istifadəsində olan torpaq sahəsinə çıxarış istəyibistəmədiyi aydınlaşdırılmış, cavabdehin nə torpaq sahəsi ayırmaq, nə də hüquqmüəyyənedici sənəd olmadan torpaq sahəsini şəxslərin adına qeydiyyata almaq və çıxarış vermək səlahiyyətinə malik olmadığı izah edilmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını, onlara başqa ərazidən torpaq sahəsinin verilərək qeydiyyata alınması və çıxarışın verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddiaçının izahatını təsdiq edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdə olan: Zaqatala rayon Dövlət Arxivinin 15.10.2021-ci il tarixli 106 nömrəli məktubuna əlavə edilmiş subyektlər siyahısının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı və ailə üzvlərinin istifadəsində 0,12 ha torpaq sahəsi vardır. Zaqatala rayon Çobankol bələdiyyəsinin 07.08.2021-ci il tarixli arayışında qeyd olunur ki, iddiaçı və onun ailə üzvlərinin adında Bazar kəndi ərazisində 1,36 ha pay torpaq sahəsi vardır. Lakin 0,61 ha və 0,09 ha ölçülü torpaq sahələrinin kadastr blankları çap olunmadığına görə mülkiyyətçiyə təqdim edilməmişdir. 068277 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X5 16.02.2020-ci il tarixdə vəfat etmişdir. Zaqatala EŞ-nin 02.09.2021-ci il tarixli məktubunda qeyd olunur ki, iddiaçıya məxsus torpaq sahəsindən 110 kv-luq 1-ci və 2-ci Zaqatala hava xətti və 10 kv-luq kökəltmə hava xətti keçir. "xxxx" MMC-nin 22.04.2022-ci il tarixli məktubuna əlavə edilən mütəxəssis rəyində qeyd olunur ki, Zaqatala rayonu Bazar kəndi ərazisində yerləşən və iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsi elektron məlumat bazasında İddiaçı və onun ailə üzvlərinin adına 57C cizgisində 0,61 ha torpaq sahəsi xüsusü mülkiyyətlərinə işlənilmişdir. İddiaçı həmin ərazidə xüsusi mülkiyyətinə işlənilmiş 57C cizgisində göstərilən 0,61 ha torpaq sahəsinə bitişik olan 1,03 ha ərazi Zaqatala rayonu Qımır bələdiyyəsinin Bazar kəndi ərazisində Qımır bələdiyyəsinin mülkiyyətinə aid X9 torpaqlarına aiddir. Həmin torpaq sahəsi İddiaçı istifadəsindədir. Torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi 0,61 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmçinin 0,61 ha torpaq sahəsinin iddiaçı və onun ailə üzüvlərinin mülkiyyətinə verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər məhkəmə araşdırması ilə də aşkar edilməmişdir. Eyni zamanda iddiaçı faktiki olaraq istifadə etdiyi deyil digər torpaq sahəsinin verilməsi və adına qeydiyyata alınması tələbi ilə hazırkı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi nə torpaq ayırmaq, nə də hüquqmüəyyənedici sənəd olmadan torpaq sahəsini şəxslərin adına qeydiyyata almaq və çıxarış vermək səlahiyyətinə malik deyildir. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia mümkün hesab edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “İşıq və qaz xəttləri keçməyən torpaq sahəsindən olmaqla İddiaçı, X13, X6 və X1 adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar